22 may 2024 02:36
371

Makronun neokolonialist siyasətinin qürubu

İnsan hüquqlarının fundamental dəyərlərə çevrildiyi müasir dünyamızda müstəqilliyi uğrunda mübarizə aparan xalqlara qarşı zor tətbiqi gerizəkalılıq, səritəsizlik, qəddarlıqdır. Ambisiyaları və imperialist düşüncələri ilə azadlıq naminə aparılan mübarizələri susdurmağa çalışan Fransa və eyni xislətli digər dövlətlərin hələ də özlərini humanizm, demokratiya, plüralizm və insan hüquqlarının carçısı kimi tanıtmaq cəhdləri mənfi tendensiya olan neokolonializmə dəstəkdir. Yüz illərlə Fransanın müstəmləkəçilik siyasətinin qurbanı olan Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərində iğtişaşların hələ də davam etməsi, bir neçə etirazçının Fransa polisi tərəfindən qətlə yetirilməsi, 140 nəfərin həbs olunması insanların haqq səslərinin susdurulmasıdır.

Etirazların başlıca səbəbi yerli seçkilərdə elektoratın genişləndirilməsi ilə bağlı Fransanın konstitusiyasında nəzərdə tutulan qanun layihəsinə əlavələrin edilməsidir. Yeni Kaledoniya Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumu, başqa sözlə deyilsə müstəmləkəsidir. 2020-ci ildə Yeni Kaledoniya öz müstəqilliyini elan etmək üçün növbəti referendum keçirsə də hələ də bəzi Afrika xalqlarını qul kimi istismar edən Fransa seçicilərin azadlıq naminə göstərdikləri ümumi rəyini tanımayıb.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində Fransa müstəmləkəçiliyinə qarşı yaradılan Bakı Təşəbbüs Qrupu az müddətdə də olsa kanak xalqı ilə həmrəyliyini müxtəlif çağırışlarla, bəyanatlarla bildirir. Müstəmləkəçilik və yeni müstəmləkəçilik təcrübələrinə qarşı mübarizə aparan xalqın yanında olduğunu rəsmi Bəyanatı ilə bildirən Bakı Təşəbbüs Qrupu Fransa polisinin dinc etirazçılara, mülkü şəxslərə qarşı zorakılığını yolverilməz adlanıdırır. Qrup Fransa Senatını və Milli Assambleyasını Yeni Kaledoniyada qanunsuz konstitusiya dəyişikliklərini dayandırmağa və zorakılığa son qoymağa çağırıb. Xatırladaq ki, Sakit Okean regionunda fəaliyyət göstərən 30-a yaxın təşkilatın Fransa hökumətinin Yeni Kaledoniyada dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərə etiraz olaraq yaydığı birgə Bəyanatda da Fransanın dekolonizasiya prosesini idarə etmək iqtidarında olmadığı vurğulanır. Eyni zamanda BMT-dən, eləcə də Sakit Okean hövzəsi ölkələrinin rəhbərlərindən prosesə müdaxilə tələb olunur. Yerli xalqların öz müqəddəratını təyinetmə hüququnu təhlükə altına alan və ərazinin gələcək statusu ilə bağlı davam edən dinc dialoqu təhdid edən yerli seçki qanunvericiliyinə təklif edilən konstitusiya dəyişikliyinin geri götürülməsi ilə bağlı çağırışlar səsləndirilib.

Aralıq dənizindəki Korsika adasından tutmuş Afrikadakı bəzi ölkələri hələ də zülm caynağında saxlayan Fransa hər vəchlə yerli əhalini siyasi idarəetmədən kənar tutmağa, onların insan hüquqlarından istifadəsini məhdudlaşdırmağa və azadlığını boğmağa çalışır. Fransanın müstəmləkə altında saxladığı xalqlar ana dillərində danışa, seçki kampaniyalarında iştirak edə , öz namizədlərini irəli sürə bilmirlər. Amma çətin də olsa Fransanın müstəmləkə siyasətinin qurbanı olan xalqlar artıq öz hüquqları uğrunda mübarizədə qətiyyətlidirlər. Əsrlərdən bəri Fransanın köləsi olan Afrikanın bəzi ölkələrində fransız dilindən imtina, fransız diplomatların «persona-non-grata»” elan edilməsi və müstəqillik uğrunda çıxışlar geniş vüsət alıb. Yeni Kaledoniyada baş verənlər özünün siyasi hüquqlarını tələb edənlərin, haqq səsini ucaldan insanların mübarizlik rəmzidir.

