25 may 2024 01:36
372

Məmnunluq doğuran səmimi əməkdaşlıq

Azərbaycan dünyanın əksər dövlətləri, o cümlədən Mərkəzi Asiya ölkələri ilə yüksək səviyyədə əlaqələri möhkəmləndirməkdə davam edir. Rəsmi Bakı Mərkəzi Asiya dövləti olaraq Tacikistanla da münasibətlərinə xüsusi əhəmiyyət verir. Şübhəsiz, iki ölkə  arasında qarşılıqlı əlaqələrin inkişafına və möhkəmlənməsinə dövlət başçılarının müxtəlif formatlarda görüşləri böyük təkan verir. Təkcə bir faktı qeyd edək ki, ötən il dövlətimizin başçısı Tacikistana iki dəfə - aprelin 5-6-da dövlət səfərinə, sentyabrın 24-də fəxri qonaq qismində bu ölkədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə dəvət olunub. Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üzrə Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin rəsmilərinin Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin başçısının ötən il Tacikistana dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair 14 sənəd imzalanıb. Bu kimi müntəzəm təmaslar, həmçinin beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər Azərbaycanla Tacikistan arasında münasibətlərin dərinləşməsinə güclü təkan verib, yüksələn xətt üzrə inkişaf edib.

Bu gün Tacikistan Azərbaycanın etibarlı dostu və tərəfdaşıdır. İki ölkəni zamanın sınağından çıxmış münasibətlər birləşdirir. Mayın 23-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun ölkəmizə dövlət səfəri çərçivəsində münasibətlərimizin xarakterini, həmçinin xalqlarımızın iradəsini əks etdirən, qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edən tarixi Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb ki, bu da əsrlərdən bəri davam edən ənənələrin ruhuna  tamamilə uyğundur. Şübhəsiz, bu, əməkdaşlığımızın tarixində yeni səhifə açacaq. İndiyədək iki ölkə arasında müxtəlif sahələri özündə ehtiva edən ümumilikdə 70-dən çox sənəd (bu səfər çərçivəsində müxtəlif sferaları əhatə edən 6 sənəd imzalanıb),  o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” həyata vəsiqə alıb. Bütün bunlar o deməkdir ki, tərəflər qarşılıqlı siyasi, iqtisadi, mədəni əlaqələrin dərinləşdirilməsində, möhkəmləndirilməsində maraqlıdırlar.

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə birgə  mətbuata bəyanatında bildirib ki,  iki ölkə arasında nəqliyyat sektoru da diqqət mərkəzindədir: “Biz Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirdik”. Xatırladaq ki, bu gün Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa və Asiya arasında əhəmiyyətli nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Hazırda Orta Dəhlizə marağın artması da təsadüfi deyil. Belə ki, bu beynəlxalq nəqliyyat marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək, Türkiyə və Avropa ölkələrinə qədər uzanır. Bu, Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yol sayılır. Şübhəsiz, Tacikistanın Orta dəhlizdən istifadə etməsi nəql olunan yüklərin həcminin artmasına və mənzilbaşına vaxtında çatdırılmasına imkan verir. Cari ilin ötən 4 ayı ərzində Tacikistanın Orta dəhlizlə yükdaşımalarının həcmi 86 faiz artıb. Ötən il isə Tacikistan Orta dəhlizlə 2,4 milyon ton yük ixrac edib.

Görüş çərçivəsində iki ölkənin liderləri iqlim dəyişikliyi ilə bağlı məsələyə də diqqət yönəldiblər. Tacikistan Prezidenti bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə bağlı qərarı alqışladığını vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim: “Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər”.

Qeyd edək ki, Tacikistan Azərbaycanın haqq səsini dəstəkləyən ölkələrdən biridir. Hətta bu dövlət ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin işğal altında saxlanılmasına göz yumduqları üçün ATƏT-i, Avropa Parlamentini, Avropa Şurasının Parlament Assambleyasını qınayıb. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatında bildirib ki,  beynəlxalq aləmdə mövcud vəziyyət mürəkkəb və gərgin olaraq qalmaqdadır. Tacikistan bütün ziddiyyətlərin və münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır: “Biz Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən və məzmunundan məmnunluğumuzu bildiririk”. 

Göründüyü kimi, Azərbaycanla Tacikistan arasında 1992-ci ildə qurulmuş diplomatik münasibətlər ilbəil genişlənir və möhkəmlənir. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın ölkəmizdə səfirliyi fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin Tacikistana ötən ilki rəsmi səfəri zamanı ölkənin İsfara şəhəri ilə Şuşa arasında qardaş şəhər münasibətləri haqqında protokol da imzalanıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”