23 may 2024 02:58
311

Sülhə aparan yolun başlanğıcı

Azərbaycan-Ermənistan sərhədinin müəyyən edilməsi uğurla davam edir

Məlum olduğu kimi, mayın 15-də Azərbaycan və Ermənistan arasında sərhəddə Baş nazirin müavini Şahin Mustafayevin və onun erməni həmkarı Mher Qriqoryanın sədrliyi ilə sərhədin delimitasiyası üzrə komissiyanın doqquzuncu görüşü keçirildi. 2024-cü il 19 aprel tarixli 8-ci görüşün protokoluna uyğun olaraq görülmüş işlər müzakirə edildi və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (Azərbaycan) - Bağanis (Ermənistan), Aşağı Əskipara (Azərbaycan) - Voskepar (Ermənistan), Xeyrımlı (Azərbaycan) – Kirants (Ermənistan) və Qızılhacılı (Azərbaycan) - Berkaber (Ermənistan) yaşayış məntəqələri arasında sərhəd  xəttinin hissələrinin SSRİ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsviri razılaşdırıldı. Görüşün yekunu olaraq müvafiq protokol imzalandı. Növbəti görüşün keçirilməsi tarixi və yeri işçi qaydada razılaşdırılacaq. Protokola əsasən Tavuşun Kirants kəndində Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası çərçivəsində son 3 sərhəd dirəkləri artıq quraşdırılıb. Bu barədə erməni KİV-i məlumat yayıb.

“Sərhəddə delimitasiya və demarkasiya Azərbaycanın şərtləri əsasında həyata keçirilir.” Bu sözləri Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır: “Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir”.

Baş nazir Nikol Paşinyan da öz növbəsində Ermənistan və Azərbaycanın Tavuşda delimitasiya haqqında protokol-təsvirinin imzalanmasını böyük uğur adlandırıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Paşinyan hökumətin iclasında bildirib: “Bu, Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olub. Müstəqillik tarixində ilk dəfədir ki, Ermənistanın rəsmən delimitasiya edilmiş sərhədi var. Bu, Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq”.

Bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Radioya müsahibəsində deyib: “Biz hesab edirik ki, demarkasiya prosesi uğurla keçib, Ermənistan ərazisindən bir millimetr də ərazi verilməyib”. Qriqoryan Almatı Bəyannaməsi əsasında sərhədin delimitasiyası prosesinə toxunaraq qeyd edib ki, Ermənistanla Azərbaycan arasında mühüm razılaşma əldə olunub. O, daha sonra deyib: “Bu, 1976-cı il xəritələrinə uyğun olaraq demarkasiyanı davam etdirməyimiz üçün presedent yaratdı”. Təhlükəsizlik Şurasının katibi birbaşa və açıq mətnlə söyləyir ki, Azərbaycana qaytarılan kəndlər Ermənistana məxsus deyil, işğal olunub, Azərbaycanındır və indi də geri verilir. Qriqoryanın etirafı həm də revanşist qanada ünvanlanıb ki, sərhədlərin delimitasiyasına mane olmaq mümkün deyil. Təsadüfi deyil ki, mart-aprel aylarında Nikol Paşinyan Qazaxla sərhəd erməni kəndlərində 2 dəfə yerli sakinlərlə görüşdü. Onlara anlatdı ki, bizim olmayanı qaytarmaq lazımdır. Yəni o torpaqlar Ermənistana yox, Azərbaycana məxsusdur.

Beləliklə, erməni kilsəsinin və müxalifətinin etirazlarına baxmayaraq, sərhədin müəyyən edilməsi uğurla davam edir. Mitinqlərdə isə elan edilən itaətsizlik aksiyaları və nümayişlər davam edir. Etiraz aksiyaları Tavuş vilayətində Ermənistan-Azərbaycan sərhədində delimitasiya və demarkasiya işlərinə start veriləndən sonra başlanıb və mayın 4-dən “Vətən naminə Tavuş” şüarı altında paytaxt İrəvana yürüşlə davam etdirilib. Yürüşə Erməni Apostol Kilsəsi Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan rəhbərlik edib. Yürüş zamanı Baqrat Qalstanyan jurnalistlərə deyirdi ki, yürüşün məqsədi narazılıqları və “birtərəfli ədalətsiz” delimitasiya prosesini dayandırmaq tələbini hakimiyyətə çatdırmaqdır. Lakin o, İrəvanda, Respublika meydanında on minlərlə insanın iştirak etdiyi mitinqdə Ermənistan baş naziri Nikol Paşinyana istefa ultimatumu elan etdi. Qalstanyanın mitinq çıxışlarından bəlli olur ki, onların əsas tələbi Nikol Paşinyanın istefasıdır. Hakim partiyaya yaxın bəzi mediada Qalstanyan Rusiya xüsusi xidmətlərinə işləməkdə ittiham edilir. Eyni zamanda, Qalstanyanın "xalqın güvəndiyi şəxs" olduğunu deyənlər də var. Onlar əsasən bəzi erməni diasporu və Rusiyada yaşayan ermənilərdir.

Erməni mətbuatının yazdığına görə, hazırda Nikol Paşinyan iqtidarı kilsədə kadr dəyişikliyi, yaxud II Qareginin istefasına nail olmaq niyyətindədir. Paşinyan hökumətinin kilsə başçısına qarşı mübarizəsi Qareginin mühafizəçilərinin dövlətdən maliyyələşdirilməsini dayandırmaqla başlayıb. Bundan sonra proses kilsənin fırıldaqla məşğul olması, dələduzluğu, 12 milyon dollar məbləğində ianənin mənimsənilməsi, Qareginin hökumətə qarşı çıxışları ilə davam edib. Indi kilsə siyasətə müdaxilə edir və bu da hakimiyyətə bu quruma qarşı daha sərt gedişlər etmək imkanı yaradır. Burada xatırladaq ki, Paşinyanın opponenti olaraq hələ də Koçaryan və Sarkisyanı görən Ermənistan ictimaiyyəti 44 günlük müharibədən sonra bütün etirazlara laqeyd münasibət sərgiləyib. Hazırda baş verənlər mövcud müxalifətin simasında hakimiyyətə qarşı müqaviməti genişləndirməyin mümkün olmadığını anlayan kilsənin prosesləri ələ almaq gedişidir.  Amma kilsə cəmiyyətdən dəstək ala bilmir. Bunlar fonunda hakimiyyətin kilsəyə qarşı hücumları artır. Hətta bu günlərdə Ermənistan parlamentinin hakim “Vətənaş müqaviləsi” partiyasından olan deputatı Arsen Torosyan ölkədəki xristian kilsəsinin tarixini əfsanə hesab etdiyini bildirib. O, kilsəni erməni dövlətçiliyini məhv etməkdə ittiham edib: “Xalqımız çox ağır talelərlə üzləşib. Bu fırtınalı dənizdə üzmək üçün 100-dən artıq mif və stereotipləri məhv etməli olması ilə yanaşı, əslində o, hələ də 1700 illik mifi tamamilə və tamamilə məhv etməlidir, baxmayaraq ki, dövlətçilik yaratmaqla buna qismən nail oldu”.

Sevinc Azadi, “İki sahil”