30 may 2024 16:20
407

Fransanın neokolonialist siyasəti və bundan əziyyət çəkən xalqların dekolonizasiya uğrunda mübarizəsi

Müasir dövrdə dünyanın siyasi arenasında xalqların öz müqəddəratını təyin etmək, müstəqillik qazanmaq və müstəmləmləkəçilikdən qurtulmaq uğrunda mübarizə aparması ilə bağlı xəbərlər gündəmin əsas mövzularından birinə çevrilməkdədir. Belə xəbərlər xüsusilə də dünyada özünü “sülhün və demokratiyanın keşikçisi”kimi tanıtmağa çalışan, hər fürsətdə insan hüquqlarından, soyqırımdan, şəffaf  cəmiyyətdən, xalqların öz müqəddəratını təyin etmək azadlığından bəhs edən Fransa ilə bağlı olunca parodoksal bir vəziyyətlə qarşı-qarşıya qalırıq. Xüsusilə də  separatist yönümlü hakimiyyətləri dəstəkləyən, hər fürsətdə yardım edən, əsarəti altındakı xalqların azadlığını məhdudlaşdıran Fransanın başqa dövlətlərdən insan hüquqlarını qorumağı tələb etməsi, daxili işlərinə qarışmağa çalışması təəccüb və təəssüf hissləri doğurur.

Tarixə qısa bir nəzər salsaq Fransanın XIX-XX əsrlərdə ən böyük imperiyalardan biri olduğunu görərik. Belə ki,1900-1930-cu illər arasında Fransa imperiyası dünyadakı torpaqların 17,8 faizini əhatə edərək 24 000 000 kvadrat kilometr ərazini özündə birləşdirirdi.

1830- cu ildə Əlcəzairi işğal edən Fransa 1962- ci ilədək əlcəzair xalqını fransızlaşdırmaq məqsədilə  assimilyasiyaya məruz qoymuşdur.  Tarixə “ Sena qətliamı” kimi daxil olan 1961- ci ildə Fransanın Əlcəzairə qarşı törətdiyi və 1,5 milyon - a qədər əlcəzairlinin qətlinə səbəb olan soyqırım bəşər tarixinin ən qəddar hadisələrindən biri kimi yaddaşlara yazılmışdır.

Zaman keçdikcə müstəmləkəçilikdən qurtulan, əsasən də  keçən əsrin 60-cı illərində müstəqilliyini əldə etmiş dövlətlər fransız təsirindən azad olmaq üçün üçün artıq növbəti bir mərhələyə qədəm qoymuşdular. Bununla da Fransanın neokolonialist siyasətinin bundan sonra davam etməsinə imkan verməyəcəkləri ilə bağlı aydın mesajlar vermişdilər. 

Son illər Fransanın Mərkəzi və Qərbi Afrika ölkələrindəki müstəmləkələrindən  qovulması və bu ərazilərdə mövqeyini sürətlə itirməsi bu ölkənin beynəlxalq imicinə kifayət qədər ciddi zərbə vurmuşdu. Hazırda departament formasında Fransanın nəzarətində olan Mayot adası bu dövlətin öz müstəmləkə siyasətini hələ də davam etdirdiyinin bariz nümunəsidir.  Mayot adasının və ətraf bölgələrdəki Qəmər Adalar İttifaqının əhalisinin böyük əksəriyyəti etnik baxımdan qəmərlidir. Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini isə  Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi  tərəfindən tanınıb. Bütün bu faktlara baxmayaraq, Fransa beynəlxalq hüquqa hörmət göstərmir,  özünün müstəmləkəçilik siyasətindən əl çəkməyərək  - Mayot Adasını əsl sahiblərinə təhvil vermir.  Hər zaman özünü Avropa demokratiyasının ən öncülərindən hesab  edən Fransanın beynəlxalq hüquq normaların necə asanlıqla pozduğunu bir daha görürük.

Digər tərəfdən,  Fransanın  öz işğalçı siyasətini yürütdüyü ərazilərdən biri də, Sakit okeandakı xüsusi inzibati-ərazi qurumu sayılan Yeni Kaledoniyadır. Yeni Kaledoniya Sakit okeanın cənub-qərb hissəsində yerləşir, Melaneziyada eyni adlı böyük bir ada və bir qrup kiçik ada ilə təmsil olunur. 1980-ci və 1990-cı illərin əvvəllərində  aborigen əhali ( melaneziyalılar) adaya müstəqilliyin verilməsi  məqsədiylə üsyanlar təşkil etmişdilər. Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı ard-arda bir neçə dəfə referendumlar keçirilib. Təbii ki, bütün bunlara baxmayaraq Fransa beynəlxalq hüquqa yenidən hörmət etməməyə və özünün neokolonialist siyasətini sürdürməyə davam edir.

