31 may 2024 23:45
316

Azərbaycan beynəlxalq tədbirlərin təşkil edildiyi məkan kimi tanınır

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan etibarlı tərəfdaş kimi həmişə ehtiyacı olanlara kömək etməyə hazırdır və bu köməyi göstərir, bu da qiymətləndirilir 

Azərbaycan yeni dövrə qədəm qoyub. Yeni dövrün başlanğıcı kimi dəyərləndirilən 20 sentyabr 2023-cü ildə suverenliyimizin tam bərpa edilməsi müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən növbədənkənar prezident seçkilərinin keçirilməsini bir zərurətə çevirdi. 7 fevral 2024-cü il prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyev andiçmə mərasimində ötən illərin uğurları fonunda qarşıdakı dövrün hədəflərini açıqlayarkən enerji sektorunda atılacaq addımları da diqqətə çatdırdı. “Ənənəvi yanacaq növləri - neft-qaz sahəsində işlər davam etdiriləcək. Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir, hesab edirəm ki, yaxın gələcəkdə nəticələr olacaq. Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq. Müəyyən narahatedici məqamlar olub və işgüzar qaydada təmaslar əsnasında bu məsələlərin həlli gözlənilir” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki,  artıq səkkiz ölkəyə təbii qaz ixrac edirik: “Tələbat daha böyükdür, ilk növbədə, təbii ki, Avropa İttifaqı məkanından. Bizdən xahiş edənlərin sayı artır ki, biz kömək edək. Bax, bizə edilən xahişlər bu məqsədi daşıyır. Biz isə etibarlı tərəfdaş kimi həmişə ehtiyacı olanlara kömək etməyə hazırıq və bu köməyi göstəririk, bu da qiymətləndirilir. Düzdür, hər zaman qiymətləndirilməsə də, prinsip etibarilə bu vəziyyət bizi qane edir.”

Dövlətimizin başçısı bu hədəfi də diqqətə çatdırdı ki, gələcəkdə ixrac coğrafiyamız artacaq. Yeni resurs bazamız işə salınıb. “Şahdəniz” yatağından sonra ikinci resurs bazamız “Abşeron” qaz-kondensat yatağından ilk qaz çıxarılıb və yəqin ki,  yaxın gələcəkdə bu yatağın işlənilməsinin ikinci mərhələsinə də başlayacağıq. Gələn il “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarından qaz hasilatı nəzərdə tutulur. Bu da  resurs bazamızı artıracaq. Bundan əlavə  “Ümid”, “Babək”, “Şəfəq”, “Asiman”, “Qarabağ” neft və qaz-kondensat yataqlarından hasilata başlamaq üçün bir çox xarici investorlar tərəfindən təkliflər var: “Vaxtilə bizi istəməyən qüvvələr şayiə yayırdılar ki, Azərbaycanda neft yoxdur. Azərbaycan 1997-ci ildən bəri neft hasilatını yüksək səviyyədə saxlayır və bir çox ölkələrə neft ixrac edir. Sonra deyirdilər ki, Azərbaycanda qaz yoxdur. Təbii ki, bu da cəfəngiyatdır, bax, sadaladığım bu yataqlar onu əyani şəkildə göstərir.”

Cənab İlham Əliyevin bu hədəfləri açıqladığı vaxtdan çox az bir zaman keçib. Bu ilin martında ənənəvi keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarındakı çıxışında Prezident İlham Əliyev Azərbaycanın ötən bir ildə enerji sektorunda qazandığı uğurlardan geniş bəhs etdi. Yaxln günlərdə isə ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz sərgisi keçiriləcək. İyunun 4-6-da keçirilməsi nəzərdə tutulan,   regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi  özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumu. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.

Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirakını təsdiq edib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edəcək. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.

Onu da qeyd edək ki, bu il Bakı Enerji Həftəsi əhəmiyyətli hadisəyə təsadüf edir. Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Təbii ki, Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan  “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövrün təhlili, enerji sektorunda qazandığımız uğurlar, dünyanın enerji xəritəsini dəyişən enerji layihələri, Azərbaycanın hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması istiqaməyində atdığı addımlar geniş təhlil ediləcək. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçirildi ki, bu, Azərbaycanın iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Bu il ilk sərginin keçirilməsinin 30 illiyi də tamam olur.

Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Ölkə Prezidenti çıxışlarında daim bildirir ki,  bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində   hamımız tərəfdaşlarımızla  iştirak edəcəyik.  Bu məqam da önə çəkilir ki, əgər əvvəlki dövrlərdə enerji sahəsində məsələlər  öz həllini tapmasaydı,  Cənub Qaz Dəhlizindən söhbət belə  gedə bilməzdi. Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin təqdimatıdır. Belə ki, əvvəlcə regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas aldı. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrildi. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlətlər, xalqlar arasında körpü daha da möhkəmləndi, yeni tərəfdaşlar qazandıq. Bu gün Cənub Qaz Dəhlizi layihəsinin həm Azərbaycana, həm də iştirakç ölkələrə uğurlar qazandırmasından bəhs etməyimiz də bunun nəticəsidir. Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin 2014-cü ildə keçirilən təməlqoyma mərasimində bu hadisəni görülən işlərin zirvəsi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev bildirir ki, biz öz enerji təhlükəsizliyimizi  çoxdan təmin etmişik və bu gün başqa ölkələrin  enerji təhlükəsizliyinin təmin edilməsində  öz rolumuzu oynayırıq.  Bu rol müsbət roldur.  Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz  və yanaşmamız ondan ibarətdir ki,  enerji resursları əməkdaşlığı  dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki,  biz bu siyasəti apararaq  öz milli maraqlarımızı təmin  edirik.  Bu gün  həm bölgədə, həm dünyada  bizim maraqlarımız təmin edilir.

Azərbaycan hazırda Avropanın etibarlı tərəfdaşı kimi tanınır və nüfuz qazanıb. Ölkəmizin Avropa İttifaqı (Aİ), eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrinin  inkişafı göz önündədir. Artan ehtiyacı təmin etmək üçün  sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacımız var. Bu məqsədlə  artıq  Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Onu da qeyd edək ki, 2022-ci ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Dövlət başçısı İlham Əliyev bildirir ki,  Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Planda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanıb. Cənab İlham Əliyev bu əminliyi ifadə edir ki,  biz buna nail olacağıq.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanda qaz hasilatı artır. Yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda,  genişmiqyaslı yaşıl gündəliyimiz  icra edilir. Bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması  qaza qənaət etmək imkanı yaradacaq.  Təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaq.

Avropa Komissiyasının rəsmilərinin  ölkəmizə səfərləri çərçivəsində keçirilən görüşlərdə də hər zaman   bu inam ifadə edilir ki,  Azərbaycan Avropa İttifaqına  mümkün qədər yaxın olmaq arzusundadır və bu əlaqələrin  gələcəkdə böyük potensialı vardır. 2011-ci ildə  Azərbaycanla Avropa İttifaqı arasında imzalanan  «Cənub Qaz Dəhlizi haqqında» Birgə Bəyannaməni əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirən qurum  rəsmiləri  Azərbaycanın bu gün Aİ-nin ən böyük və etibarlı enerji  tərəfdaşlarından biri olduğunu bildirirlər.  Qeyd edək ki, 2011-ci ildə imzalanan  Birgə Bəyannamədə  ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilərək, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilmişdir. Dövlət başçısı, eyni zamanda,  bu əminliyi ifadə etmişdir ki,  imzalanmış sənədlər uğurla  həyata keçiriləcək və  Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı  və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcək.  Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq. 

Əvvəldə də qeyd etdiyimiz kimi, dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan  Azərbaycanın  inkişaf  strategiyası  qabaqcıl təcrübə kimi nümünə  göstərilir.  Enerji amilinin gündəlikdə prioritet məsələlərdən biri  kimi dayandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməli, millətləri, xalqları bir-birinə birləşdirməlidir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bolgədə regional əməkdaşlığın genişlənməsi üçün  etibarlı təminatdır. Xarici ölkələrə səfərləri zamanı  da Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində  ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına  əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını  artıran  Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi butun layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır.

Ölkəmizin qitə dövlətləri üçün etibarlı tərəfdaş olması daim qeyd olunur.  Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin  diqqətdə saxlanılacağını  vurğulamaqla qeyd edir ki, Avropa  Azərbaycan qazı üçün mühüm bazara  çevriləcək, eyni zamanda,  Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə  xidmət edən önəmli layihədir.

Dünya enerji bazarında  mövqeləri möhkəmlənən, investisiya imkanları  artan Azərbaycanın təşəbbüsləri dəstəkləndiyi kimi, mövqeləri də möhkəmlənməkdədir. Dövlət başçısı bir məqamı da xüsusi qeyd edir ki, birinci böyük layihələrin icrası nəticəsində  bizim şirkətlərimiz, demək olar ki,  ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Mən də  onlara bunu tövsiyə edirdim və eyni zamanda,  Azərbaycanda  belə bir şərait yaratmışıq ki,  buraya  investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki, lazımdır və biz də dövlət kimi  bunu edirik. Bu fikir də hər zaman önə çəkilir ki,   sabitlik  iqtisadi inkişafın əsas məsələsidir. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu mühüm məqamı xüsusi qeyd edir ki, biz o vaxt - 1990-cı illərin əvvəllərində ən riskli sayılan ölkəyə Ulu Öndərin yorulmaz səyləri nəticəsində milyardlarla dollar investisiya gətirə bilmişik: “Haraya? Neft sektoruna. Heç qaz layihələrinə o qədər də maraq yox idi. Çünki bizim üçün ən cəlbedici sektor bu idi. Amma bu gün qeyri-neft sektoruna investisiya qoymaq üçün böyük şirkətlər müraciət edir və müraciətlərin sayı artır. Çünki bütün bu amillərin vəhdəti bunu təmin edir. İnvestisiya iqlimi, böyük şirkətlərlə bizim əməkdaşlığımız, siyasi sabitlik, əlbəttə, İkinci Qarabağ müharibəsindəki Qələbə investorları daha da inandırdı. Çünki artıq müharibə riskləri yoxdur. Eyni zamanda, Azərbaycana olan münasibət, onsuz da müsbət münasibət daha da müsbətə doğru dəyişdi.»

