24 may 2024 22:43
347

Yurd həsrətinə son...

2020-ci ildə Vətən müharibəsində tarixi Zəfərimizdən sonra Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən, həm də dünyanı heyrətləndirən yenidənqurma işləri həyata keçirilir. Bununla paralel olaraq Böyük Qayıdış Proqramına uyğun olaraq işğaldan azad edilmiş torpaqlarımızda salınan müasir kənd, qəsəbə və şəhərlərə köç karvanları yola düşür.

Mayın 24-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın rayonunun Sus kəndinə 39 ailə, 140 nəfər köçürülüb. Beləliklə, uzun ayrılıqdan sonra onların da yurd həsrətinə son qoyulub. Onların bu sevincini təsvir etmək  o qədər də asan deyil. Amma bircə onu qeyd edək ki, onların danışıqlarından, gülüş səslərindən düşmən tapdağına məruz qalmış bu qədim yurd yerinin qədd-qaməti düzəlir. Bununla da Sus kəndində 59 ailənin və ya 215 nəfərin məskunlaşması təmin edilib.

Qeyd edək ki, 25 hektar ərazini əhatə edən Sus kəndində 13 ikiotaqlı, 28 üçotaqlı, 14 dördotaqlı və 4 beşotaqlı fərdi ev tikilib. Kənddə 132 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət parkı və müxtəlif uşaq meydançaları yaradılıb. Bu məqamda  Prezidenti İlham Əliyevin 2023-cü il dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda söylədiyi bu fikirləri də xatırlamaq yerinə düşərdi: “Biz əlimizdən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər”.

May ayının 10-da  Prezident İlham Əliyev Susda görülmüş işlərlə tanış olarkən və kəndə köçmüş sakinlərlə görüşərkən onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə dövlət başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar dövlətimizin başçısını dünyanı heyran edən Prezident kimi dəyərləndirib.

Sakinlər, həmçinin həmişə onların qayğısına qalan, Azərbaycanı inkişaf yoluna çıxaran, “Sizi bir daha əmin edirəm ki, işğal olunmuş torpaqlarımız azad olunacaq, soydaşlarımız öz yerlərinə-yurdlarına qayıdacaq, müstəqil Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa ediləcəkdir" deyən  Ulu Öndər Heydər Əliyevin də xidmətlərini dərin hörmətlə xatırlayıblar.

Yeri gəlmişkən, Prezident İlham Əliyev həmin görüşdə demişdi ki, xalqımızın tarixi həm şərəflidir, həm kədərlidir: “Ancaq bizim tariximizdə keçmiş köçkünlər qədər əziyyət çəkən insanlar olmayıb. Həm mənəvi əzab, həm fiziki əziyyət, həm torpaqların itirilməsi, öz yaxınlarının məzarlarını ziyarət edə bilməməyiniz - bu dərdin misli-bərabəri yoxdur”. Dövlətimizin başçısı, həmçinin vurğulamışdı ki, 13 il əvvəl Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində laçınlılarla öz doğum günümdə görüşərkən onlara söz vermişdim ki, biz hamımız qayıdacağıq və o gün də gəldi.

Bəli, o gün gəldi. Sakinlər onların Vətən həsrətinə son qoymaqda yorulmadan çalışan dövlət başçımızı dünyanı heyran edən Prezident kimi dəyərləndiriblər. Şübhəsiz, Prezident İlham Əliyevin  bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərini aparması tarixdə görünməmiş bir hadisədir. Amma bu vüsəti erməni lobbisinin təsiri altında olan Fransa kimi ölkələr, həmçinin Avropa Parlamenti, Avropa İttifaqı, AŞPA və digər qurumlar həzm edə bilmirlər.

Qvami Məhəbbətoğlu, “İki sahil”