31 may 2024 00:32
345

Korrupsiya Qərb siyasətçilərinin “əsl siması”dır

Bu “sima”nın altında isə milyonlarla insanın həyatının məhv edilməsi, etnik təmizləmə, soyqırım cinayətlərinin, işğalın, vandalizmin dəstəklənməsi hesabına əldə edilən milyardlarla dollarlıq qanlı və çirkli pullar dayanır

Ötən ay Belçika Federal Prokurorluğu Avropanın Ukraynaya dəstəyini zəiflətmək üçün Moskvadan maliyyə vəsaiti almaqda şübhəli bilinən Avropa Parlamentinin bir sıra üzvləri ilə bağlı araşdırmalar başladıb. “Deutsche Welle” nəşrinin yaydığı məlumata görə, Belçikanın Baş naziri Alexander De Croo aprelin 12-də Brüsseldə jurnalistlərlə görüşündə ölkənin federal prokurorluğunun iyunun əvvəlində keçiriləcək Avropa seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı araşdırmaya başladığını bildirib. De Croo qeyd edib ki, Belçika xüsusi xidmət orqanları Avropada Ukraynaya dəstəyi sarsıtmaq məqsədi ilə fəaliyyət göstərən Rusiya kəşfiyyat şəbəkəsinin mövcudluğunu təsdiqləyib. “Moskvanın məqsədi Avropa Parlamentinə (AP) mümkün qədər çox rusiyapərəst namizədin seçilməsinə kömək etmək və bu qurumda rusiyapərəst mövqeyi gücləndirməkdir”, - Belçikanın Baş naziri deyib.

İlkin araşdırmalara görə, Avropa Parlamentinin üzvlərinə Avropanın Ukraynaya dəstəyini zəiflətməyə yönəlmiş Rusiya təbliğatını yaymaq üçün pul təklif edilib.

Məlumat üçün bildirək ki, martın sonunda Avropa Parlamentinin bir neçə üzvü Rusiyanın avropalı siyasətçilərə rüşvət verməsi iddiası ilə bağlı araşdırma aparılmasını tələb edib. Belə ki, “Yeniləşən Avropa” fraksiyasının rəhbəri, fransalı Valeri Aye AP rəhbəri Roberta Metsolaya yazdığı məktubda bu məsələ ilə bağlı “dərhal və şəffaf” daxili araşdırma aparılmasını tələb edib. “Əgər qarşıdan gələn seçkilərdə vəzifədə olan deputatlar və ya namizədlər Rusiya hökumətindən və ya onun etibarlı şəxslərindən pul alıbsa, onlar ifşa edilməli və onlara qarşı tədbir görülməlidir”, - Aye məktubda bildirib. “Yeniləşən Avropa” fraksiyası isə bu məsələ ilə bağlı parlamenti təcili müzakirəyə çağırıb. Bundan iki gün əvvəl isə Çexiya hakimiyyəti Avropada Rusiya təbliğatını yaymaqla və avropalı siyasətçilərə rüşvət verməklə məşğul olan Rusiya tərəfindən maliyyələşdirilən şəbəkəsinin ifşa olunduğunu bildirmişdi. Həmin gün Almaniyanın “Der Spiegel” nəşri və Çexiyanın “Denik N” qəzeti hadisənin təfərrüatlarını dərc edib. Mənbələrin fikrincə, Rusiyayönümlü korrupsiya sxemin əsas hissəsini “Avropanın Səsi” xəbər saytı təşkil edir. Şəbəkənin başında isə rusyönümlü ukraynalı siyasətçi Viktor Medvedçuk və köməkçisi Artem Marçevski dayanır. Belə ki, “Avropanın Səsi” internet saytında müntəzəm olaraq avropalı siyasətçilərin Ukraynaya yardımı dayandırmağa yönələn çağırışları dərc olunub. Bu çağırışların müəlliflərindən bəzilərinə bunun üçün pul ödənilib. Nəşrin məlumatına görə, Almaniya , Belçika, Fransa, Macarıstan, Hollandiya və Polşadan olan bir sıra siyasətçilər bu kampaniyaya qoşulublar. Nüfuzlu “Politico” nəşri “Avropanın Səsi” radiosunda çıxış edən 16 Aİ millət vəkilinin müəyyən edildiyini və onların hamısının ifrat sağçı siyasətçilər olduğunu bildirib. Lakin onların konkret adları açıqlanmayıb.

Bu günlərdə polis "RussiaGate" araşdırması çərçivəsində Aİ Parlamentinin ofislərinə basqın edib. Belçika federal prokurorunun bəyanatına görə, polis çərşənbə günü Avropa Parlamentində “Rusiyanın müdaxiləsi” ilə bağlı reydlər keçirib. Brüsseldəki şəxsi iqamətgahda, Avropa Parlamentinin Strasburq və Brüsseldəki ofislərində aparılan axtarışlar “Avropanın Səsi” internet saytında Rusiya təbliğatını yaymaq üçün Avropa Parlamentinin deputatlarına müraciət edildiyi və onlara pul ödənildiyi iddia edilən “Russiagate işi” ilə bağlıdır. "Avropa Parlamentinin müvafiq əməkdaşının bunda mühüm rol oynadığına dair əlamətlər müəyyən edilib" deyə Belçika hüquq-mühafizə orqanları bildirib. Həssas məsələni müzakirə etmək üçün anonimlik icazəsi verilmiş istintaqla tanış olan iki nəfərin sözlərinə görə, Belçika polisi mübahisəli siyasi partiya olan “Almaniya üçün Alternativ” üçün çalışmış deputat köməkçisinin əlaqələrini araşdırır. AfD son aylarda bir sıra qalmaqallarla üzləşib və aprel ayında Avropa Parlamentinin yüksək rütbəli deputatı Maksimilian Krahın köməkçisinin həbsi ilə nəticələnib. Alman səlahiyyətliləri Jian G. adlı köməkçinin “Çin məxfi xidmətinin əməkdaşı” olduğunu bildirib. Bundan qısa müddət sonra Almaniyanın Drezden dövlət prokurorları Krahın “Avropa Parlamenti deputatı kimi fəaliyyətinə görə” Rusiya və Çindən ödənişlər qəbul etməsi ilə bağlı ilkin araşdırmalara başlayıb. Bu ayın əvvəlində Belçika və Almaniya polisi casusluq təhqiqatı ilə əlaqədar Krahın Avropa Parlamentinin ofisində axtarış aparıb. Bunun ardınca AB seçkilərində AfD-nin əsas namizədi olan Krah, casusluq və korrupsiya iddialarından, habelə nasist dövrünün Waffen-SS ilə bağlı son qızışdırıcı ifadəsindən sonra kampaniyanı dayandıracağını və partiyasının liderlik şurasından istefa verəcəyini açıqlayıb. Xatırladaq ki, Aİ ölkələrində Avropa Parlamentinə seçkilər iyunun 6-dan 9-dək keçiriləcək.

