30 may 2024 01:57
288

Neokolonializmə qarşı mübarizlik, humanizmə sadiqlik

Prezident İlham Əliyevin Fransanın Azərbaycana qarşı davam etdirdiyi təxribatlara, Makronun neokolonialist, müstəmləkəçilik siyasətinə, erməni revanşistlərə cavabı dəyişilməzdir: «Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik.»

Əsrlərdən bəri Fransanın müstəmləkəsinə çevrilən Yeni Kaledoniya xalqı daim təzyiqlərə, zorakılıqlara məruz qalmışdır. Sayları getdikcə azalan kanaklar müstəqillikləri uğrunda mübarizələrini davam etdirsələr də hələ də azadlıqlarına qovuşa bilmirlər. Təbii resursları, xüsusən nikel ehtiyatları ilə zəngin olan adalarında müstəqil yaşamaq istəyən yerli xalq sərvətlərinin sahibi olmaq istəyir. 150 il Əlcəzairdə törətdikləri qırğınları kanaklara tətbiq edən Fransa hakimiyyəti hələ də bu xalqa qarşı zorakılığını davam etdirir. Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı referendumlar keçirilsə də xalqın azadlıq istəklərinin yerinə yetirilməməsi adada vəziyyəti daha da dözülməz edir. Son illərdə müstəqillik uğrunda mübarizələrini gücləndirən kanaklar Fransa konstitusiyasında dəyişikliklərin edilməsi ilə bağlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Yeni Kaledoniyada baş qaldıran xalq üsyanının olduqca ciddi tarixi səbəblərinin olmasına və bu ziddiyyətlərin aradan qaldırılmasına etinasız yanaşan Fransa Prezidenti Emmanuel Makronun etirazların zorla yatırılması, güc tətbiqi ilə ilə bağlı göstərişləri vəziyyəti daha da gərginləşdirir. Bu halda Makronun guya «Qarabağ ermənilərinin hüquqlarının pozulması» ilə bağlı Azərbaycanı ittiham etməsi gülüncdür.

Hadisələr təsdiqləyir ki, Fransa hakimiyyətində, dövlət strukturlarında nəsillərin dəyişməsi ilə müşaiyət olunan dövlət siyasətində ölkəmizə qarşı münasibətlər, pozulan balanslar heç vaxt Makron iqtidarı dövründəki qədər gərgin olmamışdı. ATƏT-in Minsk qrupundakı həmsədrliyinin davam etdiyi 28 ildən artıq dövrdə ölkəmizə qarşı düşmən münasibətini Ermənistanı dəstəkləməklə bildirən, İkinci Qarabağ müharibəsindən sonra aqressiyası daha da artan Fransanın hadisələrə ədalətsiz yanaşmasının səbəbi rəsmi Parisin xarici siyasətində fundamental əsasların nəsil dəyişikliyi ilə formalaşmasıdır. Fransa da daxil olmaqla Avropa dövlətlərinin əksəriyyətində öz ölkəsində və beynəlxalq arenada böyük nüfuz sahibi olan siyasətçilərin , təcrübəli dövlət başçılarının siyasətdən getmələri, Makron kimi naxələf, xam, populist xələflərin iqtidara gəlməsi ilə münasibətlərin gərginləşməsi mütəmadi rast gəlinən siyasi naşılığın əlamətidir.

Qlobal hadisələr burulğanında belə sabitlik tərəfdarı olan, dövlətlərarası qarşılıqlı anlaşma şəraitində əməkdaşlığa üstünlük verən Prezident İlham Əliyevin səylərinə baxmayaraq Makronun hələ də ölkəmizə qarşı dəyişilməyən əsassız yanaşmaları rəsmi Parisin dövlətçilik siyasətində neokolonializm meyillərinə verilən üstünlüklə bağlıdır. «Düşünürdüm ki, bu hadisələrdən sonra münasibətlərimizdə sağlam məntiq üstün olacaq və körpülər yandırılmayacaq, çünki bu, prinsip etibarilə nə Fransaya, nə də bizə lazımdır. Hərçənd hər bir ölkə bir-birini unudaraq sakit yaşaya da bilər. Bununla yanaşı, bütün bu proseslər davam edirdi və bildiyiniz kimi, həm parlament, həm də Senat qondarma «artsax»ı tanıdılar. Amma mənim qondarma «artsax»”ın dislokasiyası barədə tövsiyələrimi də yəqin ki, heç kim unutmayıb» sözləri ilə Qarabağı könüllü tərk edən haylara fəxri vətəndaşlıq verən Parisin merinə tövsiyələrini də çatdırır: «Təklif edərdim ki, bəlkə də fəxri sözünü real vətəndaşlıq ilə əvəz etsinlər, onları Parisin mərkəzində yerləşdirsinlər və orada Artsax respublikası elan etsinlər.» İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Makronun Praqadakı görüşdə iştirakına razılıq verməsi, başqa səviyyələrdə də təmasların yaranması, qarşılıqlı olaraq Fransa və Azərbaycan nümayəndə heyətlərinin səfərlərinin təşkili ölkəmizin sülhsevər siyasətinin bariz nümunəsi idi. «Yəni, münasibətlər davam edirdi, amma antiterror əməliyyatından sonra bu münasibətlər mahiyyətcə dayandırıldı, yenə də bu, bizim günahımız ucbatından baş vermədi. Sadəcə, Fransa artıq heç bir başqa amillərlə maskalanmayaraq, açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı - qətnamələrin qəbul edilməsi cəhdləri, bundan sonra BMT Təhlükəsizlik Şurası platformasında Azərbaycana qarşı sanksiyalar tələbi. Zənnimcə, ən azı 5 dəfə bu cür cəhdlər edildi və onların hamısı tam uğursuzluqla nəticələndi, çünki ölkələrin əksəriyyəti bizi dəstəklədi və bu qətnaməni qəbul etdirmək üçün onlar dövlətlərin zəruri sayını toplaya bilmədilər» sözləri ilə rəsmi Bakının sülhsevər siyasətini diqqətə çatdıran Prezident İlham Əliyev Fransanın Azərbaycana qarşı davam etdirdiyi təxribatları, Makronun neokolonialist, müstəmləkəçilik siyasətini XXI əsrin tələblərinə cavab verməyən siyasi naşılıq adlandırır. Düzdür, rəsmi Parisin yalan və böhtanlarına adekvat cavablar verilir. Fransa imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklərin iç üzü tutarlı faktlarla beynəlxalq səviyyədə açıqlanır. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində, Bakıda «Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru”» adlı konfransın iştirakçıları tərəfindən yaradılan Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyəti dəstəklənir. XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək naminə yaradılan BTQ-nin Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinik, Qvadelupa və Korsikadakı müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkatın yayadığı birgə Bəyanatda Fransa hökumətinin Kanaki-Yeni Kaledoniyada seçki kütləsinin genişləndirilməsi lehinə qanunsuz dəyişikliyi zorla tətbiq etməsi pislənilib, müstəqillik uğrunda ədalət mübarizəsinə qalxan xalqlara tam dəstək ifadə olunub. «Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu tapdalayan», özünü «insan hüquqları ölkəsi» hesab edən Fransanın müstəmləkəçilik siyasətinə qarşı Numeada davam edən etiraz aksiyalarının zor tətbiqi ilə dağıdılması insan hüquqlarının pozulmasına ən tutarlı faktdır.

