24 may 2024 00:57
301

Yeni Kaledoniyalılar müstəmləkəçilikdən xilas olacağı günün həsrətində…

Fransa isə bu ölkədə mövcudluğunu hər vəchlə uzatmağa çalışır

Afrikada və digər dənizaşırı ərazilərdə olduğu kimi,  son vaxtlar Fransa Yeni Kaledoniyada da sərhəd tanımayan sümürmə siyasəti həyata keçirir. Paris ada  ölkəsində genişmiqyaslı iqtisadi məqsədlər güdür. İlk növbədə onu qeyd edək ki, bölgə balıq çeşidləri ilə zəngindir. Satış bazarı isə məhduddur. Bundan istifadə edən Fransa Yeni Kaledoniya vasitəsilə Sakit okeanın dəniz nemətlərindən gen-bol bəhrələnərək bundan böyük həcmlərdə gəlir götürür. Yeni Kaledoniya nikel ehtiyatları ilə də zəngin bir diyardır.  Lakin nikel hasilatı da bütünlüklə Fransa şirkətlərinin inhisarındadır. Nikelin hasilatı və emalı üçün gərək olan investisiya və texnalogiya ada dövlətinin imkanı xaricindədir. Fransa da bundan sui-istifadə etməklə Nikel hasilatından gələn gəlirlərin böyük hissəsinə sahiblənir. Parisin ada dövlətinin müstəqilliyinin əleyhinə çıxması və müxtəlif vasitələrlə referendumları baykot etməsi həm də Fransanın hərbi-siyasi məqsədləri ilə bağlıdır. Fransa bölgədə 8 min hərbçi yerləşdirib. Yeni Kaledoniya müstəqilliyini qazanarsa, Fransa həm bölgənin nemətlərindən bəhrələnə bilməyəcək, həm də hərbçiləri adaları tərk etmək məcburiyyətində qalacaq. Paris isə bunu istəmir.  Afrikada sıxışdırılan Fransa Yeni Kaledoniyada mövcudluğunu hər vəchlə uzatmağa çalışır.

Təəssüf ki, beynəlxalq ictimaiyyət rəsmi Parisin bu siyasətinə qarşı adekvat reaksiya vermir. Azərbaycan isə bu məsələdə prinsipial mövqe nümayiş etdirir və Fransanın müxtəlif xalqlara qarşı repressiv siyasətinə qarşı etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan  mübarizəyə siyasi və mənəvi dəstək verilir.  Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması da bu məqsədə xidmət edir. Belə ki, 2023-cü il iyulun 6-da Bakıda Azərbaycanın üzv olduğu Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısında Martinik, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis, Futuna və Solomon adalarının nümayəndələri də iştirak ediblər. Müzakirələr zamanı Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığı və aktuallığı təsdiqlənib. Tədbirdə XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrinin nümayəndələri ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq məqsədilə Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəliblər. Ötən il sentyabrın 22-də isə Azərbaycanın təşəbbüsü ilə ABŞ-ın Nyu-York şəhərində BMT-nin Baş qərargahında BMT Baş Assambleyasının ümumi müzakirələri çərçivəsində dənizaşırı ölkə nümayəndələrinin “Müstəmləkəçiliyə son qoyulması: Sakit inqilab” adlı konfransı təşkil edilib. Konfransda Fransanın müstəmləkəçilik siyasəti, insan azadlığı, ölkələrin müstəqilliyi əleyhinə addımları diqqətə çatdırılıb. Əlavə edək ki, Bakı Təşəbbüs Qrupu çərçivəsində müxtəlif səviyyədə tədbirlər davam etdirilir. 2023-cü il noyabrın 21-də Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda konfrans təşkil edilib. Bu və digər tədbirlərdə Azərbaycan dövlətinin və cəmiyyətinin Fransanın kolonializm siyasətinə kəskin etirazları ifadə olunub.

Bu yaxınlarda isə Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri Neysselin Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər  çərçivəsində nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub. BTQ-nin icraçı direktoru Abbas Abbasov qonaqlara qrupun əsas məqsədləri və planları barədə məlumat verib. Nümayəndə heyətinin üzvləri müasir dünyada neokolonializm problemini qlobal səviyyəyə çatdırmaq imkanına görə Azərbaycan hakimiyyətinə minnətdarlıqlarını bildiriblər.  Onu da qeyd edək ki, Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumu Azərbaycan Milli Məclisi adından Sahibə Qafarova, Yeni Kaledoniyanın Konqresi adından isə Rok Vamitan imzalayıblar.

Sənədə əsasən, Azərbaycan Milli Məclisi Yeni Kaledoniya xalqının öz müqəddəratını təyinetmə hüququnu nəzərə alır və mövzu ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandıracaq. Bundan başqa, Memoranduma əsasən, Azərbaycan və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə tərəflər parlamentlərarası əməkdaşlığı inkişaf etdirəcək, qanunvericilik orqanlarının komissiyaları, komitələri və orqanları arasında daimi əlaqələrin yaradılmasına köməklik göstərəcək. Həmçinin parlament və beynəlxalq fəaliyyət təcrübələrinin öyrənilməsi və bölüşülməsi məqsədilə parlament üzvlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil edəcək, parlamentlər arasında əməkdaşlıq üçün deputatlardan ibarət müvafiq qrup yaradacaq. Qanunvericilik aktlarının hazırlanması və qəbuluna, eləcə də parlamentlərarası əməkdaşlığa dair təcrübələr barədə bir-birini məlumatlandıracaq, öz fəaliyyətləri ilə bağlı hüquqi və digər məlumatları biri-biri ilə paylaşacaq. Azərbaycanla Yeni Kaledoniya arasında beynəlxalq parlament arenasında əməkdaşlığın müxtəlif istiqamətlərinin araşdırılması, nəzərdən keçirilməsi, inkişaf etdirilməsi və həyata keçirilməsi üçün fəal səylər göstərəcək, qanunvericilik orqanlarının səmərəli fəaliyyətinə müsbət töhfə verə biləcək təcrübə mübadiləsi aparılması məqsədilə Azərbaycan Milli Məclisinin Aparatı ilə Yeni Kaledoniya Konqresinin Bürosu arasında daimi əlaqələr yaradılmasına dəstək verəcək. Sənəddə o da qeyd olunur ki, Əməkdaşlıq haqqında Memorandumun məqsədlərinin həyata keçirilməsi üçün müntəzəm görüşlər təşkil ediləcək.

Göründüyü kimi, ölkəmiz XXI əsrin utanverici təzahürü olan Fransanın müstəmləkəçilk siyasətinin ifşasında mühüm rol oynayır. Bu da həm Arikanın, həm də dənizaşırı ərazilərin müstəmləkə ölkələrinin xalqları tərəfindən minnətdarlıqla qarşılanır. Ölkələrin yekun mövqeyi ondan ibarətdir ki, Fransa dünyada sülhün, ədalətin və bərabərliyin bərqərar olması üzrə səylərin çərçivəsinə salınmalıdır. Bir zamanlar dünyanın ən böyük müstəmləkəçi imperiyalarından biri olan Fransa tədricən öz təsirini itirir. Parisin səylərinə baxmayaraq, onun keçmiş müstəmləkələrinin olduğu regionlarda təsir gücü azalır. Hadisələrin gedişatı göstərir ki, Yeni kaledoniyalıların müstəmləkəçilikdən xilas olacaq gün elə də uzaq deyil…

Yaqut Ağaşahqızı, “İki sahil”