31 may 2024 02:15
367

Addım-addım sülhə doğru…

Azərbaycanın Vətən müharibəsindən sonra göstərdiyi davamlı sülh təşəbbüsləri və etdiyi çağırışlar artıq bəhrəsini verməyə başlayıb. Elə 28 May - Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı təbrik məktublarının bəzilərində sülh məsələsinə  də yer ayrılması bunu bir daha təsdiq  edir. Məsələn, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden məktubunda qeyd edib ki, biz Azərbaycanın və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayır və bu səyləri dəstəkləməyə hazırıq. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş də sülh prosesini dəstəklədiyini diqqətə çatdırıb. Bildirib ki, indi hamı üçün sülhün, davamlı inkişafın, insan hüquqlarının təmin olunmasına kömək etmək naminə həmrəyliyin və ortaq həll yollarının tapılmasının vaxtıdır. Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin təbrik məktubunda isə bu fikir yer alıb: “Bu baxımdan mən Sizin Cənubi Qafqazda davamlı sülhə nail olmaq istiqamətində səylərinizi alqışlayıram.”

Bəli, son günlər iki ölkə arasında başlanan delimitasiya işləri nəticəsində Ermənistanla 12,7 kilometr uzunluğunda sərhəd xəttinin müəyyən edilməsini, bir güllə atılmadan, heç bir vasitəçi olmadan mayın 24-də Qazax rayo­nunun qeyri-anklav 4 kəndinin – Bağa­nıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsini  sülhün işartısı kimi dəyərləndirmək olar. Şübhəsiz, ilk dəfə olaraq Ermənistanın Azərbaycanla dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəlməsi sülh üçün mühüm addımdır.

Şübhəsiz, bu prosesin tezliklə tam reallaşma­sına dəstək verəcək tərəf Ermənistan olmalıdır. Amma təcavüzkar ölkədə Qərbin, xüsusilə Fransanın dirijorluğu ilə dini ibadəti siyasətlə əvəz edən kilsənin timsalında sülh əleyhinə çıxışlar eşidilməkdədir. Son məlumata görə, artıq Ermənistanda kilsə ilə hökumət arasında çəkişmə açıq müstəviyə keçib. Amma hadisələrin gedişatı göstərir ki, Ermənistanda kilsənin təşkil etdiyi mitinqlər uğursuzluğa düçar olacaq. Çünki onların, həmçinin Koçaryan-Sarkisyan cütlüyünün uğur əldə etmələri üçün heç bir potensialları yoxdur. Bu məqamda  Prezident İlham Əliyevin mayın 28-də Xocalı sakinləri ilə görüşü zamanı söylədiyi fikirləri xatırlamaq yerinə düşər: “Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”.

Ermənistandakı revanşistlərin müqavimətinə baxmayaraq, ölkənin siyasi rəhbərliyi  danışıqları davam etdirməkdə israrlı görünür. Yeri gəlmişkən bildirək ki, “Delimitasiya və demarkasiya prosesi­nin pozulması yeni müharibədir” deyən  baş nazir Nikol Paşinyan mayın 29-da mətbuata açıqlamasında Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində xeyli irəliləyiş  olduğunu bir daha etiraf edib. O, hətta bildirib ki,  Ermənistanın suveren ərazisi var və bu,  toxunulmazdır. Ərazi iddialarının təhlükə və riskləri barədə danışan Ermənistan rəhbəri hayları bölgədə yaranmış reallıqları qəbul etməyə çağırıb. Şübhəsiz, baş nazirin reallıqları bu şəkildə izah etməsi, sülhü vəziyyətdən yeganə çıxış yolu kimi göstərməsi müsbət haldır. Bu mənada Ermənistanla danışıqlarda irəliləyişin, siyasi dialoqun və sərhədlərin delimitasiyasının regionda davamlı sülhə gətirib çıxaracağını əminliklə demək olar. Bir sözlə, bu gün regionun sülhə məhkumluğu açıq-aydın görünür.

Şübhəsiz, bu ilin noyabr ayında Bakıda keçiriləcək  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına  (COP29)  qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılaraq çərçivə sazişinin imzalanacağına dair proqnozların səsləndirilməsi də elə bu amillərlə bağlıdır. Bütün bunlar isə o deməkdir ki, nə qədər çətin olsa da Azərbaycan regionda sülhə doğru addım-addım irəliləyir.

Qvami Məhəbbətoğlu, “İki sahil”