«Əsrin müqaviləsi»nin imzalanmasından ötən 30 illik yola bələdçilik edən uğurlarımızın fonunda bu fikri böyük inamla qeyd edə bilərik ki,   neft-qaz layihələrimiz, kəmərlərimiz Azərbaycanı  dünya miqyasında  çox önəmli  enerji hasilatçısı  kimi ciddi ölkəyə çevirib.   Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yerinin və rolunun hansı səviyyədə olmasına, eyni zamanda, «Əsrin müqaviləsi»ndən ötən dövr ərzində  uğurlarımıza və Cənub Qaz Dəhlizinin əhəmiyyətinə işıq salan çox sayda fikirləri qeyd edə bilərik. Ümumi rəy bundan ibarətdir ki, Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyası daha böyük uğurlara stimul verir. “Əsrin müqaviləsi”nin davamı olaraq “Yeni əsrin müqaviləsi”nin imzalanması ölkəmizin etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir.

Azərbaycan bərpaolunan enerji sahəsində də böyük potensialı ilə diqqətdədir. Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bu sahədə möhkəm əməkdaşlıq üçün güclü zəmin yaratmış oldu. Bununla da Azərbaycan tədricən Avropa İttifaqının neft və qaz təchizatçısından daha çox etibarlı bərpaolunan enerji təchizatçısına çevriləcək.

Göründüyü kimi, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən Azərbaycan  malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etməklə yeni dostlar, tərəfdaşlar qazanır. Bugünümüzün reallıqları Ulu Öndər Heydər Əliyevin  «Əsrin müqaviləsi»nin imzalanmasından öncə söylədiyi «Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına  iqtisadi tərəqqiyə nail ola bilməz» fikirlərinin təsdiqidir. Azərbaycanın enerji tərəfdaşlarının sayı artdıqca, layihələrdə iştirak edən dövlətlərin coğrafiyasının genişlənməsi gələcəyə daha böyük inamla addımlamağa stimul verir.

Azərbaycanın enerji sektorunda qazandığı uğurlar, nəqliyyat-logistika imkanlarının artması, son 20 ildən artıq dövrdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar və yüksək nəticələr yeni neft strategiyasının uğurlarının təqdimatında əhəmiyyətli rol oynayır. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı prioritet məsələ kimi öndədir. Ölkəmizin enerji siyasətinin üçüncü mərhələsi kimi dəyərləndirilən bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsi geniş müzakirə edilir. Bu ilin noyabrında ölkəmizin ev sahibliyi edəcəyi COP29 həm Azərbaycanın, həm də tədbirə qatılan digər ölkələrin bu sahədə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayacaq. Yeni əməkdaşlıq formatlarının yaradılması üçün imkanlar genişlənir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkəmizin dünyada beynəlxalq və genişmiqyaslı tədbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. Belə genişmiqyaslı hadisə ərəfəsində enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha vurğulayacaq.  Bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”dir. Təkcə bu faktın özü Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsində nə qədər maraqlı olduğunu təsdiqləyir.  Bir sözlə, Azərbaycanın dayanıqlı inkişafı üçün möhkəm təməl olmaqla yanaşı, yeni imkanlar da yaranır. Bu, düzgün qurulan, düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməklə bugünümüz üçün təməl yaratdı. Cənab İlham Əliyev bu təmələ əsaslanaraq iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini vurğuladı və bu istiqamətdə mühüm addımlar atır. Azərbaycanın hər bir çətinlikdən uğurla çıxmasında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə bir daha bu kimi reallıqlara diqqət yönəldiləcək. Ənənəvi enerji resursları neft və qaz sənayesini inkişaf etməkdə olan yaşıl enerji istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır.  Reallıq budur ki,  Azərbaycan artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. Ölkə konqres və sərgi fəaliyyətlərində fəal iştirak edir, inkişaf etmiş infrastruktura malikdir. Bakı Enerji Həftəsi  öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir. Ənənəvi olaraq, Bakı Enerji Həftəsi çərçivəsində baş tutacaq tədbirlər zamanı ikitərəfli işgüzar görüşlər keçiriləcək. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər.

Göründüyü kimi, Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək tədbirlərə qatılan ölkələrin say tərkibində ildən-ilə artım Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində artan roluna işıq salır. Uğurlarımızın fonunda belə əminliyi ifadə edirik ki, ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana bundan sonra da davamlı uğurlar qazandıracaq.

Yeganə Əliyeva, “İki sahil”