01 iyun 2024 00:42
340

Böyük Qayıdış yeni ünvanı - Xocalı

Artıq 30 il sürən işğal dövrü arxada qalıb. Daha vaxtilə qaçqın, məcburi köçkün deyilən status da yoxdur. Qədim yurd yerlərimiz müasir görkəmə salınır. Hər yanda tikinti-quruculuq işləri aparılır. Ölkəmiz bütün bərpa və quruculuq işlərini öz potensialına arxalanmaqla, donor təşkilatlarının köməyi olmadan həyata keçirir. Hazırda yenidən qurulan yaşayış məntəqələrinin məskunlaşdırılması uğurla davam etdirilir. Mayın 28-də - müstəqilliyimizin 106-cı ildönümü günündə Xocalıya da ilk köç baş tutdu. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər.

Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin, ilahi ədalətin təntənəsidir ki, xocalılılar 32 ildən sonra  öz doğma şəhərlərinə qayıtmağın sevincini yaşayırlar. Prezident İlham Əliyev Xocalılarla görüşündə bildirdi ki, Xocalı əvvəlkindən də daha gözəl şəhərdir və daha da gözəl olacaq: “Bu gün sadəcə olaraq, birinci mərhələdir. Bu gün, əslində, Böyük Qayıdış Proqramının Xocalı səhifəsi yazılır. Yaxın gələcəkdə digər xocalılılar da buraya qayıdacaqlar, əminəm ki, böyük həvəslə”.

Xocalı yalnız bu şəhərin sakinləri üçün deyil, bütün Azərbaycan xalqı üçün müstəsna önəm daşıyır. Antiterror tədbirlərindən sonra Prezident İlham Əliyev şəhərin bərpa edilməsi ilə bağlı tapşırıqlarını verib. Aradan cəmi səkkiz ay ötüb. Qısa müddətdə Xocalıda böyük həcmli işlər görülüb, bir sıra layihələr uğurla tamamlanıb. Hələ şəhərin yenidən qurulması planlarının birinci mərhələsi üzrə işlər aparılır. Nəzərdə tutulan planlara görə, Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar formalaşdırılacaq. Şəhərdə yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub. Burada əsasən 3-5 mərtəbəli yaşayış binaları, həyətyanı sahələrə malik fərdi evlər inşa olunacaq.  Qeyd edək ki, Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Bütün kommunikasiya xətləri yerin altına salınıb, ilk 50 evə birləşmələr verilib. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam etdirilir. Bulvar ilə üzbəüz isə çarşı-bazar qurulur, iaşə obyektləri tikilir. Həmçinin idman kompleksində tamamlanma işləri görülür.

Eyni zamanda, şəhər mühitini canlandıran və yaxınlıqdakı yaşayış məntəqələri ilə əlaqəni təmin edəcək yeni nəqliyyat qovşağı vacib rol oynayacaq. Bu mobilliyi artırmaqla yanaşı, həmçinin şəhərdə iqtisadiyyatın, sahibkarlığın inkişafına da xüsusi təkan verəcək və iqtisadi şaxələndirməyə geniş fürsətlər açacaq.

Xocalıda Heydər Əliyev Fondunun inşa edəcəyi Soyqırımı muzeyi - Memorial Kompleks, heç şübhəsiz ki, şəhərin yeni rəmzlərindən birinə çevriləcək. Bu tikili bütünlükdə faciəmizi simvolizə edəcək. Memorial Kompleksin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı. Ancaq Prezident İlham Əliyev hər il onun son təsdiqini yubadıb. Dövlətimizin başçısı səmimi şəkildə bildirdi: “Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın”.

Xocalı-Əsgəran avtomobil yolunun üzərində yaradılan Xocalı Soyqırımı Memorial Kompleksi bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Memorial müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq.

Azərbaycan on illər boyu “Xocalıya ədalət!” çağırışı ilə beynəlxalq təşkilatlara müraciətlər göndərdi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində keçirilən tədbirlər, təqdimatlar, kitabların, məqalələrin dərc edilməsi formasında özünü göstərdi. Dünyanın gözü qarşısında baş vermiş qanlı cinayəti inkar etmək, doğrudan da, ədalətsizlik və vicdansızlıqdır. Amma indi Cənubi Qafqazda olduğu kimi, dünyada da yeni reallıqlar yaranıb. Ədalətin zəfər çalması üçün tarixi şəraitin yarandığını da hamı görür. Törətdikləri qətliama görə Xocalı qatilləri Vaqif Xaçatryan, Raşid Beqlaryan və Mədət Babayan 31 il sonra ədalət məhkəməsi qarşısında dayandılar. Bu yaxınlaradək Ermənistanda rəhbərlik etmiş Qarabağ separatçılarının liderləri - Robert Koçaryan, Serjik Sarkisyan və işğalçı ölkənin müdafiə naziri olmuş Seyran Ohanyan Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Nigar Orucova, “İki sahil”