29 may 2024 23:32
303

Böyük Qayıdış Proqramının Xocalı səhifəsi yazıldı

Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva 28 May-Müstəqillik Günündə Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər

Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı tarixi Zəfərimizdən, onun yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, soydaşlarımızın Böyük Qayıdışından qürur hissi keçirir. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmiz, ondan üç il sonra 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, ən əsası sonda zəfər çalan yalanlar deyil, real faktlara, tarixi həqiqətlərə söykənən siyasət olur. Azərbaycanın döyüş meydanında, eyni zamanda, informasiya cəbhəsində üstünlük qazanmasında məhz bu siyasətimiz əhəmiyyətli rol oynadı.

Onu da qeyd edək ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün ölkə Prezidenti İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra edilir. Əsas hədəf odur ki, Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkün doğma yurd-yuvasına qayıtsın.

Tarixi Zəfərimizdən dərhal sonra başlanan və hazırda geniş miqyas alan bərpa-quruculuq işləri, eyni zamanda, soydaşlarımızın qayıdış ünvanlarının sayının günbəgün artması ölkəmizin iqtisadi imkanlarının təqdimatı olmaqla yanaşı, bu torpaqların sahibinin məhz Azərbaycan xalqı olduğunun təqdimatıdır. Bu torpaqların sahibi bizik və burada daimi olacağıq. Soydaşlarımızın qayıtdığı ünvanlara nəzər salaq. Füzuli, Laçın, Şuşa, Xocalı şəhərləri, Ağalı, Talış, Zabux, Sus kəndləri… İlin sonuna qədər bu sıraya Cəbrayıl, Kəlbəcər, Xankəndi şəhərləri də daxil olacaq.

30 il mənfur düşmən bu torpaqları tamamilə dağıtmış, bütün tikililəri, tarixi və dini abidələri yerlə-yeksan etmiş və bununla özlərində belə bir fikir yaratmışdılar ki, bu torpaqların sahibi onlardır, vəziyyət sona qədər bu şəkildə davam edəcək. Tarixi və dini abidələrin tamamilə dağıdılmasında məqsəd Azərbaycan xalqının izlərini silmək, öz yalanlarına özləri kimi dünyanı da inandırmaq idi. Amma unudurdular ki, tarixi silmək mümkün deyil. Hər daşı, qayası tarix olan bu torpaqlarımız erməni vəhşiliklərinə şahidlik edəcək və zaman yetişəndə onların əsl simalarını dünyaya çatdıracaq. Bu gün işğaldan azad edilmiş ərazilərimizə səfər edən xarici qonaqlar gördüklərindən heyrətlərini gizlədə bilmirlər. Azərbaycan xalqının bu illər ərzində necə bir vəhşi ilə üz-üzə qaldıqlarının şahidinə çevrilirlər. Prezident İlham Əliyev daim bu çağırışı edir: “Bütün dünya görsün ki, vəhşi düşmən bizim kəndlərimizi nə günə qoyub, biz hansı vəhşilərlə üz-üzə idik, biz hansı vəhşiləri məğlub etmişik. Bütün dünya bunu görməlidir. Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar. Evlərimizi, kəndlərimizi dağıdıblar, torpaqlarımızdan istifadə ediblər”. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam indi viranəyə çevrilmiş xarabalıqlardan ibarətdir. Ağdam şəhərində səfərdə olmuş xarici jurnalistlər onu «Qafqazın Xirosiması» adlandırırlar. Cənab İlham Əliyev çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb: «Füzuli şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb. Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib.”

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfərlər edir, görülən işlərlə yaxından tanış olur, yeni sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edirlər. Son üç ildən artıq dövrün qürurverici hadisələrindən biri budur ki, dövlət başçısı İlham Əliyev öz doğum günlərində, bayramlarda, əlamətdar günlərdə xalqın arasında olur, onlara müjdələrini çatdırır.

Digər bayram günlərində olduğu kimi, 28 May-Müstəqillik Günündə də dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva işğaldan azad edilmiş Ağdam və Xocalı rayonlarında oldular.

