24 may 2024 01:37
353

Bəlkə Makron kanaklara səadət gətirib?

Bir zamanlar klassik imperiyaların əksəriyyəti ya məhv olmuş, ya da öz iddiasından əl çəkmişdir. Hazırda yalnız bir neçə imperiya qalıb ki, onlar da öz sonlarını yaşayırlar. Çünki artıq  haqqını və hüququnu bilən xalqlar yadellilərin hökmranlığına, müstəmləkə əsarətinə qarşı çıxmaqdadırlar. Bir neçə ildir ki, Yeni Kaledoniyada azadlısevərlər Fransanın neokolonialist siyasətinə qarşı hərəkata başlayıblar. Xatırladaq ki, Yeni Kaledoniya iki yüz ilə yaxındır ki, Fransanın müstəmləkəsidir.

Hazırda Yeni Kaledoniyanın əhalisi təxminən 300 min nəfərdir. Onun da 40 faizi, yaxud 112 mini yerli kanaklardır. 1998-ci ildə imzalanmış müqavilələrə əsasən, Fransa ərazinin siyasi muxtariyyətini genişləndirməyə və yerli seçkilərdə yalnız o vaxt Yeni Kaledoniyada yaşayanlara səsvermə hüququ verməyə razılaşdı. Ancaq 1998-ci ildən bəri 40 minə yaxın Fransa vətəndaşı Yeni Kaledoniyaya köçüb. Razılaşmalarda, həmçinin adanın gələcəyini müəyyən etmək üçün üç referendumun keçirilməsi nəzərdə tutulurdu. Sonuncu belə rəy sorğusu 2021-ci ilin axırında baş tutdu və hər üç halda yerli sakinlər Fransanın müstəqilliklərinə baryer yaratmasına narazılıqlarını bildirdilər. Doğrudur, Yeni Kaledoniyaya dar çərçivədə muxtariyyət  verilib. Amma bu, boyunduruğun tamamilə çıxarılması demək deyil.

Dediyimiz kimi, Fransanın əsarətdə saxladığı Yeni Kaledoniya ərazisində etiraz aksiyaları və toqquşmalar davam edir. Zülm altında əzilən, haqqı-hüququ tapdalanan və var-dövləti talan edilib daşınan ada əhalisi ayağa qalxaraq qanuni dövlət müstəqilliyini tələb edir. Ancaq bu xalqın sərvətini zəli kimi soran Fransanın polis və xüsusi xidmət orqanlarının bölgəyə yeridilmiş qüvvələri etirazçılara qarşı vəhşicəsinə zor tətbiq etməkdən də çəkinmirlər.  Hazırda Makron hakimiyyəti on ildən artıq adada yaşayanlara vətəndaşlıq verilməsi haqqında konstitusiyaya dəyişiklik etmək istəyir. Məqsəd isə demoqrafik müdaxilə yolu ilə qarşıdan gələn seçki və referendumlarda yerli əhalinin faizini azaltmaqla, nəticəni Fransanın xeyrinə dəyişmək və bununla da əsarətin və talançılığın müddətini sonsuzluğa qədər uzatmaqdır. Buna görə də rəsmi Paris məkrli hiylə işlədir. Avropadan və digər yerlərdən gələnlərə dərhal seçib-seçilmək hüququ verir ki, kanaklar referendumda azlıqda qalsınlar. Cana doymuş yerli əhali isə buna qəti şəkildə etiraz edir.

Son məlumatlara görə, Yeni Kaledoniyada baş verən iğtişaşlar etirazçılarla polis arasında qanlı toqquşmaya çevrilib. Fransa vəziyyətin ciddi şəkil aldığını hiss edərək yerli kanakları əzib yerində oturtmaq üçün oraya əlavə 1000 əsgər, 2000 nəfər isə xüsusi xidmət orqanlarının əməkdaşlarını gətirib. Onlar etirazçılarla qəddar rəftar edirlər. Əlbəyaxa vuruşmalar zamanı 6 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən çox şəxs saxlanılıb. Muxtar quruma 200 milyon avrodan çox ziyan dəyib. Mağazalar, restoranlar, biznes mərkəzləri dağıdılıb, yaşayış mənzillərinə zərər vurulub, yollar bərbad hala düşüb. Baş verən etirazların yatırılması üçün Fransa prezidenti Emmanuel Makron adaya səfərə gedib. Ancaq onun səfəri nəyi dəyişəcək? Yoxsa Makron Yeni kaledoniyalılara işğaldan əl çəkdiyini bəyan edəcək? Əgər elə fikrə düşsə heç ora getmək lazım gəlməzdi. Parisdə bəyanat verib talançı qüvvələrini oradan geri çəkərdi və hər şey qaydasına düşərdi. Ancaq Makron kimi siyasi avantüristlər və şovinistlər heç vaxt belə etməzlər. Ona görə də düşünmək olar ki, Makron kimi bir yırtıcı kaledoniyalılara səadət gətirə bilməz. Qarşıdurma isə səngimək əvəzinə daha da şiddətlənir. Belə davam etsə hələ çox qan axacağı şübhəsizdir. Onu da qeyd edək ki, kanakların müstəqillik mübarizəsində Makron hökuməti Azərbaycanı da günahlandırırr və ölkəmizi saxta ittihamlarla şantaj edir. İddia edilir ki, guya kanak xalqının ayağa qalxmasına və hüququnu tələb etməsinə Azərbaycan dəstək verir.

Vəziyyətin ağırlığından narahatlıq keçirən Makronun Yeni Kaledoniyaya getməsi onun təşviş içərisində olduğunu təsdiq edir. Bildirilir ki, Makronun əlində hər hansı təklif və ya həll proqramı yoxdur. Heç də təsadüfi deyil ki, o, jurnalistlərin "Burada nə edəcəksiniz" sualını da cavablandıra bilməyib. Sadəcə “boz atı” minib haraya gəlib. İndi orada nə edəcəyini bilmir. El içində belələri barədə qısaca olaraq deyirlər: Yarımçıq oğlu yarımçıq!

Vəli İlyasov, "İki sahil"