24 may 2024 02:57
338

Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı regiona sülh, əmin-amanlıq gətirir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısı İlham Əliyev ilə telefon danışığı zamanı bu mühüm məqamı xüsusi qeyd etdi ki, bölgədə təmin olunacaq ədalətli və davamlı sülh həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün yeni bir mühit yaradacaq

«Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları kimi sevinir. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz Qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik.» Dövlət başçısı İlham Əliyev 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbsindən sonra ilk olaraq reallaşdırdığı Türkiyə səfəri zamanı səsləndirdiyi bu fikirlər iki dost, qardaş, müttəfiq ölkənin münasibətlərinin dünəni, bu günü və gələcəyi barədə aydın təsəvvür yaradır. Cənab İlham Əliyev, eyni zamanda, bildirdi ki, Türkiyə-Azərbaycan əlaqələri bundan əvvəl qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra Azərbaycan göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də dövlət başçısı İlham Əliyevin dəvəti ilə bu görüşdə iştirak edəcək. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bu, ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək.

44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmünaqişə dövrünün reallıqları bir daha bu birliyin təqdimatı oldu. Dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalında ümumilikdə türk dünyasının birliyinin şahidi oldu. Hələ tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir: «Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.» Tarixi Zəfərimizdən sonra Azərbaycan və Türkiyənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmi təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasından sonra münasibətlərdə yeni mərhələnin əsası qoyuldu. Bunun üçün ümumilikdə tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin uğurlu inkişafına işıq salan hadisələrin xronologiyasına diqqət yetirmək kifayətdir. Qarşılıqlı səfərlərin say tərkibi bu münasibətlərin əsas göstəricisidir. Səfərlər çərçivəsində əlaqələrin yeni prioritetlər üzrə inkişafında yol xəritəsi kimi dəyərləndirilən sənədlər imzalanır və uğurlu icrası istiqamətində mühüm addımlar atılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etmək üçün 10 dekabr 2020-ci il tarixdə ölkəmizə səfəri zamanı imzalanan sənədlərə diqqət yetirdikdə yeniliklərin özünu qabarıq şəkildə büruzə verdiyini görmək olur. Belə ki, media sahəsində əməkdaşlığın yaradılmasına xidmət edən sənədin imzalanması Ortaq Media Forumunun yaradılmasını şərtləndirdi. Hazırkı dövrün informasiya mübarizəsi dövrü olduğunu, Azərbaycanın və qardaş Türkiyənin daim əsassız təbliğatlarla üz-üzə qaldığını nəzərə alsaq belə ortaq bir qurumun yaradılmasına böyük zərurət duyulurdu.

Cənab İlham Əliyevin bu ilin fevral ayında qardaş ölkəyə səfəri isə təhsil sahəsində mühüm addımın atılması ilə tarixə yazıldı. Belə ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı. Dövlət başçısı İlham Əliyev bu mühüm addımı belə səciyyələndirdi ki, bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki gənc nəsil həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, milli-mənəvi dəyərlərimizə sadiq, yad təsirdən uzaq, bilikli, savadlı, vətənpərvər insanlar olmalıdır: «Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək.»

Qeyd etdiyimiz kimi, bu ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasında iki dost, qardaş ölkənin rolu daim xüsusi qeyd edilir. Cənab İlham Əliyev fevralın 7-də növbədənkənar prezident seçkilərində qələbəsindən sonra fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəfləri açıqlayarkən bu məqamı xüsusi qeyd etdi ki, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq.

“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır» söyləyən cənab İlham Əliyev bildirir ki, əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur: «Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır.»

Azərbaycanın quruma üzv olan bütün dövlətlərlə əlaqələri yüksək səviyyədədir və yeni istiqamətlər üzrə uğurla inkişaf edir. Əsas hədəflərdən biri Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiya, böyük hərbi güc, iqtisadiyyat, təbii sərvətlər, nəqliyyat yolları deməkdir. Bir soydan, kökdən olan xalqlarıq. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Dövlətimizin başçısı bu çağırışı edir ki, müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna ancaq birlikdə nail ola bilərik.