Prezident İlham Əliyevin iştirakı ilə Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı kəndlərinin təməli qoyuldu. Onu da qeyd edək ki, bütün işğaldan azad edilmiş ərazilərimiz «ağıllı şəhər» və «ağıllı kənd» layihələri əsasında yenidən qurulur. İlk «ağıllı kənd» Zəngilan rayonunun Ağalı kəndi oldu. İlk «ağıllı şəhər» isə Ağdam şəhəri olacaq.

Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam özünün yeni dövrünə qədəm qoyub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 20-də Ağdamın siyasi yolla işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi: “Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur.”

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdıb. Azadlığına qovuşmuş bu şəhərdə böyük quruculuq, təmir-bərpa işləri aparılır. Baş plana əsasən, burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq, fərdi evlər və çoxmərtəbəli yaşayış binaları inşa olunacaq. Şəhərdə ilk yaşayış məhəlləsinin və 1 nömrəli tam orta məktəbin tikintisi həyata keçirilir. Ümumilikdə Ağdam şəhərində 15 məktəb və uşaq bağçasının inşası planlaşdırılıb. Şəhərin nəqliyyat infrastrukturu da əhalinin rahatlığına hesablanıb. Belə ki, küçələrdə piyada, velosiped və ictimai nəqliyyat üçün zolaqlar, eləcə də tramvay xətləri nəzərdə tutulub. Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafına böyük təkan verəcək, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq layihələr də icra olunacaq. Belə layihələrdən biri Ağdam Sənaye Parkıdır. Ağdam Qarabağın sənaye mərkəzinə çevriləcək. Tezliklə azad edilmiş torpaqlarımıza ayaq basanda işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə, doğma yurdlarına dönmüş insanların çöhrəsindəki xoşbəxt təbəssümlə qarşılaşacağıq.

Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində bu hədəfi açıqlamışdır: "Bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə, - hansılarda ki, mən təməl qoymuşam, - orada inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk. Kəndlər tamamilə dağılmış vəziyyətdədir. Mən Qarabağa son səfərim zamanı oraya baş çəkmişəm. Tamamilə dağılmış vəziyyətdədir, Malıbəyli məscidi də dağılmış və vandallar ondan da peyin anbarı kimi istifadə etmişlər. Yəni, sadaladığım bu, ən azı şəhər və kəndlərə keçmiş köçkünlər qayıdacaq və 2026-cı ilin sonuna qədər o artıq bəyan edildi, hədəfimiz 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Əminəm ki, biz buna da nail olacağıq.»

Göründüyü kimi, hər bir hədəfə zamanında nail olmaq üçün mühüm addımlar atılır və bütün bunların uğurlu nəticələri göz önündədir.

Qeyd etdiyimiz kimi, mayın 28-də dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. Əvvəldə də qeyd etdiyimiz kimi, dövlət başçısı İlham Əliyevin bayram günlərində işğaldan azad edilmiş ərazilərimizdə olması, həmin rayonların ictimaiyyət nümayəndələri ilə, yaxud bu ünvanlara qayıdan sakinlərlə görüşmələri artıq ənənə halını alıb. Belə ki, cənab İlham Əliyev 2021-ci ildə Ağdam rayonunda, 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndində, ötən il Kəlbəcər və Laçın, bu il isə Ağdam və Xocalı rayonlarında oldu. Hər bir səfər tarixi hadisə olmaqla yanaşı, Böyük Qayıdışın tam şəkildə başa çatacağı günü yaxınlaşdırır.

Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev bu ilin 26 fevral tarixində- Xocalı soyqırımının 32-ci ildönümündə Xocalı şəhərində oldu, ictimaiyyət nümayəndələri ilə görüşdü və Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Həmin mərasimdə «Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız» söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.

Cənab İlham Əliyev çıxışında onu da bildirdi ki, biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik: «Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər - hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar, - azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Biz Xocalıda böyük abadlıq işlərinə də start vermişik.»