Afrikanın bir neçə ölkəsində başlanan anti-Fransa hərəkatının, güclənən etirazların təməlində bu dövlətin antihumanist, zorakılıq, kolonialist siyasəti dayanır. Texnologiyaların inkişaf etdiyi XXI əsrdə xalqları təzyiq altında saxlamaq, qul kimi işlətmək, təbii sərvətlərini istismar etmək yalnız Fransanın Prezidenti Emmanuel Makron kimilərə xas olan zülmkarlıqdır. Oyanan xalqın müstəqillik uğrundakı mübarizəsinin səbəblərini kənarda axtaran rəsmi Parisin Yeni Kaledoniyada baş verən hadisələrdə Azərbaycanın adını hallandırması, beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratması meymunun güzgüyə baxmaq təsəvvürüdür.

Koloniolist siyasət yeritməklə kifayətlənməyən Makronun Cənubi Qafqazda qarışıqlıq yaratmaq üçün Ermənistandan vasitə kim istifadə etməsi, işğalçı ölkəni silahlandırması, revanşist hayları yeni müharibəyə təhrik etməsi Fansa şovinizminin, qeyri-insani davranışları təşviq edən bu dövlətin terrora, faşizmə dəstək siyasətinin təzahürüdür. Zorakılıq əməllərini Azərbaycanın kölgəsində gizlətməyə çalışan Makron bəzi məqamları görmək istəmir. Unudur ki, bu gün Azərbaycan nəinki Cənubi Qafqazda, eləcə də bölgədən kənarda belə sülhün qorunmasının və dünyanın müxtəlif yerlərində baş verən münaqişələrin yeganə həllinin məhz danışıqlar vasitəsilə mümükünlüyünü siyasəti, təcrübəsi ilə təsdiqləyən qüdrətli dövlətdir. Qoşulmama Hərəkatına sədrliyi dövründə ehtiyacı olan azsaylı xalqlara yardımlar göstərən, bölgədə sabitliyin tərəfdarı olan rəsmi Bakının sülhsevər siyasətinin dəstəkləndiyi bir məqamda Makronun ölkəmizlə bağlı sayıqlamaları «qara piar»dan başqa bir şey deyildir.

«Dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq mövcud münaqişələr öz həllini tapmır» söyləyən Prezident İlham Əliyev dəfələrlə Fransanın neokolonialist siyasətinn mənfur nəticələrini insanlığa yaraşmayan zorakılıq, XXI əsrin vandalizmi, üzqarası adlandırmışdır. Halbuki Fransadan fərqli olaraq Cənubi Qafqazın lider dövləti Azərbaycanın beynəlxalq hüquqa sadiqliyi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, təşkilatın Nizamnaməsinə ehtiramla yanaşması dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin insanları humanizmə, xeyirxahlığa, birlik və həmrəyliyə çağırış təşəbbüsləri rəğbətlə qarşılanır.

Rəsmi Bakının təşkilatçılığı ilə respublikamızda keçirilən mühüm əhəmiyyətli tədbirlərdə dünyada sülhün, əmin-amanlığın təminatı üçün xalqlar arasındakı əməkdaşlığın, tərəfdaşlığın möhkəmlənməsi naminə faydalı müzakirələr aparılır, sənədlər qəbul olunur. Prezident İlham Əliyevin əksinə olaraq Makron azadlığı uğrunda mübarizə aparan xalqlara qarşı cinayətlərə şərait yaradır, günahsız insanlar qətlə yetirilir, təzyiqlərə məruz qalırlar. Fransa Prezidentinin sədrliyi ilə keçirilən Müdafiə Şurasının iclasında iğtişaşların qarşısının zorakılıqla alınması üçün Yeni Kaledoniyaya əlavə hərbçilər göndərmək qərarının qəbulu erməni vandalları ilə eyni düşüncə tərzinə malik Makrona xas insanlıqdan kənar keyfiyyətlərdir.

«Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”» sözləri ilə erməni faşizmini dəstəkləyən Makronla müqayisədə xalqımızın qətiyyətini diqqətə çatdıran Prezident İlham Əliyev liderlik keyfiyyətləri ilə də rəqibinə qalib gəlir. Makronun prezidentliyi dövründə Fransada baş verən iğtişaşlar, aksiyalar zamanı dinc etirazçılara qarşı törədilən zorakılıqlar, vəhşiliklər də göstərir ki, Fransanın kiminsə hüquqlarından danışmaq, başqalarını «qorumaq» haqqı, cəsarəti yoxdur. Öz ölkəsində sabitlk yarada bilməyən, vətəndaşlarının hüquqlarını kobudcasına pozan, tapdalayan, demokratiyanı dəyənək gücü ilə səhv salan Makron hayların müdafiəsi bəhanəsi ilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirə bilməz. Bölgədə sabitliyə doğru münbit tarixi şəraitin yarandığı indiki zamanda reallıq budur ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi vasitəçilərsiz imzalanacaq. Belə ki, Makronun lənətlənmiş ATƏT-in Minsk qrupunu diriltmək cəhdi də baş tutan deyil. Minsk qrupuna daxil olan dövlətlər arasındakı soyuq münasibətlər də bu təsisatın heç bir səlahiyyətə malik olmadığını göstərir. Dəfələrlə qeyd olunduğu kimi, BMT-nin Nizamnaməsində, quruluşunda, strukturunda müasir dünyada baş verən hadisələri tənzimləmək baxımından vacib dəyişikliklər aparılmalıdır. BMT-nin Təhlükəsizlik Şurasının tərkibinə daxil olan ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya arasındakı soyuq münasibətlər ədalətli qərarların qəbulunu çətinləşdirir. Bu baxımdan ilk növbədə Təhlükəsizlik Şurası üzvləri arasında səmimi münasibətlər formalaşdırılmalı, tərkibi genişləndirilməlidir. BMT-dən sonra dünyanın ikinci ən böyük, ən çox üzvü olan Qoşulmama Hərəkatına Təhlükəsizlik Şurasında yer verilməli, mühüm məsələlərin müzakirəsində təsisatı təmsil edən nümayəndə iştirak etməlidir. Təbii ki, Azərbaycanın qatı düşməni Fransa Prezidenti Makronun üzvü olduğu təşkilatda, Minsk qrupunda rəsmi Bakı ilə bağlı hansısa ədalətli qərarın qəbulunun qeyri-mümkünlüyü torpaqlarımız işğal altında qaldığı 30 ildə bəlli oldu. Yəni , Yeni Kaledoniyada insanların azadlıq istəklərinin qarşısını su şırnaqları, gözyaşardıcı qazlarla alan Makronun müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan kanak xalqının yanında olan Azərbaycana düşmən münasibəti təbiidir. Buna görə də Ermənistana silah-sursat göndərməklə Cənubi Qafqazda sabitliyi pozmağa çalışan Makronun başlıca məqsədi beynəlxalq ictimaiyyətdə Azərbaycan haqqında mənfi imic formalaşdırmaqdır. Amma… Amması odur ki, dövlətçilik tarixindən xəbərsiz Makrona xatırladaq ki, Azərbaycan artıq dünyada həllini gözləyən problemlərin aradan qaldırılmasında fəal iştirak edən, söz sahibi olan qüdrətli dövlətdir. Makronların bu arenada at oynatmaq qabiliyyətləri olmayıb və olmayacaq. Hadisələr də göstərir ki, avantürist prinsiplərlə idarə olunan Makron Fransası tarixdən kənarda qalan ölkədir.

Xuraman İsmayılqızı, «İki sahil»