Təhlillər əsasında bu fikir xüsusi qeyd edilir ki, tarixi Zəfərimiz regionda və dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Bunun üçün dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə davamlı səfərlərinə, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Hər bir sənəd münasibətlərin inkişafında hüquqi bazadır. Dövlət başçısı İlham Əliyevin çağırışları sırasında bu məqam da xüsusi qeyd edilirdi ki, bir turkdilli dövlətin problemi digərinin problemi kimi qəbul olunmalı və birgə səylər göstərməlidirlər. Təbii ki, bu çağırış özlüyündə diaspor fəaliyyətinin genişləndirilməsini bir tələb kimi qarşıya qoyur.

O da məlumdur ki, Qarabağın tacı Şuşa tarixi Zəfərimizin reallıqları əsasında Dünya Azərbaycanlılarının Zəfər Qurultayına ev sahibliyi etdi. 28 ildən sonra dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı bir araya gətirən Şuşadan bir daha dünyaya birlik, həmrəylik, əməkdaşlıq mesajı ünvanlandı. Bu ilin iyul ayında Şuşada türk dünyasının birliyinin növbəti təqdimatı olacaq. Ötən il Şuşa türk dünyasının, bu il isə İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Qarabağımızın, Şuşamızın dirçəldilməsində türk dövlətlərinin dəstəyi dünyanın diqqətindən kənarda qala bilməz. Bu birlik günbəgün daha da möhkəmlənir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağa ilk səfər edən, həmçinin Füzuli Beynəlxalq Hava Limanına ilk xarici uçuşu həyata keçirən dövlət başçısıdır. Ötən ilin avqust ayında ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonuna gəlişi ilə əlaqələrimizin bugünkü inkişaf səviyyəsini təqdim etdi. Hazırkı dövrün əsas çağırışlarından biri işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərinə dost, qardaş dəstəyinin göstərilməsidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə Mirzə Uluqbəy adına bir nömrəli tam orta məktəb inşa edildi və açılışı oldu. Bu mərasim Özbəkistan Prezidentinin Füzuliyə səfəri çərçivəsində keçirildi. Dövlət başçısı İlham Əliyev bildirmişdir ki, bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Digər tərəfdən, bu məktəb, əslində, bir təhsil sarayıdır. Bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq. Onu da qeyd edək ki, bu ilin mart ayında Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının inşasında türkiyəli və azərbaycanlı mütəxəssislərin birgə çalışmaları, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında davam etdirilən bərpa-quruculuq işlərində qardaş ölkənin şirkətlərinin çoxluq təşkil etmələri, müdafiə sahəsində əməkdaşlığın güclənməsi bütünlükdə türk dünyasının birlik və həmrəyliyinin möhkəmlənməsinə xidmət edir.

Bakıda ilk dəfə keçirilən «TEKNOFEST Azərbaycan» festivalı da Türk dünyasının sarsılmazlığının təzahürü, gənclərin elmdə də ən ön sıralarda yer almasının dünyaya çatdırılması idi. Tədbirin möhtəşəmliyi göstərdi ki, bu birlik regionda sülhün və inkişafın qarantıdır. Hazırda bölgədə davamlı sülhün və hərtərəfli əməkdaşlığın normallaşmasını təmin edəcək Zəngəzur dəhlizinin bərpası ilə bağlı hər iki dövlətin göstərdikləri birgə səylər intensivləşir. Bütün dünya ictimaiyyəti də bu reallığı dərk edir ki, Şərqi Zəngəzur ərazisindən keçəcək avtomobil və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari əməkdaşlıq baxımından əlverişli fürsətlər yaradacaq. «Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik. Bölgənin tranzit, logistik mərkəz kimi mövqeyi möhkəmlənəcək» söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, Zəngəzur dəhlizi ayırıcı deyil, birləşdirici layihədir və bütün türk dünyasını əhatə edəcək.

Göründüyü kimi, qardaş Türkiyə 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı gündən indiyədək Azərbaycana dəstəyini əsirgəmir. Azərbaycan və Türkiyə prezidentlərinin mütəmadi telefon danışıqları da bu dostluğun, qardaşlığın təzahürüdür. Bu fakt inkaredilməzdir ki, prezidentlərin şəxsi dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Ümummilli Lider Heydər Əliyevin «Biz bir millət, iki dövlətik», Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir» çağırışları dünyaya əsl qardaşlığın nümunəsini təqdim edir. Azərbaycan və Türkiyə hər zaman biri-birinin yanındadır, bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır.

Tarixi Zəfərimizin reallıqları fonunda əsas hədəflərdən biri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Azərbaycan Ermənistana sülh təklifini etməklə üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Ermənistanın havadarlarındat asılılığı bu prosesin uzanmasına səbəb olur. Qardaş Türkiyə bu mühüm addımın atılması üçün dəstəyini əsirgəməyəcəyini bildirir. Prezidentlərin görüşündə, həmçinin telefon danışıqlarında da sülh müqaviləsinin imzalanması ətrafında geniş fikir mübadiləsi aparılır. Mayın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etdi. Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə olundu. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən məmnunluğunu ifadə etdi və Türkiyənin prosesi yaxından izlədiyini bildirdi. Türkiyə Prezidenti bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün yeni bir mühit yaradacağını vurğuladı.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair mətbuat konfransında da əsas diqqət göstərdiyi məsələlərdən biri məhz Azərbaycanın sülhə sadiqliyi oldu. Bildirdi ki, Azərbaycan Ermənistanla uzunmüddətli sülhə sadiqliyini dəfələrlə nümayiş etdirib. İrəvandan da oxşar mövqe gözləyirik. Ankara Bakı ilə İrəvan arasında uzunmüddətli sülhə nail olunmasına maksimum töhfə verməyə davam edəcək. Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyir.

Rəcəb Tayyib Ərdoğan Azərbaycanla əlaqələrin səviyyəsini yüksək qiymətləndirir və buna misal olaraq Türkiyənin zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin tikintisi layihəsini qeyd edir. Kahramanmaraşda tikilən evlər ölkələrimiz arasındakı qırılmaz qardaşlıq bağlarının növbəti simvoludur.

Türk dünyasının birliyini, o cümlədən Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını təsdiqləyən sonsuz sayda məqamları, faktları qeyd edə bilərik. Qarşılıqlı etimad, dostluq münasibətləri əsasında qurulan və inkişaf etdirilən əlaqələrin gələcəyi daim parlaq olur. İki qardaş ölkənin siyasi iradəsi, qətiyyəti əsasında reallığa çevrilən enerji və nəqliyyat layihələri dövlətləri, xalqları bir araya gətirir, onlar arasında körpü rolunu oynayır. Regional çərçivədə qurulan bu əməkdaşlıq bu gün geniş miyqas alıb. Hazırkı dövrün əsas çağırışı çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi qəbul edilən Cənub Qaz Dəhlizinin əsas tərkib hissəsi olan TANAP-ın və TAP-ın genişləndirilməsidir. Hər dövrün tələbinə uyğun olaraq atılan addımlar Azərbaycan-Türkiyə dostluğunun daha da möhkəmlənməsində öz sözünü deyir.

Hazırkı dövrdə əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. «Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, İkinci Qarabağ savaşı və ötən il keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqlədi. Artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq. O da bildirilir ki, bu gün müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. İki qardaş ölkənin birgə istehsalla əlaqədar konkret planları var.

İki dost, qardaş, müttəfiq ölkənin əlaqələrinə diqqət yetirdikdə əməkdaşlığın və strateji tərəfdaşlığın bütün sahələrdə uğurla davam etdiyini və böyük potensialın mövcud olduğunu görürük. Azərbaycan və Türkiyə qədər keçmişi və gələcəyi bir-birinə bağlı olan başqa bir dövlətlərarası münasibətə rast gəlmək mümkünsüzdür. Türk dünyasının birliyi barədə aydın təsəvvür yaradan Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı sarsılmazdır. Dünyada bənzəri olmayan bu qardaşlıq əbədi olmaqla xalqlarımıza, regiona sülh, əmin-amanlıq gətirir.

Yeganə Əliyeva, «İki sahil»