Artıq Xocalı şəhərinə ilk sakinləri qayıtdı. Azərbaycan Bayrağının Xocalı şəhərində ucaldıldığı vaxtdan ötən 8 ayda bu torpaqda aparılan genişmiqyaslı işlərin göstəricisi məhz soydaşlarımızın bura Böyük Qayıdışının başlanmasıdır. Cənab İlham Əliyev sakinlərlə görüşündə bildirdi ki, əlbəttə, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Keçən il Müstəqillik Günündə Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir: «Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur. Əvvəlkindən də daha gözəl şəhərdir və daha da gözəl olacaq. Bu gün sadəcə olaraq, birinci mərhələdir. Bu gün, əslində, Böyük Qayıdış proqramının Xocalı səhifəsi yazılır. Yaxın gələcəkdə digər xocalılılar da buraya qayıdacaqlar, əminəm ki, böyük həvəslə.»

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, İkinci Qarabağ müharibəsi başa çatanda xocalılılar inanırdılar, bilirdilər bu gün də gələcək. Mən də bilirdim, şübhə etmirdim. Sadəcə olaraq onun vaxtı var idi. Xocalılılar bəlkə də bu qədər tez baş verəcəyini gözləmirdilər: «Burada - Xocalıda, Xankəndidə, o vaxt hələ ki, azad edilməmiş digər şəhər və kəndlərimizdə separatçılar at oynadırdılar. Onlar hesab edirdilər ki, burada separatçılıqla əbədi məşğul olacaqlar. Halbuki bunun heç bir hüquqi, tarixi əsası yox idi. Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar. Ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi.»

Xocalı faciəsi sağalmayan yaramızdır. Bu faciə xalqımızın nə qədər yenilməz, məğrur olduğunu, yaşadıqlarına rəğmən sınmadığını, gələcəyə böyük inamla yanaşdığını nümayiş etdirdi. Ordumuzun şanlı Qələbəsi sayəsində biz tariximizin tamamilə fərqli bir anını yaşayırıq. Bu Qələbə dövlətimizin və xalqımızın qarşısında yeni imkanlar açır, Bu Zəfər faciələrimizi, zaman-zaman ermənilərin və onlara havadarlıq edən dövlətlərin dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı həyata keçirilən soyqırımı və deportasiyanı unutdurmur, ona yeni məzmun və dəyər gətirir. Bu gün Xocalı soyqırımı bəşəri dəyərlərə edilmiş amansız qəsd kimi dəyərləndirilir. Sağalmaz yaramız bizi ruhdan salmadı, daha mübariz olduq, torpaqlarımızı işğaldan azad etmək üçün bütün səylərimizi səfərbər etdik.

Bu faktı hər zaman təkrar-təkrar qeyd etməyi özümüzə borc bilirik ki, Azərbaycan dövləti 30 illik işğal dövründə dünyadan ədalət gözlədi. İşğala məruz qalan, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan olduğu halda bəzi dünya gücləri bu gün də öz maraqları naminə həqiqəti inkar edib Ermənistanı işğala məruz qalan tərəf kimi təqdim edirlər.

Tarixi Zəfərimiz, eyni zamanda, son üç ildə imza atdığımız zəfərlər dövlətimizin başçısının «Nəyi, necə və nə vaxt etmək lazımdır, mən bilirəm» çağırışının nümayişidir. 44 günlük İkinci Qarabağ müharibəsində bir addım belə mövqeyindən geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında bir şərt qoydu- Torpaqlarımızdan rədd olub getmək. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli Bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd azad edildi. Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdilər. 

Son 20 ildən artıq dövrdə Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük müharibə bu güvənin təqdimatı kimi də tarixə yazıldı. Adı Zəfərimizin Sərkərdəsi, ərazi bütövlüyümüzün bərpasının memarı kimi tarixə yazılan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev daim çıxışlarında bu məqamı xüsusi qeyd etdi ki, biz bu illər ərzində həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində güc topladıq. İqtisadiyyatımızı, ordumuzu gücləndirdik. Çıxışlarında «Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq» söyləyən dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi vurğulayır ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də tükənirdi. İşğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonrakı dövrü belə xarakterizə edir ki, əsas vəzifəni, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü, məqsədə hesablanmış, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin son nidası idi.

2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladıq. Müasir tariximizin yeni dövrü məhz 2023-cü il sentyabrın 20-dən sonra başlayır. Dövlət başçısı İlham Əliyev Xocalı sakinləri ilə görüşündə bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki, buranın gözəl təbiəti yaşamaq, yaratmaq üçün hər bir insana xüsusi zövq verəcək. Buna layiqsiniz. Otuz ildən çox müxtəlif yerlərdə yaşamısınız. Kimi yataqxanada, kimi uşaq bağçasında, kimi qohumların evində, kimi də qəsəbədə yaşayıb: «Bilirsiniz, mən işğal dövründə xocalılılarla dəfələrlə görüşmüşdüm, - Bakıda və digər yerlərdə qəsəbə salınmışdır, - deyirdim ki, gün gələcək sizinlə Xocalıda görüşəcəyik. Bax, bu gün də gəldi.»

Qeyd edilənlər Xocalı soyqırımından Zəfərə doğru keçilən yolun nə qədər şərəfli, eyni zamanda, mübarizələrlə dolu olduğunu nümayiş etdirir. Soyqırımından Zəfərə yol açan əsas amil xalqımızın torpaq, Vətən sevgisi, Prezidentin ətrafında sıx birliyidir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Xocalı sakinləri ilə görüşü, onlara evlərin açarlarını təqdim etdikdən sonra sakinlərlə birlikdə şəhəri gəzib görülən işlərlə tanış olmaları hər birimizi qürurlandırdı. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalıya qayıdış sevincini xalqımızla paylaşmaq istəyinin göstəricisidir.

Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldular. Bildirildi ki, Xocalı şəhərindəki yarımçıq tikili olan yaşayış kompleksi əsaslı təmir edilib. Kompleks 3,34 hektar ərazini əhatə edir. Burada hər biri ikigirişli olmaqla üçmərtəbəli 15 binada ikiotaqlı, üçotaqlı və dördotaqlı 80 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları, idman meydançası, söhbətgahlar yaradılıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri, bu məkandan çıxışları, ictimaiyyət nümayəndələri, həmçinin tarixi torpaqlarımıza, doğma yurd-yuvalarına qayıdan sakinlərlə görüşləri xoş xəbərlərlə, müjdələrlə tarixə yazılır. Cənab İlham Əliyev Xocalı şəhərindən bu müjdəni verdi ki, sentyabr ayından artıq Xankəndiyə də köç başlayır.

Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın sakinlərlə görüşü, onlarla səmimi söhbətləri fonunda bir daha 30 illik işğal dövrünün reallıqlarına diqqət yetirildi, günahsız Xocalı qurbanlarının qisasının alındığı bildirildi. Artıq Xocalı şəhəri qısa zamanda bərpa edilərək sakinlərinə qovuşur. Cənab İlham Əliyev sakinlərlə görüşündə bildirdi ki, antiterror əməliyyatından dərhal sonra dedim ki, birinci növbədə Xocalını bərpa etməliyik.

Xocalı sakinləri səkkiz ayda görülən işləri möcüzə kimi dəyərləndirdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdarlıqlarını ifadə edən sakinlər bildirdilər ki, Sizin sayənizdə qalib xalq kimi yaşayırıq.

Qeyd edək ki, Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Bütün kommunikasiya xətləri yerin altına salınıb, ilk 50 evə birləşmələr verilib. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Bulvar ilə üzbəüz isə çarşı-bazar qurulur, iaşə obyektləri tikilir.

Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınıb. Həmçinin idman kompleksində tamamlanma işləri görülür. Kompleksdə şahmat, cüdo, güləş, gimnastika, stolüstü tennis, basketbol, minifutbol, badminton ilə məşğul olmaq üçün lazımi şərait yaradılacaq. İnfrastruktur işlərinin yaxın müddətdə tamamlanması nəzərdə tutulur.

Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri, keçirilən görüşlərdə çıxışlarının hər biri Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngin olur. Bu baxımdan Xocalı sakinləri ilə görüşü də xüsusi diqqətdə oldu. Diqqəti Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlinin qoulmasına yönəldən Prezident İlham Əliyev bu çağırışı etdi: «Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın.»

Yeganə Əliyeva, «İki sahil»