24 may 2024 23:19
258

Şərqlə Qərb dəyərlərini bəşəri ideyalar ətrafında birləşdirən ölkə

Son günlərdə respublikamızda keçirilən görüşlərin xronikası bir daha təsdiqləyir ki, Azərbaycan qazandığı siyasi, iqtisadi, humanitar platforma adını, sivilizasiyalararası körpü rolunu ləyaqətlə doğruldur

Beynəlxalq aləmdə belə artıq aforizmləşmiş Azərbaycanın Qərb ilə Şərq arasında körpü rolunu oynaması illərin sınağından çıxmış reallıqdır. Respublikamızda keçirilən Qlobal Bakı forumlarında, dialoqlarda Avropa ilə Şərq ölkələri təmsilçilərinin iştirakı, aktual problemlərin birgə müzakirəsi, insanlıq naminə bəşəri dəyərlərin qorunması ilə bağlı çağırışların vəhdət halında səslənməsi etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın diplomatik uğurları olmaqla, ölkəmizin dünyada sabitliyin qorunmasına töhfəsidir. Ötən ilin noyabrında Bakıda keçirilən BMT və onun Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı-SPECA Azərbaycanın sivilizasiyalar arasında münasibətlərin möhkəmləndirilməsindəki roluna bariz nümunədir. SPECA-ya üzv dövlətlərin- Azərbaycanın, Əfqanıstanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın və Özbəkistanın, eyni zamanda müxtəlif beynəlxalq təşkilatlarda Avropa təsisastları ilə birlikdə təmsil olunmaları ölkələrarası əməkdaşlığı genişləndirməklə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq imkanlarını artırır.

Geniş regionda, tranzit qovşağı qismində çıxış edən Azərbaycan kimi tərəfdaşlarının da qlobal nəqliyyat layihəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz proqramlarında iştirakları həmrəylik rəmzidir. Regional tərəfdaşlarla əməkdaşlıq edən SPECA üzvləri enerji mənbələrinin və enerji resurslarının dünya bazarlarına tədarükü marşrutlarının şaxələndirilməsində fəal iştirak edir. Eyni zamanda, bu ölkələrdə bərpaolunan enerji mənbələri sahəsində imkanların artırılmasına yönəlmiş iri layihələrə inteqrasiya üçün infrastruktur yaradılır. Onlar, həmçinin regional enerji əlaqələrini genişləndirir və enerji sisteminin dayanıqlılığının və təhlükəsizliyinin artırılması üzrə birgə səylər vasitəsilə enerji resurslarının idxal və ixracında iştirak edirlər. Bu baxımdan Avropanın enerji bazarına çıxış imkanının əldə olunmasında əvəzedilməz rolunu sübuta yetirən Azərbaycanın təcrübəsi müstəsna əhəmiyyət daşıyır. Azərbaycanın qaz, ekoloji cəhətdən təmiz alternativ enerji resurslarına maraq artır. SPECA-ya sədrlik edən Azərbaycanın təşəbbüsü, dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Zirvə görüşündə iqtisadi maraqları birləşdirən ən mühüm amil kimi siyasi sabitliyin vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyev «Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyi» sözləri ilə taleyi xarici ağalarının əlində olan itaətkar dövlətləri sülh naminə birliyə dəvət etdi. Qərb və Şərq dəyərlərini bəşəri ideyalar ətrafında birləşdirməklə humanizm prinsiplərinin mütləq qələbə çalacağına inamını ifadə etdi.

Türk Dövlətləri Təşkilatının (TDT) nüfuzu, xalqlararası həmrəyliyə verdiyi töhfələr artmaqdadır. Bu təşkilata üzv dövlətlər arasında möhkəmlənən qardaşlığa ən bariz nümunə Füzuli şəhərində Özbəkistanın inşa etdiyi 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı, Qazaxıstanın xalqımıza hədiyyəsi olan Kurmanqazı adına yaradıcılıq mərkəzinin istifadəyə verilməsidir.

Qırğızıstanın Prezidenti Sadır Japarovun ölkəmizə səfəri TDT-nin üzv dövlətləri arasındakı həmrəyliyə daha bir nümunədir. Səfər ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə verilən töhfələrlə zəngin olmuşdur. Azərbaycanla Qırğızıstan arasında imzalanan Birgə Bəyannamənin əhəmiyyətini mətbuata bəyanatlarında xüsüsilə qeyd edən prezidentlər bu kimi sənədləri münasibətlərin gələcək inkişafı baxımından yüksək dəyərləndirmişlər.

«Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Bu gün biz həm məhdud tərkibdə, həm də geniş heyətdə qarşılıqlı fəaliyyətimizin əsas məsələlərini müzakirə etdik, Dövlətlərarası Şuranın ikinci iclasını uğurla keçirdik, müvafiq idarələrin rəhbərlərinin məlumatlarını dinlədik və müvafiq tapşırıqlar verdik. Əminəm ki, bu səfər və onun nəticələri qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək» sözləri ilə qarşılıqlı səfərlərin artıq ənənəvi formalaşmasını bütünlükdə TDT üçün mühüm əhəmiyyət daşıdığını qeyd edən Prezident İlham Əliyev bu ilin iyulunda Şuşada keçiriləcək TDT-nın qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətini də vurğulamışdır. Hər iki dövlət başçısı bu cür görüşləri qarşılıqlı fəaliyyətin, ünsiyyətin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərli adlandırmışlar.

Bu günlərdə enerji istehsalı və suvarma məqsədilə Araz çayı üzərində inşa edilən, enerji güclərinin bərabər bölünməsini təmin edəcək «Xudafərin» və «Qız Qalası» hidroqovşaqlarının istifadəyə verilməsi ilə ölkəmizin enerji xəritəsinin coğrafiyası genişlənir. Hidroqovşaqların açılış mərasimlərini dərin kökləri, oxşar tarixləri, adət-ənənələri olan İran-Azərbaycan dostluğunun təzahürü adlandıran Prezident İlham Əliyev bu layihələrin gerçəkləşməsini bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğuladı.

Bu günlərdə Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri ölkəmizin siyasi həyatında yaşanan hadisələrdəndir. Səfər zamanı təkbətək və geniş formatda keçirilən görüşlərdə, mətbuata bəyanatlarında iki dost ölkənin başçıları arasındakı münasibətlərin sarsılmazlığını bildirən prezidentlər İlham Əliyev və Emoməli Rəhmon sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihələrin reallaşdırılmasına dair müzakirələri səmərəli adlandırdılar.

İki ölkə arasında möhkəmlənən əməkdaşlığın keyfiyyət baxımından daha zəngin olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri xüsusilə diqqətə çatdırdı. Qeyd olundu ki, geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələlər ətrafında müzakirələrin aparılması ölkələrarası əlaqələri daha da gücləndirəcək. Vurğulandı ki, Tacikistanla Azərbaycan arasındakı təmaslar, beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər qarşılıqlı fəaliyyətin ən mühüm amilidir.

Azərbaycanla Tacikistan arasındakı əməkdaşlığın sarsılmazlığı İslam həmrəyliyinin bariz nümunəsi adlandırıldı. Tacikistan Prezidenti beynəlxalq və regional təşkilatlar çərçivəsində hər iki ölkə tərəfindən dəstəklənən təşəbbüslərin qarşılıqlı faydasını qeyd etməklə bu təcrübənin davamının vacibliyini də diqqətə çatdırdı.

Enerji diplomatiyasında Qərb ölkələri ilə əməkdaşlığa prioritet kimi diqqət yetirən, Avropa bazarını ən sərfəli əməkdaşlıq məkanı adlandıran Prezident İlham Əliyevin dünyada dəstəklənən enerji diplomatiyası, şaxələndirmə siyasəti Azərbaycanın beynəlxalq səviyyədə önəmini daha da artırıb, mövqeyini möhkəmləndirib. Avropa üçün sabit və mühüm enerji mənbəyi hesab edilən ölkəmizin Səudiyyə Ərəbistanının, İtaliyanın tanınmış şirkətləri ilə əməkdaşlığı «yaşıl enerji» gündəliyini daha da aktuallaşdırır. Bəllidir ki, Azərbaycan təkcə zəngin karbohidrogen ehtiyatlarına malik ölkə deyil, eyni zamanda, Mərkəzi Asiyadan Avropa istiqamətində göndərilə biləcək karbohidrogen məhsullarının nəqlində mühüm tranzit ölkə kimi də mühüm önəm daşıyır. Son illərdə Avropanın doqquz ölkəsi ilə enerji sahəsindəki əməkdaşlığını genişləndirən ölkəmizin şaxələndirmə siyasətinə qoşulan qitə ölkələri də daxil olmaqla digər dövlətlər də Azərbaycanın bölgədə müstəqil siyasət yeritməsini, enerji asılılığı olmayan bir dövlət kimi söz sahibliyini etiraf edirlər.

Azərbaycanın türkdilli, İslam dövlətləri ilə həmrəyliyinin, strateji tərəfdaşlığının ortaq və oxşar tarixi əlaqələrdən, eyni dinə mənsubluğundan qaynaqlandığı bəllidir. Xarici siyasətini bütün dövlətlərlə qarşılıqlı hörmət, biri-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında davam etdirən ölkəmizin Avropa, ərəb ölkələri ilə əməkdaşlığı da sağlam münasibətlər zəminində davam etdirilir.