Eyni zamanda, fransız Qvineyasında və digər ərazilərdə də artıq müstəmləkəçiliyə qarşı etiraz hərəkatları güclənməkdədir. Bu etirazlar  zamanı yerli əhali tərəfindən Azərbaycanın da bayrağının qaldırılması simvolik bir anlam daşıyır. Belə ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində dörd ildə neokolonializm məsələlərini önə çəkməklə, dünyada işğal, müstəmləkə altında olan xalqların azadlığına öz töhfəsini verib. Azərbaycan Yeni Kaledoniya və Qoşulmama Hərəkatına üzv olan BMT də təmsil olunmayan, amma mübarizə aparan xalqlarla əlaqələr qurmaqdadır.

Bu gün fransız müstəmləkə rejimindən azad olmaq üçün mübarizə aparan ölkələrdən biri də Fransanın paytaxtı Parisdən təxminən 17.000 kvadrat kilometr  uzaqlıqda, Sakit okeanın cənub hissəsinin mərkəzində yerləşən, ümumi sahəsi 4167 kvadrat kilometr, əhalisi 297.000 nəfər təşkil edən, 118 adadan ibarət  fransız Polineziyası (Maohi Nui) dir. Paytaxdı Papeete olan, Maohi Nui 5,5 milyon kvadrat kilometrlik xüsusi iqtisadi zonaya və 2,5 milyon kvadrat kilometrlik su hövzəsinə malikdir. Ərazi 5 arxipelaqdan – Sosyete arxipelaqı, Tuamoto arxipelaqı, Qambiya arxipelaqı, Markiz arxipelaqı, Austral arxipelaqından ibarətdir.

1842-ci ildən Fransa bu ərazini öz protektoratlığı elan etmiş,1880-ci ildən isə müstəmləkə statusu vermişdir.1946-cı ildən fransız Polineziyası dənizin o tayındakı Fransa ərazisi statusunu almış, sakinlərinə fransız vətəndaşlığı verilmişdi. Ölkənin ərazisində Fransa Konstitusiyası qüvvədədir və Fransa prezidenti tərəfindən təyin olunmuş ali komissar tərəfindən idarə olunur. Maohi Nuiyə 57 üzvdən ibarət Ərazi Məclisi (Parlament) tərəfindən gizli səs vemə ilə seçilən Prezident rəhbərlik edir. Parlament üzvləri birbaşa səs vermə yolu ilə 5 il müddətinə seçilir. Parlament, həm də büdcəyə aid məsələlərə səs verərək, hökümətin fəaliyyətinə nəzarət edir. Sakit Okean Adalar Forumunun və Sakit Okean Ərazi Birliyinin üzvü olan Maohi Nui Fransa Parlamentində 3 deputat və 2 senatorla təmsil olunur.

Fransız Polineziyası 1946-cı ildə BMT-nin dekolonizasiya edilməli ərazilər siyahısından Fransa Dövlətinin məqsədyönlü siyasəti nəticəsində çıxarılsa da, ölkə yenidən həmin siyahıya yalnız 2013-cü ildə daxil edilmişdir. Elə həmin dövrdən də bu torpaqlarda müstəmləkəçilikdən azad olmaq üçün mübarizənin yeni mərhələsi başlamışdır.

Bu böyük mübarizəyə dəstək məqsədiylə 1977- ci ildə  ölkənin əsas şəhəri Faa’a- nın da meri olan  Oscar Temaru tərəfindən “ Tavini Huira’atira” partiyası təsis edilmişdir. Yerli Taiti dilindən fransızcaya “Xalqa xidmət et” kimi tərcümə olunan “Tavini huira’atira” partiyasının əsas məqsədi Fransız Polineziyasının ( Maohi Nuinin) müstəqilliyini əldə etməsidir. Hazırda partiya Fransız Polineziyası Assambleyasında 57 yerdən 38- ə sahibdir (28 i qadın). Assambleyanın sədri 1986- cı ildən Tavini partiyasının üzvü olan Antoni Gerosdur. Müstəqillik istiqamətində görülən işləri daha da sürətləndirmək məqsədi və Tavini- nin təşəbbüsü ilə Parlamentdə Dekolonizasiya İşləri üzrə Komissiya təsis edilib. Partiyanın missiyası 3 əsas sütun üzərində qurulub. FA’ATURA (Hörmət etmək), FA’AORA (Dəstək vermək), FA’ATUPU (Qurmaq). Davamlı inkişafı dəstəkləmək  üçün partiya sosial və iqtisadi strukturları gücləndirməyə yönəlmiş görüşlər, təhsil və innovasiya mövzusunda seminarlar təşkil edir. Partiyaya bağlı 8 deputatdan ibarət “Tavini Huira’atira” qrupu fəaliyyət göstərir. Qrupu Polineziya Assambleyasından   Eliane Tevahitua təmsil edir. Hazırda qrup Həmrəylik, Səhiyyə və Məşğulluq Komitəsinin üzvüdür.

Sözsüz ki, belə güclü bazaya malik partiyanın Fransız Polineziyasının ( Maohi Nuinin) həm icraedici, həm də qanunvericilik hakimiyyətində üstünlüyə malik olması Fransa dövlətini ciddi şəkildə narahat edir. Eyni zamanda, Fransanın digər müstəmləkə altında olan ərazilərindən fərqli olaraq Maohi Nui assimilyasiyaya məruz qalmadığından  Fransa Yeni Kaledoniyada tətbiq etdiyi etnik icmalar arasında “parçala və idarə et” siyasətini burda həyata keçirə bilmir. Bu mübarizəyə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın dəstəyi də çox əhəmiyyətli olmuşdur. Beynəlxalq hüququn fundamental prinsipləri çərçivəsində müstəqillik uğrunda mübarizə aparan xalqlara dəstək vermək BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının əsas hədəflərindən birini təşkil edir.

Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində 6 iyul 2023-cü il tarixində Bakıda keçirilmiş ilk tədbirdə, tərəflər Bakı Təşəbbüs Qrupunun yaradılmasına dair razılığa gəlmiş və müstəmləkəçiliyə qarşı mübarizədə əməkdaşlığın davam etdirilməsinə hədəflərini ifadə etmişdilər. Tavini Partiyası ilə Bakı Təşəbbüs Qrupu arasında əməkdaşlıq mövcuddur. Belə ki, Tavini nümayəndələri Bakı Təşəbbüs Qrupunun müvafiq komitələrində təmsil olunur, BTQ- nin müxtəlif ölkələrdə təşkil etdiyi bütün tədbirlərin aktiv işrikakçısıdırlar. Bakı Təşəbbüs  Qrupunun Vyana ofisində 30 aprel 2024-cü il tarixində keçirilən “Müstəmləkəçilikdən qurtuluş:assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlanan konfrans çərçivəsində BTQ ilə Tavini arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Memorandum gələcək əməkdaşlığın hüquqi bazasının yaradılması istiqamətində mühüm addımdır. Bu memorandumun imzalanması assimilyasiya təsirlərinin azaldılmasına, milli kimliyə olan təhdidlərin qarşısının alınmasına və dekolonizasiya istiqamətində mühüm nəticələrin əldə edilməsinə yol açacaq.

Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Fransız Polineziyası, Qvadelupa müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, Melaneziya Təşəbbüs Qrupunun katibliyi və Bakı Təşəbbüs Qrupunun nümayəndələri Birləşmiş Millətlər Təşkilatının və Qoşulmama Hərəkatının Nizamnaməsinin əsas prinsiplərinə, həmçinin, dekolonizasiyaya dair müvafiq qətnamələrə sadiq olduqlarını bildirmiş və müstəmləkəçilik altında olan bütün millətlərin azad edilməsindən əvvəl dekolonizasiya prosesinin tamamlanmasının vacibliyini bir daha vurğulamışlar.

Bu xalqların nümayəndələri Fransadan BMT-nin  2013, 2019, 2020, 2022-ci ildə qəbul edilən qətnamələrinin tələblərinə uyğun olaraq dekolonizasiya prosesi ilə bağlı danışıqlara başlamasını tələb etmişdilər. Bu ilin  aprel ayının  30-da BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfrans təşkil olunmuşdu. Bu konfransın nümayəndələri də yenə Fransa müstəmləkəçiliyindən azad olmağın yolları müzakirə olunmuş,beynəlxalq təşkilatlara açıq məktub göndərilmişdir.

