22 may 2024 00:57
420

Cəbrayıla yenidən həyat qayıdacaq

Şəhərə ilin sonuna kimi 712 ailənin köçürüləsi planlaşdırılır

Azərbaycan Ordusu Vətən müharibəsinin başlandığı 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Erməni vandalları bütün işğal altındakı şəhər və kəndlərimiz kimi Cəbrayıl rayonun maddi-mədəni abidələrini talayıb məhv etmişlər. Doğtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.

İşğaldan sonra Cəbrayıl rayonundan olan məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. İşğaldan azad edilmiş torpaqlara “Böyük Qayıdış” Cəbrayıldan başlamışdır. 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Qələbəyə daha yaxın etmişdir. İşğaldan azad edildikdən sonra Cəbrayılda bərpa və quruculuq işlərinə başlanmışdır. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməlini qoyub. Azad edilmiş digər rayonlarımızın sakinləri kimi, cəbrayıllılar da ikinci nəfəs verilmiş doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər və o günün uzaqda olmadığına inanırlar. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva jurnalistlərə açıqlamasında bildirib ki, Birinci mərhələdə Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinə ümumilikdə 3 min 193 sakin köçürüləcək: "Birinci mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq. Baş plana əsasən kəndin ümumi sahəsi 362 hektar təşkil edir. 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib. Burada inzibati bina, klub-icma mərkəzi, çoxfunksiyalı bina, idman və ailə-sağlamlıq mərkəzləri, mərasim evi, bazar kompleksi və digər qeyri-yaşayış obyektlərinin tikintisi nəzərdə tutulur. Həmçinin Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki məktəb və beş uşaq bağçası inşa olunacaq. 2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır".

Prezident İlham Əliyev bir neçə gün əvvəl təməlini qoyduğu Karxulu kəndinə gəlincə, bildirilib ki, 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur. Kənddə inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq. Bundan başqa, Baş plana müvafiq olaraq, kənddə əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək. 2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 125 hektardır. Bu mərhələdə 691 sakin üçün 145 fərdi evin layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Həmçinin, Sarıcallı kəndinin baş planında ümumi sahəsinin 330 hektar təşkil etdiyini də vurğulayıb: “Burada inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, yanğınsöndürmə deposu, aqrotexniki park, mərasim evi, kənd bazarı, kiçik sahibkarlıq obyektləri tikiləcək. Bundan başqa, əhalinin tələbatına uyğun iki tam orta məktəb və 4 uşaq bağçasının layihələndirilməsi də nəzərdə tutulur. Ümumiyyətlə, bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq. “2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 104 hektardır. Bu mərhələdə kəndə 1 016 sakinin köçürülməsi üçün 242fərdi ev inşa olunacaq”.

Qeyd edək ki, 2040-cı ilədək Maşanlı kəndinin layihələndirilən ərazisi 157,54 hektar nəzərdə tutulub. Həmin müddətdə kənddə 2360 sakin üçün 590 fərdi evin layihələndirilməsi, eləcə də tikintisi planlaşdırılır. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Bu kənddə də inzibati bina, klub-icma, idman sağlamlıq mərkəzləri, həkim məntəqəsi, mərasim evi, bazar kompleksi, ticarət, ictimai-iaşə, kiçik sahibkarlıq obyektlərinin layihələndirilməsi planlaşdırılır. Baş plana əsasən, kənddə tam orta məktəb üçün bina və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən burada məskunlaşacaq əhalinin yaşayış yükü nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 50 hektar yer ayrılıb. Bu mərhələdə 944 sakin üçün 236 fərdi ev tikiləcək.

Onu da vurğulayaq ki, Cəbrayıl şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması ilə bağlı işlər sürətlə davam etdirilir. Şəhərin coğrafi mövqeyi və relyefi də onun yaşıllıqlara qərq olmuş məkan kimi planlaşdırılmasına imkan verib. Baş plana əsasən, yaşıllıqların ümumi sahəsi 110 hektar təşkil edəcək. Bununla da şəhər ərazisinin 18 faizi yaşıl zonalardan ibarət olacaq. Əhalinin əsas istirahət zonası olaraq Çaylaqçay ətrafında salınması təklif edilən “yaşıl zolaq” mərkəzi park kimi müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün əhalinin açıq məkanlara çıxışını təmin edəcək. Şəhərə ilin sonuna kimi 712 ailənin köçürüləsi planlaşdırılır.

Sevinc Azadi, “İki sahil”