Bu günlərdə Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində mühüm sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığa verilən böyük önəmin təcəssümü idi. Səfər çərçivəsində iki ölkə arasında tərəfdaşlıq haqqında Birgə Bəyannamənin, müdafiə sənayesi ilə bağlı sənədlərin imzalanması, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malik «Həmrəylik Halqası»na verilən dəyərdir. Slovakiyaya təbii qazın ixracı iqtisadi əməkdaşlığı daha da gücləndirəcək. Türk dövlətlərinin həmrəylik ənənələrinin davamı kimi dəyərləndirilən Slovakiyanın Ağdamın Qərvənd kəndinin yenidən qurulmasında iştirakı ilə bağlı humanist addımı ölkəmizin sülh təşəbbüslərində fəal iştirakına verilən dəyərdir . «Siz suverenliyə gəldikdə nümunə ölkəsiniz. Suveren mövqe və fikirlərə gəldikdə, mən hər zaman belə ölkələri yüksək qiymətləndirirəm. Siz ədalətsizliyə sinə gərirsiniz» söyləyən, Prezident İlham Əliyevə səmimi duyğularını «Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz. Siz praqmatik şəxsiyyətsiniz və Sizin xarici siyasətiniz təkcə bir istiqamətdə köklənməyib. Siz ərazi bütövlüyünün nə dərəcədə vacib olduğunu çox gözəl bilirsiniz. Bununla yanaşı, Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm» sözləri ilə ifadə edən Robert Fitso ikili standartlara qarşı mübarizliyi ilə fərqlənən dövlət başçımızla həmrəyliyini bildirdi. Azərbaycan beynəlmiləl dəyərlərə əsaslanan diplomatiyasının uğurlarını dəstəklədi. Azərbaycanla Avropa İttifaqı arasında körpü olmağa, ölkəmizlə bağlı obyektiv vəziyyəti Aİ-yə təqdim etməyə hazır olduğun bildirən Baş nazir xüsusilə hərbi sahədə əməkdaşlığa böyük önəm verdiyini də vurğuladı.

Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun azərbaycanlı həmkarı Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizə dövlət səfəri, hər iki ölkə arasındakı iqtisadi, siyasi əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərəcək mühüm əhəmiyyətli sənədlərin imzalanması hədəflərin reallaşması imkanların artırır. Dövlət başçılarının təkbətək və geniş tərkibli görüşlərində səslənən fikirlərin, irəli sürülən təkliflərin dəstəklənməsi ölkələrimiz arasındakı etimadın, qarşılıqlı hörmətin, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığın ifadəsi idi. Azərbaycanın və Belarusun dövlət başçıları İlham Əliyevin və Aleksandr Lukaşenkonun mətbuata birgə bəyanatlarında açıqlanan proqnozlar, müasir dövrün tələblərinə uyğun fəaliyyət istiqamətlərinin, aqrar sahənin, turizmin, kiçik və orta biznesin inkişafı ilə bağlı sənədlərin imzalanması hər iki ölkənin iqtisadiyyatına təkan verəcək amillərdir.”

Mərasimdə Bakı –Minsk, Gəncə – Qomel, Qəbələ- Qrodno şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumlar”ının imzalanması hər iki ölkədə müasir şəhərsalma mədəniyyətini əks etdirən təcrübə mübadiləsinə göstərilən diqqətin təzahürüdür. Qeyd olunduğu kimi, MAZ avadanlıqlarının, yanğınsöndürmə, lift texnikasının birgə istehsalı ilə bağlı razılaşmalar yeni sənaye sahələrinin yaradılması, iş yerlərinin açılması baxımından çox əhəmiyyətlidir. Əczaçılıq, baytarlıq preparatları üçün birgə istehsalla bağlı razılıq hər iki ölkədə aqrar sahənin inkişafını sürətləndirməklə ölkələrarası tərəqqiyə yeni baxışları formalaşdırır.

Müasir dövrün tələbinə, çağırışına uyğun, regional və beynəlxalq məsələlər üzrə aparılan müzakirələrin, möhkəmlənən münasibətlərin strateji xarakterinə uyğun davamını sınaqdan çıxan təcrübə adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, yalnız çoxplanlı, yaxşı keçmişə və yaxşı gələcəyə hesablanmış, qarşılıqlı etimada, ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.

Az müddətdə ölkəmizin siyasi həyatında baş verənlərin qısa xronologiyası, müxtəlif dövlət və hökumət başçılarının ölkəmizə rəsmi və dövlət səfərləri göstərir ki, dünyanın qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı, müəllifi və əsas tərəfdaşı olan Azərbaycan həqiqi mənada siyasi, iqtisadi, humanitar platforma, sivilizasiyalararası körpü, mədəni müxtəlifliyin məkanı, mültikultural dəyərlərə sadiq, tolerant dövlətdir.

Xuraman İsmayılqızı, «İki sahil»