01 iyun 2024 00:58
374

Qərbin dəyərsiz “dəyərləri”...

Künc zərbəsi

Azərbaycan əleyhinə qəbul edilmiş qərəzli sənədlər heç nəyə yaramayan kağız parçalarından başqa bir şey deyl

Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və təhlükəsizlik xidmətinin mətbuat katibi Peter Stanonun Azərbaycanla bağlı qərəzli bəyanatı, eyni vaxtda Niderland Parlamenti Nümayəndələr Palatasının ölkəmizi hədəf alan ədalətsiz və birtərəfli qətnamə qəbul etməsi bəzi Qərb dairələrinin hansısa maraqlar naminə yenidən fəallaşdığını sübut edir. Azərbaycana qarşı irqçi, Azərbaycanofob, türkofob və islamofob xarakterli hücumların mütəmadi xarakter daşıdığını nəzərə alsaq asanlıqla söyləmək olar ki, bu ikili standartlarla yanaşmalarının arxasında “insan hüquqları” və “demokratiya”ya heç bir aidiyyəti olmayan başqa maraqlar mövcuddur. Ümumiyyətlə, sual yaranır ki, Aİ və bəzi Avropa dövlətləri niyə öz “dəyərlərini” zorla başqa ölkələrdə, o cümlədən Azərbaycanda tətbiq etməyə çalışırlar? Biz niyə haqqın, ədalətin deyil, işğalçıların, neokolonialistlərin, başqalarının var-dövlətlərini qəsb etmək üçün min cür oyunlardan çıxanların yanında dayananların tabuları çərçivəsində hərəkət etməliyik? Öz milli dəyərlərimiz daha humanist deyilmi?

Yaxın tarixə nəzər salsaq görərik ki, Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsindəki problemlərin yaranma səbəblərinin böyük bir qismi vasitəçilik missiyasını üzərinə götürmüş Qərbin özündən qaynaqlanıb. Başda Fransa olmaqla, Niderland, Avstriya kimi ölkələrin, Aİ, Avropa Parlamenti kimi siyasi və UNESCO, Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi “humanitar” təşkilatların Ermənistanla Azərbaycan arasında uzun illərdir davam edən münaqişəyə ikili standartlara yanaşmaları, reallıqları təhrif etmələri regionda dinc qonşuluq münasibətlərinin formalaşmasına ən böyük əngəl olub və olaraq qalmaqdadır. Bu gün də Azərbaycana qarşı otuz ildən artıq işğalçılıq, etnik təmizləmə siyasəti yürütmüş rəsmi İrəvana fərqli münasibət göstərilir, təzyiq və cəza əvəzinə yardım siyasəti həyata keçirilir, eyni zamanda, sülh danışıqlarında vasitəçi olmadan əldə edilmiş irəliləyiş kimlərisə ciddi narahat edir.

Faktdır ki, Qərb Ermənistan-Azərbaycan məsələsində heç zaman ədalətli mövqe sərgiləməyib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulduqdan, 2023-cü ilin 19-20 sentyabr tarixlərində birgünlük antiterror tədbirləri nəticəsində Qarabağda separatizmin ləğvindən, suverenliyimizin və ölkəmizin bütün ərazisində beynəlxalq hüquq normalarının və prinsiplərinin mövcudluğu tam bərpa edildikdən sonra Fransanın, Niderlandın ali qanunverici orqanları Azərbaycan əleyhinə dəfələrlə müxtəlif qərəzli qətnamələr qəbul ediblər. Təsəvvür edin, biz təkbaşına BMT-nin qətnamələrini icra edirik, əvəzində Fransa bizi nələrdəsə günahlandırmağa çalışır. O Fransa ki, hələ də neçə ölkəni əsarətdə saxlayır, yerli xalqlara zülm edir, sərvətlərini daşıyır. O Fransa ki, dövlətin siyasətinə etiraz edən aksiyaçıları, yəni öz vətəndaşlarını süvari polislərin atlarının ayaqları altında əzməklə məşğul idi. Və ya o Niderland ki, Avropa Parlamentindəki deputatlarının rüşvət qalmaqalları səngimək bilmir. İndi istər demokratiaya, istərsə də insan hüquqları baxımından özləri kifayət qədər problemli olan bu ölkələr bizə dərs keçməyə, bizdən nəyisə tələb etməyə çalışırlar. Niyə axı? Hansı haqla?

Azərbaycan bütün addımlarını beynəlxalq qanunlar çərçivəsində atıb. Ona görə də bu gün heç kimin bizdən nəyinsə hesabını sormaq haqqı yoxdur. Əgər kimsə hesabat verməlidirsə bu, erməni lobbisinin marionet kuklalarına çevrilmiş fransız senatorlar, rüşvətxor holland deputatlar, Avropa Parlamentinin ədalət hissini itirmiş parlamentariləridir. Çünki Azərbaycanın illər boyu əziyyətini çəkdiyi keçmiş Qarabağ münaqişəsinin mövcudluğunda, Cənubi Qafqazda bu gün də sülhün bərqərar olmamasında Ermənistan qədər də onlar günahkardırlar. Öz maraqlarını regionun dinc gələcəyindən üstün tutan riyakarlar bizdən ümumiyyətlə, heç nə tələb edə bilməzlər. Onların parlamentlərinin, senatlarının qəbul etdiyi qətnamələr isə bizim üçün heç nəyə yaramayan kağız parçalarından, zibildən başqa bir şey deyil...

Mahir Rəsuloğlu, “İki sahil”