Əvvəllər Əlcəzairdə istifadə etdiyi nüvə sınaqlarını, mina terrorolarını hazırkı dövrdə də davam etdirən Fransanın Ermənistanı öldürücü silahlarla təmin etmək niyyəti neokolonializmin rüsvayçı təzahürüdür. Fransanın erməni təəssübkeşliyinə, Cənubi Qafqazda sabitliyin pozulması cəhdlərinə cavab Prezident İlham Əliyevin «Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik» sözləridir. Yeni Kaledoniyada bir azərbaycanlı jurnalist qadının, İsveçrənin qeyri-hökumət təşkilatını təmsil edən nümayəndənin polis tərəfindən saxlanılmasına Avropanın «demokratik» « təsisatlarının göz yumması Fransanın neokolonializm siyasətinə utancverici dəstəkdir. «Zənnimcə, bu gün baş verənlər BMT Təhlükəsizlik Şurasında və Avropa İttifaqında bir fiaskodur, onların Avropa parlamentindəki nümayəndələri vasitəsilə bizə müəyyən mənada zərər vermək, ola bilər ki, hətta «qıcıqlandırmaq”» kimi boş cəhdlərinin hamısı faydasızdır» söyləyən Prezident İlham Əliyev vurğulayır ki, Qoşulmama Hərəkatında sədrliyimiz başa çatsa da Bakı Təşəbbüs Qrupu yaşayacaq, biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik. Çünki Fransadan fərqli olaraq Azərbaycan separatizmə yox, xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət edir. Makron iqtidarının Avropadan kənarda idarə etdiyi əraziləri fransızsayaq müstəmləkə imperiyasının iyrənc qalıqları adlandırır. Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırır.

Son onillikdə müxtəlif ölkələrdə baş verən etirazlardan, iğtişaşlardan fərqlənən Yeni Kaledoniyada aksiyaları, nümayişçilərə qarşı polis zorakılığı, dinc sakinlərin ölümü ilə nəticələnən cinayətlər kanak xalqına ikili standartlar tədbiq edən, assimilyasiya siyasəti yeridən Paris demokratiyasının qaranlıq üzü, növbəti soyqırım cəhdlərinin təzahürüdür.

Fransa Seyminin, xarici işlər nazirinin Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda ittiham etməsi isə siyasi klounluqdur. Fransa 30 ildən çoxdur ki, Cənubi Qafqazdakı proseslərə müdaxilə edir, sülhə, sabitliyə maneə olur, region dövlətlərinin daxili işlərinə qarışır. Azərbaycanın Fransanın daxili məsələsi olmayan bir xalqın azadlıq hərəkatına mənəvi dəstəyini ifadə etməsi isə Parisi çox qıcıqlandırır. Bölgədə yaratdığı yeni reallıqları beynəlxalq səviyyədə dəstəklənən, bütün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmaqla ümumbəşəri dəyərlərin, insan hüquqlarının, demokratik prinsiplər əsasında qorunmasını daxili və xarici siyasətinin əsas amili kimi müəyyənləşdirən Azərbaycan neokolonializmə qarış mübarizliyini bundan sonra da davam etdirəcək. Bu xeyirxah niyyətini, inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəyliyini «Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması» mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına təbrik məktubundakı «İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin səslərinin yüksək və aydın eşidilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev humanizmə sadiqliyini ifadə edir.

Xuraman İsmayılqızı, «İki sahil»