25 may 2024 00:58
353

Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir

Dövlət başçısı İlham Əliyev bildirir ki, həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar

“Azərbaycan Ermənistanla olan məsələni - öz ərazi bütövlüyünün bərpasını 2020-ci ildə hərbi-siyasi yollarla, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində həll edib və 2023-cü ildə öz dövlət suverenliyini tam bərpa edib. İndi isə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Biz bu prosesin ilkin müsbət nəticələrini görürük və sərhədimizin şimal hissəsində artıq delimitasiya və demarkasiya başlanmışdır. Hesab edirəm ki, bu, ümidverici hadisədir. Çünki bu, ümid verir ki, nəhayət, uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər.”  Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı ilə bağlı mərasimdə çıxış edən Prezident İlham Əliyev onu da əlavə etdi ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir.  Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq. Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar: «Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Hesab edirəm ki, Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır. Ermənistan uzun illər ərzində buradan uzaqlarda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlamışdır. Nəticə nə oldu? Nəticə onlar üçün o qədər də ürəkaçan olmamışdır. Yəni, növbəti səhv buraxmasın. Bölgədə yaşayan xalqlar burada tarixən yaşayıb. Bölgə dövlətləri güclü dövlətlərdir, müstəqil siyasət aparan dövlətlərdir. Heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir etməyib və etməyəcək. Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcəkdir.»

Cənab İlham Əliyev bu günlərdə ölkəmizdə səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşlərində də bu reallığı xüsusi qeyd etdi ki, dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Mövcud münaqişələrin bir qayda olaraq öz həllini tapmadığını vurğulayan dövlətimizin başçısı Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə hərbi-siyasi yolla həll etdiyi münaqişənin istisna olduğunu diqqətə çatdırdı.

Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanında olaraq bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında sülh yolu ilə həllinə çağırışlar edir. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında, keçirdiyi görüşlərdə 44 günlük İkinci Qarabağ müharibəsini şərtləndirən amillərdən geniş bəhs edərək bu məqamı xüsusi qeyd edir ki, məsələnin həlli ilə bağlı 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu 28 il fəaliyyət göstərsə də nəticə olmamışdır.

Nəzərə alaq ki, Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Rəsmi Bakının ən yüksək tribunalardan səsləndirdiyi bəyanatlardan biri bu oldu ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi.

Dövlət başçısı İlham Əliyev hələ tarixi Zəfərimizə gedən yolun başlanğıcı olan  2016-cı ilin Aprel döyüşlərindən sonra BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında «Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır» çağırışını edərək onu da bildirdi ki, təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər. Cənab İlham Əliyev həmin çıxışında uğurlu əks-hücum nəticəsində Azərbaycanın 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdiyini bildirdi və bəyan etdi ki, Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.

Təbii ki, bu məqamı bir daha xatırlatmağımız səbəbsiz deyil. Dövlətimizin başçısı daim bu kimi bəyanatları dünyanın ən nüfuzlu təşkilatlarının, BMT-nin tribunasından səsləndirib. Cənab İlham Əliyev  44 günlük İkinci Qarabağ müharibəsindən öncə - 2020-ci il 24 sentyabr tarixində  BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında bildirmişdir ki, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmağa cəhd edir. Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Onun qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırır. 

