26 may 2024 13:34
311

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin növbəti uğurlarından biridir

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP 29 ərəfəsində on minlərlə xarici nümayəndə, yüzdən çox ölkənin dövlət və hökumət başçısı, yüksək səviyyəli rəsmi qonaqlar ölkəmizə gələcək, iki həftə ərzində bütün dünyanın diqqəti yenidən Azərbaycana yönələcək. COP-un son dövrlərdə neft ölkələrində keçirilməsi bu ölkələrin öz iqtisadiyyatını yaşıl enerjiyə keçid istiqamətində qurmağa doğru addımlamasının və ətraf mühit məsələlərinə həssas yanaşmasının göstəricisidir. Azərbaycanın əsas üstünlüklərindən biri COP29 bizə həvalə edilməmişdən əvvəl ekoloji problemlərlə ciddi məşğul olması, iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmaq istiqamətində çalışmasıdır. Belə ki, əvvəlki illərlə müqayisədə Bakıda yaşıl ərazilərin coğrafiyası genişlənib. Eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda su resursları üzərində fəal iş aparılır.
Azərbaycan COP29-un ev sahibi kimi iqlim problemlərinə mənfi təsirlərin açıq şəkildə müzakirəsinin tərəfdarıdır. Həmçinin, ölkəmiz neft və qazla zəngin olan ölkələr üçün məsuliyyət platforması yaratmağa çalışır. 

Cari ilin aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı dünyanın aparıcı televiziya kanallarından biri olan “Euronews” telekanalı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən müsahibə alıb. İlk növbədə Prezident İlham Əliyev bu il ölkəmizdə keçiriləcək COP29-un gedişində bütün tərəflərin özlərini rahat hiss edəcəyi bir mühit yaradılacağını diqqətə çatdırdı. Cənab prezident İlham Əliyev qeyd etmişdir ki, ölkəmizin Qoşulmama Hərəkatına 4 il sədrlik etməsi, 120-dən çox üzvü olan bir təşkilatda həmrəylik mühiti yarada bilməsi imkan verir ki, belə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etsin. 
Azərbaycanın OPEC+ təşkilatının üzvü olduğunu xatırladan ölkə başçısı bildirib ki, “Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir.”
Öz müsahibəsində cənab Prezident İlham Əliyev bir daha bildirdi ki, qazıntı yanacağı hasil edən ölkələri mühakimə etmək lazım deyil. Həmin ölkələri öz sərvətlərindən necə istifadə etdiklərinə görə mühakimə etmək lazımdır.

Cavid Mehdizadə,
Müdafiə Sənayesi Nazirliyi
Elmi-Tədqiqat İnstitutunun əməkdaşı
YAP Xətai rayon təşkilatının fəalı