01 iyun 2024 01:36
419

Niderland Parlamentinin fransızsayağı gedişləri

Vətən müharibəsindən sonra bir sıra Qərb ölkələri və bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli münasibət nümayiş etdirməyə başladılar. Təəssüf ki, həmin ölkələr arasında Niderland da oldu.  Belə ki, Fransa kimi Azərbaycanın uğurlarını həzm edə bilməyən Niderland Parlamentində dəfələrlə ölkəmizə qarşı müxtəlif qətnamələrin, həmçinin sanksiyaların tətbiq edilməsi ilə bağlı çağırışlar edilib. Hətta bu ölkənin xarici işlər naziri Hanka Bruins Slot guya Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının olması ilə bağlı əsassız ifadələr də səsləndirib.

Güman etmək olardı ki, sözügedən dövlət ölkəmizə qarşı qərəzli mövqeyindən əl çəkəcək. Amma bu günlərdə Niderland Parlamentinin Nümayəndələr Palatası “Xristian İttifaqı” və “Xristian Demokratik Çağırış” partiyalarının təşəbbüsü ilə Azərbaycanın guya etnik təmizləmə aparması, olmayan erməni mədəni irsinə zərər vurması kimi əsassız ittihamların yer aldığı qətnamə qəbul edib. Halbuki, bütün dünya  etiraf edir ki, Azərbaycan nə Vətən müharibəsi, nə də bir günlük antiterror əməliyyatı zamanı heç bir etnik təmizləmə aparmayıb. Belə ki, müzəffər ordumuzun keçirdiyi lokal antiterror tədbirindən sonra erməni əsilli şəxslər heç bir səbəb olmadan bölgəni tərk ediblər. Halbuki, rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, əhalinin təhlükəsizliyi üçün bütün şəraiti yaratmışdı. Bunu BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar da təsdiqləyiblər. Bunun üçün onlardan yalnız bir şey tələb olunurdu: Azərbaycan vətəndaşlığını qəbul etmək və  qanunlarımız çərçivəsində yaşamaq. Amma haylar “ana Ermənistan”a üz tutmağa üstünlük verdilər. Azərbaycan da onların sərbəst və təhlükəsiz keçidini təmin etdi. Bu baxımdan həmin erməni əsilli şəxslərin “etnik təmizləmə”yə məruz qaldıqlarını, yaxud insan hüquqlarını pozulduğunu iddia etmək olduqca absurddur.

Mədəni irs məsələsinə gəldikdə isə Azərbaycan azad etdiyi və hazırda bərpa-quruculuq işləri apardığı ərazilərdəki bütün mədəni, o cümlədən xristian dini abidələrinə öz mədəni irsi kimi yanaşır və onların bərpası ilə məşğuldur. Hətta Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, xristian abidələri Azərbaycanın mədəni sərvətidir. Bu faktı ölkəmizdə səfərdə olan digər dini liderlər də təsdiq ediblər. Əgər Niderland Parlamentinin Nümayəndələr Palatasının üzvlərinin buna şübhələri varsa, onların çıxışlarına baxsınlar. Bu mənada Niderlandın ölkəmizi bu məsələdə hədəfə alması olduqca gülməlidir. Qətnaməyə səs verənlər isə Cənubi Qafqazdan ümumiyyətlə  xəbəri olmayan, faşizm ideologiyasına xidmət edən Ermənistanı dəstəkləyən, ancaq erməni lobbisinin sifarişini yerinə yetirən, ya da ona çalışan bəzi dırnaqarası siyasətçilərdir. Bilmirlərsə, qoy bilsinlər ki, haylar Ermənistanda  vaxtilə qeydiyyatdan keçmiş 300-ə yaxın məscidi və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsi dağıtmaqla dünya mədəni irsinə “töhfə” veriblər. İşğal dövründə isə Azərbaycanın Qarabağ və ətraf rayonlarının ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ünü tamamilə, 4-ü isə qismən  dağıdaraq yararsız hala salıblar. Digər tərəfdən, Niderland hələ də Hayastanın  azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmasına, onların öz yurdlarına qayıtmalarına imkan verməməsinə, monoetnik ölkəyə çevrilməsinə göz yumur.

Sual olunur: Görəsən Niderland Parlamentinin Nümayəndələr Palatası hansı mənbənin məlumatlarına əsasən belə iddialarla çıxış edir? Şübhəsiz, onların informasiya mənbəy hayların, həmçinin Niderlandın Avropa İttifaqındakı “böyük qardaşı”, özünü Qərbin lider dövləti kimi göstərməyə çalışan Makron Fransasının uydurmalarıdır. Bəs niyə Niderland Parlamenti Azərbaycan torpaqlarının işğal altında saxlanılması, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün taleyi yaşaması, hayların işğal etdikləri ərazilərdə, həmçinin Ermənistanda müsəlman dini abidələrinin yer üzərindən silmələri ilə əlaqədar bir dəfə də olsun səslərini çıxarmayıb, təcavüzkar ölkəni bu və ya digər şəkildə günahlandırmayıb? Şübhəsiz, bu, onların xristian təəssübkeşliyindən irəli gəlir. Bu mənada niderlandlı deputatların Azərbaycanla bağlı səsləndirdikləri qərəzli iddialar Avropada başladılan anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir.

Son günlər heç bir vasitəçi olmadan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin delimitasiyası istiqamətində müsbət addımların atılması və nailiyyətlərin əldə edilməsi  göz qabağındadır. Şübhəsiz, belə bir şəraitdə Niderland Parlamentində bu cür bir sənədin ortaya çıxması məsuliyyətsizliyin, revanşizmə rəvac verməyin,  təkcə Cənubi Qafqaz regionunun deyil, həm də bütövlükdə Avropanın sülh, sabitlik və dayanıqlı inkişafla bağlı maraqlarına vurulan zərbənin bariz nümunəsidir. Bu isə bir daha təsdiq edir ki, Azərbaycanın artan nüfuzuna, siyasi gücünə, hərbi qüdrətinə, bölgədə yeni reallıqlar yaratmasına qısqanclıqla yanaşan Qərb ölkəmizin  Zəfərdən sonrakı  uğurlu addımlarını həzm edə bilmir. Ona görə də Niderland vasitəsilə Azərbaycana qarşı qərəzli siyasətlərini aktivləşdirməyə çalışır. Lakin bütün bu cəhdlər, bəyanatlar, qətnamələr separatçılıqla mübarizə aparıb qalib gələn Azərbaycan dövlətinin əzminə heç bir təsir göstərə bilməz. Yəni, istənilən halda heç bir qüvvə Azərbaycanın yaratdığı geosiyasi reallıqları dəyişməyə, regionda öz məkrli planlarını həyata keçirməyə müyəssər ola bilməyəcək. Qoy buna Fransadan göstərişlər alan Niderland Parlamenti də əmin olsun!

Qvami Məhəbbətoğlu, “İki sahil”