21 may 2024 23:44
470

Bölgənin sabitliyi üçün İran-Azərbaycan dostluğu önəmli amildir

Xəbər verildiyi kimi, mayın 19-da İran və Azərbaycan prezidenlərinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi  keçirilib. Tədbirdə İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə qalxdığı, beynəlxalq təşkilatlarda, üzv olduqları təşkilatlarda bir-birini dəstəklədikləri və iki ölkənin dostluğunun möhkəm olması vurğulanıb. Hətta qeyd edilib ki, bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir.

Amma bu, bir faktdır ki, son günlər iki ölkə arasındakı bu münasibətlərə xələl gətirmək istəyən qüvvələr də peyda olmuşdu. Onlar nəyin bahasına olursa-olsun iki qonşu dövlət arasında münasibətləri kəskinləşdirməyə cəhdlər edirdilər. Amma sözügedən tədbirdə qeyd olunanlar bir daha göstərdi ki, möhkəm zəmin üzərində qurulan İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Bu sarsılmazlıq aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarda özünü göstərəcək.

Nəqliyyat layihələri hər iki  ölkənin maraqlarına uyğundur

İki ölkəni birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi əhəmiyyət kəsb edir.  Bu gün nəinki ölkələrimiz, eyni zamanda  geniş coğrafiya üçün böyük əhəmiyyətə malik  Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Göstərilən səylər də artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm də Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Eyni zamanda, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Bu həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq. Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb, bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq. İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi də, eyni zamanda,  qarşılıqlı təchizat məsələləri də həll edilib ki, bu həm ölkələrimiz və həm də digər dövlətlər  üçün fayda gətirəcək layihələr olacaq. Ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması - bütün bunlar göz qabağındadır. Bu mənada heç kim bu iki ölkənin arasına girə bilməz. Göstərilən səylər də əbəsdir.

Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır

Həmin mərasimdə Qərb dövlətlərinin, xüsusilə Fransanın əlində oyuncağa çevrilmiş və ölkəmizə  qarşı etnik təmizləmə siyasəti aparmış, bir milyon azərbaycanlını evsiz-eşiksiz qoymuş Ermənistanın hazırkı mövqeyindən də söz açılıb. Bildirilib ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır. Bölgə ilə bağlı məsələyə qeyri-regional ölkələrinin müdaxiləsi qəbuledilməzdir. Odur ki, Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır.  Çünki yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Bu mənada uzun illər bölgədən uzaqda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlayan Ermənistan üçün nəticənin o qədər də ürəkaçan olmayacağı da diqqətə çatdırılıb. Qeyd edilib ki, təcavüzkar ölkənin nicatı Qərbdə yox, bölgə ölkələrinin əlindədir. Yəni, Hayastan ancaq bu yolla inkişafa, tərəqqiyə nail ola bilər. Başqa sözlə desək, Ermənistanın dalan ölkə olmaqdan qurtuluşu yalnız Azərbaycanla danışıqlardan, sülh müqaviləsinin imzalanmasından keçir.

Hazırda iki ölkə arasında heç bir vasitəçi olmadan Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan Azərbaycana qaytarılır. Delimitasiya, demarkasiya prosesi də rəsmi Bakının şərtləri əsasında həyata keçirilir. Artıq sərhəd dirəkləri də quraşdırılıb. Şübhəsiz, sərhəd dirəklərinin quraşdırılması  sülhə nail olunması üçün real müstəvidə görülən işlərin əyani nümunəsidir. Şübhəsiz, bu addımlar sülhə olan ümidləri də artırır. Hətta  uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmasından xəbər verir. Bu prosesdə İran da öz dəstəyini əsirgəmir.

Qvami Məhəbbətoğlu, “İki sahil”