30 may 2024 02:16
320

Erməni cinayətkarlar və cavabdehlər...

Paşinyan Xocalı soyqırımını tanımaqla bu gün onu devirmək istəyən revanşistləri də ifşa etmiş olar

Nikol Paşinyan iqtidarına qarşı etiraz aksiyaları vasitəsilə heç nə əldə edə bilməyəcəklərini anlayan revanşistlərin Ermənistanda vəziyyəti gərginləşdirmək üçün təxribatlara əl atacağı istisna edilmir. “Vətən naminə Tavuş” hərəkatı 2020-ci ildə ikinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra baş nazir Nikol Paşinyana qarşı başladılmış ən böyük narazılıq dalğası hesab edilsə də qısa müddətdən sonra aydın oldu ki, sabiq prezidentlər Serjik Sarkisyan və Robert Koçaryanın da fəal iştirak etdiyi birləşmiş müxalifət ictimai rəyi öz xeyrinə dəyişdirə bilmədi. Xeyli müddətdir ki, hakimiyyətlə çəkişmələrdə olan Erməni Apostol Kilsəsinin siyasi proseslərə əvvəllər olduğu kimi “pərdə arxasından” deyil, Baqrat Qalstanyanın timsalında aktiv qoşulması da baş nazirin əleyhdarlarının və Ermənistanda çevriliş etməyə çalışan xarici qüvvələrin ümidlərini doğrultmadı. Nikol Paşinyanın 2018-ci ildə iqtidara gəlmək üçün istifadə etdiyi “küçədən hakimiyyətə” taktikasının onun özünə qarşı tətbiqinin alınmaması revanşist qüvvələri yeni, daha radikal addımlar atmağa təhrik edə bilər. Ermənistanın müxalifyönlü KİV-ində hakimiyyətin aksiya iştirakçılarına əks tədbirlərin görülməsi üçün “düyməyə basdığı” ilə bağlı xəbərlər də, böyük ehtimalla, baş verə biləcək toqquşmalarda iqtidarı günahkar çıxarmağa hesablanıb. “Hraparak” qəzeti yazır ki, bəzi məlumatlara görə, hakimiyyətin yuxarı eşalonlarında bütün mümkün variantlar nəzərə alınaraq “qəyyum” qruplarının yaradılması və Qalstanyanın rəhbərlik etdiyi hərəkatın tərəfdarlarına qarşı əks tədbirlərin görülməsi, hətta təxribatların törədilməsi məsələsi müzakirə olunur. Nəşrin iddiasına görə, hakimiyyət hər ehtimala qarşı 2020-ci ilin noyabrında olduğu kimi, “İnqilab keşikçiləri” dəstəsini silahlandırıb və onlar mübarizə dalğası səngiyənə, təhlükə tam aradan qalxana qədər xüsusi evlərdə məskunlaşdırılıblar. Bu qüvvələr istənilən an Nikolun ictimai tərəfdarları qismində proseslərə müdaxilə edərək güc strukturlarının əməkdaşlarına müxalifətə qarşı kəskin addımlar atmaq üçün “səbəblər” verməyə hazırdırlar.

Bir neçə gün əvvəl Ermənistan parlamentinin deputatı Armen Xaçatryan da “Facebook” səhifəsində vətəndaş toqquşmaları ehtimalına işarə vuran fikirlər paylaşmışdı: “Müxalifətin “müqəddəs hərəkatı”nın bu cür davam etməsi qarşıdurmalar üçün də real risklər yaradır. Vətəndaşlarımızın səbrini sınamaq olmaz.”

Proseslərin inkişafı göstərir ki, revanşistlər hakimiyyəti ələ keçirmək üçün ənənəvi üsullarından, yəni qanlı toqquşmalardan da istifadə edə bilərlər. Ermənistanda vəziyyətin nəzarətdən çıxması isə, ilk növbədə, sülh danışıqlarında əldə edilmiş irəliləyiş və sülh müqaviləsinin imzalanması imkanları üçün ciddi təhlükə deməkdir. Çünki bu gün Nikol Paşinyanı devirmək istəyən qüvvələr ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başında dayanmış şəxslərdir. “Qarabağ klanı”nı təmsil edən eks-prezidentlərin rəhbərlik etdikləri “Vətən naminə Tavuş” hərəkatı da məhz Ermənistan hakimiyyəti tərəfindən Azərbaycanın işğal altında olan dörd kəndinin – Qazax rayonunun inzibati ərazisində yerləşən və anklav olmayan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimlinin qaytarılmasının, bu istiqamətdə iki dövlət arasında sərhədin delimitasiyasına start verilməsinin “qanunsuz olması”, “növbəti təslimçilik fəaliyyəti” bəhanəsi ilə başlayıb. Odur ki, Ermənistanda revanşist qüvvələrin fəallaşması fonunda Azərbaycanın qabaqlayıcı tədbirlər görməsi başadüşüləndir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşü zamanı Ermənistanda baş verən proseslərlə bağlı bildirib ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək: “Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik.”

Yeri gəlmişkən, keçmiş prezidentlər Serjik Sarkisyan və Robert Koçaryanın birləşmiş müxalifət hərəkatına dəstək verməklə Ermənistanda yenidən hakimiyyətə gəlmək cəhdləri onların Birinci Qarabağ müharibəsi dövründə Azərbaycana qarşı törətdikləri çoxsaylı hərbi cinayətlərə, xüsusilə ötən əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımına görə məsuliyyət məsələsini də aktual edir. Ermənilərin törətmiş olduğu bu faciə artıq rəsmi olaraq dünyanın 13 dövləti tərəfindən soyqırımı aktı kimi tanınıb. Bir əsrdən artıqdır ki, Türkiyəni saxta “erməni genosidi” iddiaları ilə ittiham etməyə çalışan Ermənistan özünün yaxın keçmişdə törətdiyi, faktlarla, şahid ifadələri ilə sübuta yetirilmiş Xocalı soyqırımına görə cavab verməlidir. Dövlətimizin başçısı xocalılılarla görüşündə bu mühüm məqama da toxunaraq bildirib ki, Ermənistan özü Xocalı soyqırımını etiraf etməlidir, özü bizdən üzr istəməlidir: “Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın.”

Uzun illər boyu Robert Koçaryan, Serjik Sarkisyan kimi cinayətkarların hakimiyyətdə olmasının əziyyətini çəkmiş erməni xalqı da anlamalıdır ki, onların revanşizm fəaliyyətinə imkan verilməsi Ermənistan üçün yeni fəlakətlər gətirə bilər. Azərbaycanla münasibətlərin normallaşması, sülh şəraitində inkişafa aparan yol, eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyanın öz mənfur sələflərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarına ədalətli münasibətindən çox asılıdır. Odur ki, o, özündə iradə tapıb Xocalı soyqırımını rəsmən tanımalı və üzr istəməlidir. Əslində, Paşinyan belə bir addım atmaqla Ermənistanda hakimiyyət çevrilişi etmək istəyən revanşistləri də ifşa etmiş olar ki, bu da onun öz mövqelərini möhkəmləndirməsinə ciddi təsir göstərə bilər. Əks halda, itirən Paşinyanın özü və erməni xalqı olacaq...

Mahir Rəsuloğlu, “İki sahil”