Cənab İlham Əliyev BMT-nin tribunasından Ermənistanın yeni ərazilər uğrunda müharibə planı hazırladığını  faktlarla dünya güclərinin diqqətinə çatdırsa da  laqeyd  yanaşmalar diqqətdən kənarda qalmadı. Tarixi Zəfərimizdən üç ildən artıq vaxt keçməsinə baxmayaraq daim 44 günlük İkinci Qarabağ müharibəsinə gedən yol təhlil edilir, Ermənistana 30 il göstərilən dəstəyin hansı vəziyyətin yaranmasına gətirib çıxardığı qeyd olunur. Dövlət  başçısının Ermənistanın yeni ərazilər uğrunda müharibə planı hazırlaması ilə bağlı səsləndirdiyi bəyanatdan çox keçmədi ki, dünya 27 sentyabr 2020-ci il tarixdə bunun şahidinə çevrildi.  Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan  ATƏT-in Minsk qrupunun həmsədr  dövlətləri 30 illik işğal dövründə missiyalarını  regiona nəticəsiz səfərlərdə gördülər.  Diqqətçəkən məqam isə Vətən müharibəsində tarixi Qələbəmizdən sonra Minsk qrupu həmsədrlərinin dövlətimizin başçısı İlham Əliyevlə görüşmək istəyi, ölkə Prezidentinin həmin qəbulda 28 ilə yaxın dövrdə qurumun fəaliyyətsizliyini əsaslı şəkildə diqqətə çatdırması, həmsədrlərin postmüharibə dövrü ilə bağlı nəzərdə tutulan prioritetlərin icrasında fəal olacaqları ilə bağlı fikirlər səsləndirmələri oldu. Azərbaycanın döyüş meydanında Qələbəsi, 30 ilə yaxın müddətdə aparıcı dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun edə bilmədiyini Azərbaycan Ordusunun etməsi dünya güclərinin  bu günədək nümayiş etdirdiyi, amma özünün «duymadığı» ikili siyasətin yaratdığı problemləri dərk etmək məcburiyyətində qoydu.

44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış etdi. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürdü ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan oldu.

44 günlük İkinci Qarabağ müharibəsində aldığı dərsdən nəticə çıxarmayan Ermənistan təxribatlarını yenə də davam etdirdi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək barədə düşünmədi, hər vəchlə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səy göstərdi. Qarşı tərəfin bu addımları Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Silahlı Qüvvələrimiz ötən ilin sentyabr ayında  bir günlük  antiterror tədbirlərini həyata keçirməklə  ərazilərimizi separatçılardan təmizlədi, suverenliyimiz tam bərpa edildi.

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin məhv edilən və qənimət kimi götürülən hərbi texnikalarının statistikasına diqqət yetirdikdə sual yarandı  ki, kasıb ölkə bu silahları almaq üçün vəsaiti haradan əldə edə bilərdi? Prezident İlham Əliyevin istər müharibə dövründə xalqa müraciətlərində, istərsə də postmüharibə dövründə qatıldığı beynəlxalq əhəmiyyətli tədbirlərdə səsləndirdiyi bəyanatlarda dünya güclərinin ikili siyasəti, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyi əsaslı şəkildə diqqətə çatdırılır. Beynəlxalq münasibətlərdə hüququn işləmədiyini önə çəkən cənab İlham Əliyev bildirir ki, əgər işləsəydi BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Bu qətnamələr yalnız kağız üzərində qalıb. Səbəb isə məlumdur. Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər.

Bəzi məqamları yada salaq. İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə, oktyabr ayında BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk qrupunun həmsədrləri -Rusiya, ABŞ və Fransa tərəfindən bəyanatın layihəsi hazırlanaraq razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı. Bəyanat layihəsində Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən qətnamələrə istinad yer almamışdı. Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv olan  ölkələr - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent  həmin layihəyə Təhlükəsizlik Şurasının qətnamələrinə istinadın daxil edilməsini təklif etmişdirlər. Lakin həmsədr ölkələr bunun qəbuledilməz olduğunu bildirmişdilər. Rusiya, Fransa və ABŞ-ın tutduqları  bu mövqe onların 28 illik fəaliyyətlərinin aydın mənzərəsini yaratdı. Qoşulmama Hərəkatı ölkələrinin prinsipial mövqeyi sayəsində həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri götürməyə məcbur oldular.

İstər 28 illik «fəaliyyətləri» dövründə, istər 44 günlük İkinci Qarabağ müharibəsi zamanı, istərsə də müharibədən sonra baş verən hadisələrə diqqət yetirsək həmsədr ölkələrin öz xislətlərinə sadiq qalaraq erməni təəssübkeşliyindən əl çəkə bilmədiklərini açıq-aydın  görərik. Nəyə görə işğalçı ölkəyə 28 ildə təzyiqlər göstərilmədi, ona qarşı sanksiyalar tətbiq edilmədi? Ermənistan beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının qətnamələrini ayaq altına ataraq öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmadı, əksinə, işğalı möhkəmləndirmək və yeni əraziləri ələ keçirmək üçün planlar hazırladı.

2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun təqdimatı kimi dəyərləndirildi. Azərbaycan Təhlükəsizlik Şurasına üzvlük müddətində beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdi. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi keçirilən görüşlərinin ideal məkanı kimi diqqət çəkib. Dünyada 200-ə qədər dövlətin  olduğunu nəzərə alsaq, bu görüşlərin keçirilməsi üçün Azərbaycanın seçilməsinin onun yürütdüyü müstəqil xarici siyasətə  hörmətin və etimadın göstəricisi olduğunu qeyd edə bilərik. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq əlaqələri qurur və yeni-yeni istiqamətlər üzrə inkişaf etdirir. Tamhüquqlu 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirən Qoşulmama Hərəkatının məqsədi bəşəri dəyərlərin təbliğinə xidmət və bütün ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə sadiqlik nümayiş etdirməkdir. Qurum BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Azərbaycan quruma 4 illik sədrliyi müddətində onun beynəlxalq nüfuzunun artması istiqamtəində mühüm addımlar atdı. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti  quruma üzv dövlətlər tərəfindən yüksək dəyərləndirilərək  sədrlik müddətinin bir il uzadılması barədə yekdil qərar qəbul etdilər. Ötən ilin sonunda Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddəti başa çatdı.

Ölkə Prezidenti İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründəki müsahibələrində Minsk qrupunun həmsədrləri arasında Rusiyanın aparıcı vasitəçi kimi rolu barədə sualı cavablandırarkən Minsk qrupunun üç həmsədrinin eyni hüquqlara və eyni mandata malik olduğunu qeyd edərək bildirmişdir ki, əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Cənab İlham Əliyev «Minsk qrupundan söz düşmüşkən, Türkiyə Minsk qrupunu tənqid edərək ona ağılsız deyir. Siz bununla razılaşardınız» sualına cavabında isə bildirmişdir ki, Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi. Əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu özü hər şeyi göstərir.

Azərbaycanın Ermənistana sülh təklifindən üç ildən artıq vaxt keçməsinə baxmayaraq işğalçı dövlətin havadarlarından asılılığı bu prosesin uzanmasına səbəb olur. Fransa tarixi Zəfərə imza atılan gündən bu günədək ölkəmizə qarşı qərəzli mövqeyini əsassız bəyanatları ilə  nümayiş etdirir. Fransanın daxili işlər naziri Jerar Darmaninin 16 may 2024-cü il tarixində “France-2” telekanalına müsahibəsində ölkəmizə qarşı səsləndirdiyi növbəti əsassız ittihamları Azərbaycan Xarici İşlər Nazirliyi belə cavablandırdı: «İlk növbədə, Fransa tərəfinin Azərbaycana qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pisləyir və ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik. Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı. Bununla yanaşı, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir. Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq.»

Görünən budur ki, Fransa sülh müqaviləsinin imzalanmasına mane olmaq üçün cəhdlər göstərir. Bununla bağlı  keçirilən müxtəlif  formatlarda və məkanlarda görüşlərə qatılan Fransa Prezidenti Emmanuel Makronun görüşdən dərhal sonra Azərbaycanın əleyhinə təbliğat aparması məlum olaylardandır. Dünyanın ən böyük müstəmləkəçi dövlətlərindən biri olan Fransanın faciəli hadisələrlə, zülmə və istismara etirazlarla dolu uzun bir müstəmləkəçilik tarixi var. Bütün bunlar müstəmləkə rejiminə qarşı yönəlmiş iğtişaşlara və üsyanlara səbəb olub. XVI əsrdə başlayan müstəmləkəçilik həmin ölkələrdə sərvətlərin talanmasına, mədəni zəmində zülmə və yerli əhaliyə qarşı zorakılığa səbəb olub. Fransanın Şərqdə və Afrikada müstəmləkələri sistematik insan haqları pozuntuları, qırğınlar, məcburi əmək və digər istismar formaları ilə üzləşib. Azərbaycan  neokolonializm siyasətinə qarşı çıxış edir. Bakı Qoşulmama Hərəkatına sədrliyi zamanı bu məsələni mütəmadi gundəlikdə saxladı, bir çox ölkələrin geniş dəstəyini qazandı.

Dövlət başçısı İlham Əliyev bu günlərdə Şuşaya köçmüş ilk sakinlərlə görüşündə bir daha bu çağırışı etməklə Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı:  « Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar. Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir.»

Yeganə Əliyeva, «İki sahil»