22 may 2024 00:11
379

Qarabağ Zəfərinə yas tutanın adı nədir?

AXCP müxalifət deyil, müxəlləfatdır

Ölkəmiz dövlət müstəqilliyini bərpa edəndən sonra müxalifət partiyaları yaranmağa və artmağa başladı. Təbii ki, onların mütləq əksəriyyəti siyasi meydanda  hakimiyyət iddiası ilə fəaliyyət göstərirdi. Mürəkkəb dövrdə-ölkənin iqtisadi-siyasi, hərbi böhran içində boğulması, cinayətkarlığın baş alıb getməsi, bununla bərabər, Azərbaycana bir neçə ölkədən təzyiqlər çoxunun gözünü qorxutdu və qaçıb meydandan çıxdılar. Onlar başa düşdülər ki, bu onların çəkəcəyi yük deyil. Bu problemlərin həlli o qədər çətindir ki, onları aradan qaldırmağa potensialları çatmaz. Müxalifətin “yarpaq tökümü”ndə zəiflər iddialarını yerə qoyaraq kənara çəkildilər. İndi onların çoxunun adı belə yaddaşlarda qalmayıb. Ortada barmaq hesabilə cəmi bir neçə müxalifət  partiyası qaldı. Onlar da say tərkibinə görə iqtidarda olan Yeni Azərbaycan Partiyası ilə müqayisədə “cırtdan” qurumu xatırladırdı.

İddiaçılar arasında ən radikal mövqe tutan Əli Kərimlinin AXCP-si demokratik yolla seçkilərdə qalib gələ bilməcəyini əlinin içi kimi  gördüyündən təkəbbür və iddianın əsiri olaraq Azərbaycanın düşmənlərinin köməyinə bel bağlayıb onların səfinə keçdi. Bu, şəxsən partiyanın sədri Əli Kərimli üçün hərtərəfli sərfəli idi. Həm iddiasından əl çəkmir, həm də xalqına xəyanəti müqabilində saysız-hesabsız pullar əldə edirdi. Odur ki, xaricdəki pullu ağalarına sədaqətlə xidmət edir, iqtidar və xalq əleyhinə tapşırılan layihələri canla-başla yerinə yetirirdi.

Əli Kərimli otuz ildən artıqdır ki, xəyanət youndadır və tövbə etməyi, xalqdan üzr istəməyi heç xəyalına da gətirmir. Xəyanət biznesi nə qədər güclüdürsə oğlu Türkeli də özünə qoşub. İndi ata-bala siyasət dəllalları Avropadakı bədxahlarımıza qulluq etməklə, həm də öz şərəflərini baha qiymətə satmaqla məşğuldurlar. Otuz illik siyasi fırıldaqlarından belə məlum olur ki, Əli Kərimli pulu öz şərəfindən də yüksək hesab edir.

Odur ki, AXCP sədri ölkədə nüfuzunu tamamilə itirmiş bir durumdadır. Mitinqlərdə boğazdan yuxarı “mənim uca xalqım” deyib bağırdığı xalq heç vaxt ona etimad göstərərək səs verməyib. Əslində bir neçə seçkidə partiyası biabırçılıqla məğlub olanda gərək istefa verəydi. Ancaq hanı onda  elə istefa mədəniyyəti?

Bizim dağıdıcı müxalifət hazırda müxəlləfat  kimi bir şeyə çevrilib. Yəni, orada hər cür tip toplaşıb. Biri kərə deyir, o biri kürə. Əli Kərimli özü yorulmaq, usanmaq bilməsə də ətrafındakılar artıq mənasız çabalamalardan bezdiklərini və yorulduqlarını etiraf edirlər. AXCP sədrinin müavini İlham Hüseyn yazııb: "Yorğunluq...Adamların təkcə əli-ayağı yox, ümidi, inamı da yorulub. Əslində bizi fiziki yorğunluq əldən salmadı. Bizi ətalət, susqunluq, bəhanələr, biganəlik, qorxu yordu."

Şərhə ehtiyac yoxdur. Sədrin digər müavini Ayaz Məhərrəmli də təxminən eyni fikirləri təkrar edir: "Hamı qaçıb  dağılışdı, meydanda yalqız, təkbaşına qaldıq. Biriləri yoruldu, biriləri əyildi, biriləri sındı, birilərinin isə bu yolu getməyə iradəsi, gücü çatmadı."

Görəsən bunların belə pessimist vəziyyətə düşmələrinin səbəbi nədir? Təbii ki, özləri etiraf etmək istəməzlər. Ancaq sualın cavabını siyasətçi deyil, cəmiyyətin gedişatından bir az xəbəri olan sadə adamlar da yaxşı bilirlər. Çünki otuz ildən artıq müddətdə bu adamlar özlərinin kim olduqlarını kifayət qədər tanıdıblar. Əlbəttə, antimilli fikirlərə qulluq etmək, düşmənlərimizə donos satmaq, ölkənin bu cür sürətli inkişafını gözdən salmaq heç kəsin diqqətindən yayınmır. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmizə sevinməyənin, əksinə yas saxlayanın adı nədirsə, bunlar da  ondandır.

Qarabağ Zəfəri ilə dağıdıcı müxalifətin etiraz mövzuları, bəhanələri və şantajları qapandı. Yarımçıq aşığın sözü bitəndə “neynim, neynim” dediyi kimi şəkkakların da sözünün bitən yeridir. İndi onlar əl-ayağa dolaşan uşaq vəziyyətindədirlər. Əllərindən bir iş gəlmədiyini ört-basdır etmək üçün ora-bura vurnuxur, "biz də varıq" demək istəyirlər. Prezident Administrasiyasının siyasi partiyalarla təşkil etdiyi məlum görüşdə AXCP-nin iştirak etməməsi buna ən tutarlı misaldır. Əgər bu partiyanın bir konstruktiv təklifi, ağıllı  planı, layihəsi və ya strategiyası olsaydı onda həmin görüşə getməkdən imtina etməzdi. Ən azı özünün bacarığını, düşünülmüş siyasətini diqqətə çatdırmaq üçün. Ancaq o yoxdur və otuz ildir ki, “həmin dalğa, həmin koordinat” deyib durublar. Daha doğrusu, durmayıblar, siyasi mühiti qarışdırmağa çalışmaqla daim başlarından böyük iddialarda bulunublar. Ölkəmizin daxilindən xarici ağalarına xəbərlər daşıyıblar. Bunların satqın hərəkətləri çoxdan cəmiyyətimizdə narazılıqla qarşılanır. Deyirlər ki, su bir yerdə çox qalanda iylənir, Əli Kərimlinin AXCP-si kimi...

Vəli İlyasov, “İki sahil”