Bir məsələni də qeyd edək ki, Avropa antikorrupsiya agentliyi OLAF-ın və Avropa İttifaqının ədliyyə direktorluğunun birgə hesabatında yer alan faktlar və mənimsənilən məbləğlərin statistikası ortalığa, bütün Aİ məkanı ilə əlaqədar vahiməli bir mənzərə qoyur və bəlli olur ki, dünyanın az qala hər yerində hüquq pozuntusu, korrupsiya halı axtaran Avropanın öz daxilində böyük maxinasiya sistemi formalaşıb. Hesabatda qeyd olunur ki, “Avropa təsisatlarındakı korrupsiya ağlasığmaz həddə çatıb. Sitat: “Əgər əvvəllər Avropa fondlarından mənimsəmələrin miqyası yüz milyonlarla avro idisə, indi milyardlarla ölçülür... Avropa İttifaqı ölkələri hər il korrupsiya nəticəsində 323 milyard avro itirirlər. Bu isə Avropa İttifaqının 2014-2020-ci illər üçün nəzərə tutulan büdcəsinin 1/3 hissəsini təşkil edir. Polis və prokurorluq orqanları tərəfindən “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “rüşvət”lə bağlı açılan cinayət işlərinin sayı, bir il ərzində 67800-dən çox olub”. Həmçinin bildirilir ki, Avropa Komissiyası Aİ məkanında korrupsiya nəticəsində maliyyə itkisinin 120 milyard avro olduğunu rəsmən etiraf edilib. Bu isə hətta Avropa Parlamenti sədrinin müavini Eva Kaylinin rüşvət almada təqsirləndirildiyi Qətərin dövlət büdcəsindən də çoxdur... Bütün bunlar subuta yetirir ki, özünü “demokratiyanın beşiyi” adlandıraraq, dünyaya “insan hüququ və azadlıqları”, “korrupsiyaya qarşı mübarizə” müstəvisindən “dərs” keçməyə çalışan ölkələrdə korrupsiya və rüşvət çiçəklənmək üçün, sözün əsl mənasında, özünün ən münbit “torpağına” düşüb. Müxtəlif ölkələrin, şirkətlərin, fondların, maliyyə fırıldaqçılarının lobbiçiliyi isə, Avropa və bütövlükdə Qərb siyasətçilərinin əlavə və vazkeçilməz gəlir mənbəyidir.

Göründüyü kimi, Avropa Parlamentinin lobbiçilik müqabilində rüşvətalma faktlarının üzə çıxması Avropa Parlamentinin imicini yerlə bir edib. Burada müxtəlif ölkələrlə bağlı qərarların verilməsində ədalət tərəzisinin əyilməsinə, beynəlxalq prinsiplərin arxa plana keçirilməsinə, lobbi maraqlarının önə çəkilməsinə, imperialist güc mərkəzlərinin maraqlarının birtərəfli qaydada təmin edilməsinə dair çoxsaylı faktlar sadalamaq mümkündür. Açıq deyək ki, bu qurum son zamanlarda bir növ üçüncü ölkələrə qarşı həm də bir təzyiq alətinə çevrilib. Azərbaycanın təcrübəsində bu məqam dəfələrlə özünü göstərib. AP-nin Azərbaycanla bağlı qəbul edilən qətamələri-qərarları adətən qərəzli olur və sifariş əsasında hazırlanır, xüsusilə erməni diasporu/lobbisi bu məsələdə aktivdir. AP-nin deputatları ilə “yaxın” münasibətlərə malik olduğu bilinən “Ermənistanın Avropa Dostları” Eva Kaili qalmaqalından sonra öz korrupsiya əlaqələrinin maksimum ört-basdır edilməsinə çalışır. Bu və digər erməni oliqarxların, mafiya başçılarının verdiyi rüşvəti qəbul edən bəzi AP deputatları təbii olaraq Azərbaycan əleyhinə qərəzli fəaliyyətləri ilə seçilirlər və parlamentin korrupsiya şəbəkəsinin üzvləridirlər. AP-nin korrupsiya şəbəkəsində 33 nəfərlik “Ermənistanla dostluq qrupu”nun üzvlərinin də olduğu bildirilir. AP-də Azərbaycan və Türkiyəni hədəfləyən bəyanatlar AP adından elan edilsə də, onların əksəriyyəti məhz həmin “33 nəfərlik qrup” tərəfindən imzalanır. Bu deputatların bir qismi hətta Ermənistana səfərlər də edib.

Sevinc Azadi, “İki sahil”