Bu proseslərlə eyni vaxtda Qarabağ məsələsi ilə bağlı Fransanın Azərbaycana qarşı tutduğu mövqe də onun qərəzli və qeyri-konstruktiv münasibətindən xəbər verir. Belə ki, son dövrlərdə Fransa höküməti  Azərbaycana qarşı da dost olmayan siyasət aparır.  Fransanın xalqımıza qarşı bu münasibəti  30 il müddətində həmsədri olduğu ATƏT in Minsk qrupunda Qarabağ münaqişəsinin  həlli yolunda heç bir addım atmamasından hiss olunurdu. 30 ildir həll yolunu tapa bilmədiyi münaqişənin, Ali baş Komandanımızın rəhbərliyi ilə 44 günlük vətən müharibəsi nəticəsində həll olunması və   ərazi bütövlüyümüzün bərpa olunması  Fransa hökümətində Azərbaycana qarşı nifrət hissini daha da artırmışdı. Beləliklə xalqımıza qarşı nifrət hisslərini daha aydın və açıq şəkildə göstərməyə və özləri kimi işğalçı bir xalqı dəstəkləməyə başladılar.

2022-ci ilin  noyabrın 30-da Fransa parlamentinin aşağı palatası (Milli Assambleya) Azərbaycan əleyhinə hazırlanmış qeyri-demokratik və ədalətsiz qətnamə qəbul edib. Bununla da Fransa hökuməti bir daha sübuta yetirdi ki, Azərbaycana qarşı aparılan kampaniyanın arxasında məhz Prezident Emmanuel Makronun administrasiyası dayanır. Fransa parlamentinin erməni lobbisindən nə qədər asılı olması bu səsvermə zamanı bir daha aydın oldu. Fransanın belə bir addım atması, ilk növbədə, demokratiyaya, ədalət, beynəlxalq və insan hüquqlarının prinsiplərinə birbaşa ziddir. Bununla da Fransa 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan, genosid, urbisid və ekosid kimi cinayətləri törədən işğalçı Ermənistana dəstək olduğunu bildirdi. Dünyada sülh, demokratiya, humanizm və insan hüquqlarının carçısı kimi tanınmağa çalışan  Fransa dövləti bitərəfliyini sonadək saxlaya bilmədi. Azərbaycana qarşı haqsız, heç bir hüquqa əsaslanmayan qətnamələri ilə özünün beynəlxalq imicinə zərbə vurdu.

Fransanın bu ədalətsiz siyasəti , 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində qəbul edilmiş Konvensiyanın 48- ci  “mülki əhaliyə və mülki obyektlərə" hər cür qəsdən hücumu qadağan edən maddəsini pozur. Siyasi tarixi qanla və kütləvi qətllərlə yazılmış Fransa kimi dövlətin multikultural və dini dəyərlərə üstünlük verən, humanizm və demokratik prinsipləri inkişaf etdirən qalib Azərbaycanı günahlandırması qərəzli münasibətin nəticəsidir. Avropada avrosentrik siyasəti uduzan Fransa, həmçinin Sakit okean hövzəsində təklənib. Bu dövlətin Qafqaz və Xəzər dənizi regionu üzrə apardığı siyasət də iflasa uğrayacaq.

Azərbaycanın siyasəti ondan ibarətdir ki, dünyada beynəlxalq hüquq, ədalət prinsipləri öz yerini tapmalıdır. Fransa müstəmləkəçilik siyasətindən imtina etməli və dünyada yaşayan bütün xalqlar azad şəkildə yaşamalı və öz fəaliyyətləri ilə bəşəriyyətə töhfə verməlidirlər. Bu baxımdan, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə tamamilə uyğundur və bu mövqe qeyd olunan ərazilərdə, o cümlədən dünyanın bir çox yerlərində rəğbətlə qarşılanır. Azərbaycanın prinsipial mövqeyi bütün dünyada haqq, ədalət, beynəlxalq hüquq prinsiplərinin və xalqların azadlıq və müqəddəratını müstəqil təyinetmə hüquqlarının tanınması yönündədir. İnanırıq ki, fransız Polineziyası xalqının da müstəqillik uğrunda mübarizəsi qələbə ilə başa çatacaq, haqq-ədalət öz yerini tapacaqdır.

Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri