24 may 2024 11:06
212

1918-ci ilin 28 may günü Azərbaycan bir dövlət kimi varlığını dünyaya göstərdi

28 May Müstəqillik Günü Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. Məhz bu gün, təkcə Azərbaycanda deyil bütövlükdə, müsəlman Şərqində Demokratik Cümhuriyyətin yarandığı bir gündür. Bu gün Azərbaycanın yurdsevən, demokratiya, tərəqqipərvər və millətsevən insanları  müstəqillik elan ediblər.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.

Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət isə onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Əldə edilmiş bu azadlıq xalqımızın böyük mübarizəsinin, onun böyük oğlu Məhəmmədəmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi. Müstəqilliyimizi qoruyub saxlamaq üçün ciddi tədbirlər görüldü. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski 1918-ci il mayın 30-da teleqrafla bütün dünya ölkələrinə Azərbaycanın müstəqil olmasını elan etdi. İyun ayının 4-də qardaş Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi bağlanaraq, Osmanlı dövlətindən hərbi yardım alındı. Beləliklə də 1918-ci il iyunun 26-da Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. 1919-cu ildə ən böyük ali təhsil ocağı Bakı Dövlət Universiteti açıldı. Məktəblər üçün dərsliklər yazılır, kitabxanalar açılır, onlarca qəzet və jurnal nəşr olunurdu. Milli muzeyimiz – “İstiqlal” muzeyi yaradıldı. Bütün bunlar hamısı qısa sürmüş müstəqillik zamanı əldə edilmiş uğurlar idi.

Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Azərbaycan Xalq Cümhuriyyətinin zəngin və rəngarəng, orijinal mətbuatı olmuşdur. 1918-20-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunmuşdur. Bir sözlə, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxan Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman ərzində öz ərazisində tam dövlət hakimiyyətinə malik olmaqla müstəqil xarici və daxili siyasət yeritmiş, dövlətə xas olan təsisatlar – parlament, hökumət, ordu, maliyyə sistemi yaratmış, xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirmişdir.

Çox çətin və ziddiyyətli tarixi şəraitdə qurulan Azərbaycan dövləti cəmi 23 ay fəaliyyət göstərmişdir. 1920-ci il aprel ayının 28-də Sovet Rusiyası beynəlxalq hüquq normalarını kobudcasına pozaraq silahlı qüvvələrini Azərbaycan ərazisinə yeritmiş, cümhuriyyətin varlığına son qoymuşdur. Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Sovet imperiyasının 70 illik əsarəti dövrü başladı. Lakin xalqımız müstəqillik uğrunda mübarizəni davam etdirdi. Bu mübarizədə çoxlu şəhidlər verdik. 1988-ci ildən başlayaraq, Azərbaycan cəmiyyəti cümhuriyyət dövrünə diqqət etməyə və  həmin dövrü dərindən öyrənməyə başladı. 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra isə həmin dövr daha dərin öyrənilməyə başlandı.

XX əsrdə ikinci dəfə  demokratik dövlət əldə etdikdən sonra Azərbaycan həmin demokratik cümhuriyyətin ənənələrini bərpa etdi. Azərbaycan dövləti özünün 1918-ci ildə qurulmuş demokratik cümhuriyyətin varisi olduğunu elan etdi.

Bu günün tarixi yaddaşlarda yaşanması,  gənc nəsillərə tanıdılması, eləcə də, Azərbaycanı sevən, istəyən dost ölkələrə tanıtması bizim bir dövlət, bir millət olaraq tariximizə xidmət edəcək işlərdən biridir. Biz Ulu Öndərimiz Heydər Əliyevin bizə qoyub getdiyi mirası qoruyub saxlamalı və bu yolda daim birgə addımlamalıyıq. Məhz bu müstəqilliyimiz bu gün də qorunub saxlanılır, bu da Azərbaycanın dövlətçilik ənənələrinin indi də yaşadığının göstəricisidir.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı