29 may 2024 11:34
289

Qarşılıqlı səylər və həmrəylik

Aparılan uğurlu daxili və xarici siyasət kursunun nəticəsində Cənubi Qafqazın siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan uzun illərdən bəridir bir çox beynəlxalq tədbirə, dünya əhəmiyyətli konfranslara ev sahibliyi etmişdir. Belə ki, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu, IV İslam Həmrəyliyi Oyunları, Qoşulmama Hərəkatı və digər tədbirlər məhz Azərbaycanda keçirilmişdir. Azərbaycan torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa etdikdən sonra beynəlxalq arenada öz nüfuzunu daha da artırmışdır. Təsadüfi deyil ki, ölkəmiz bu il daha bir mühim beynəlxalq tədbir-  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməyə hazırlaşır. İqlim dəyişikliyi ilə bağlı problemlər sadəcə ayrılıqda götürülmüş bir ölkə və ya region üçün deyil, bütün planetimiz üçün ciddi təhdidlər yaradır. Bu qlobal problemin həlli yolları da yalnız bütün dünya ölkələrinin birgə səyləri nəticəsində tapıla bilər.

Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olması faktı bir çoxlarında ölkəmizin COP29-a ev sahibliyi etməsinin məqsədəuyğunluğu ilə bağlı şübhələr yaratmışdı. Cənab Prezident İlham Əliyev bu məsələlərdə dövlətimizin qəti mövqeyini bir daha ortaya qoyaraq həmin yanaşmanın kökündən səhv olduğunu sübut etdi. Həm “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində etdiyi çıxışında, həm də öz müsahibəsində cənab Prezident birmənalı olaraq bildirdi ki, məhz qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçid və qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə məsələlərində öndə getməlidirlər və bu ölkələr ilk növbədə öz sərvətlərini ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutulan hədəflərə necə yönəltmələrinə görə dəyərləndirilməlidirlər. Respublikamız iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirir. Bununla belə, ölkəmizin altenraniv enerji potensialı da yüksək dəyərləndirilir. Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibəsində qeyd edib: “Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni də anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir”. Azərbaycan 2011- ci ildən bəridir  bu  təşkilatın  üzvüdür. Qoşulmama Hərəkatı özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu və Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təşkilatdır. Prezident İlham Əliyev bu təşkilata 4 il sədrlik etmənin Azərbaycana qazandırdığı əvəzsiz təcrübədən danışmışdır. Ölkəmiz aktiv şəkildə Avropa İttifaqı ölkələri ilə birgə işləyir, artıq üzv ölkələrin doqquzu ilə “ Strateji tərəfdaşlıq Bəyənnaməsi” imzalayaraq qəbul etmişdir. Elə bu da, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə fəal işləməsinə və həmrəylik prioriteti əsasında beynəlxalq tədbirlərə sədrlik etməsinə şərait yaradır.

Prezident İlham Əliyevin aprelin 26-da Berlində “Euronews” telekanalına verdiyi müsahibəsində əks olunmuş ən vacib məqamlardan biri də “üçlük” mexanizminin yaradılması barədə söylədiyi fikirlər olub. Dövlət başçımız Azərbaycan tərəfindən irəli sürülmüş və COP üçün yenilik olan üç ölkə mexanizminin yaradılması təşəbbüsünü xüsusi olaraq diqqət mərkəzinə çəkdi. Qeyd olundu ki, burada məqsəd üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, bütün ölkələr qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birilərini günahlandırmaq cəhdlərindən əl çəkməlidirlər. Azərbaycan isə COP29-a ev sahibliyi edəcək ölkə kimi bunun üçün əlverişli platforma yarada bilər və bu, qarşıda duran qlobal vəzifələrin icrasına doğru atılmış böyük addım olacaq.

COP 29 kimi qlobal miqyaslı tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi bir daha təsdiqləyir ki, dünya birliyi ölkəmizə və onun Liderinə inanaraq böyük etimad göstərir. Məlumdur ki, COP üçün yenilik olan bir təşəbbüs ölkəmiz tərəfindən irəli sürülüb. Beləliklə, qarşılıqlı səylər və həmrəylik sayəsində iqlim dəyişiklikləri məsələsində müsbət nəticələr əldə etmək mümkündür.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri