22 may 2024 01:58
400

Latviya Azərbaycanla tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Azərbaycan sürətli şəkildə azad olunmuş ərazilərin bərpasına başlayıb. Qısa zaman kəsiyində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı işlər görülüb. İndi dünya Azərbaycanın bu sahədə əldə etdiyi uğurları heyrətlə izləyir. Çünki təsəvvür etmək çətindir ki, Azərbaycan qısa müddətdə işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda  bu qədər quruculuq işləri apara bilib.

Şübhəsiz, müxtəlif ölkələrin  diplomatlarının, rəsmi şəxslərin, səyyahların və digərlərinin azad olunmuş ərazilərə səfərləri bu məkanlarda aparılıan genişmiqyaslı abadlıq-quruculuq işlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Elə bu səbəbdən ölkəmizə gələn rəsmi, eləcə də digər qonaqların işğaldan azad edilmiş məkanlara səfərləri də təşkil olunur.  Hətta bu, artıq ənənə halını alıb.

Ölkəmizdə səfərdə olan Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Şuşa və Füzuli rayonlarında olub. Onu da qeyd edək ki, ölkəmizə  təşrif buyuran qonaqlar adətən Bakı görüşlərini yekunlaşdırdıqdan sonra Qarabağa, Şərqi Zəngəzura baş çəkilər. Amma Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyəti fərqli yol seçib. Belə ki, onlar  Ermənistanın 30 il ərzində bu məkanlarda törətdiyi dağıntıları, vandalizm aktlarını, həmçinin həmin ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərini öz gözləri ilə gördükdən sonra rəsmi görüşlər keçiriblər. Yeri gəlmişkən qeyd edək ki, səfər təəssüratlarını bölüşən Dayqa Mierina deyib ki, bu səfər ərazidə yaşayan insanlarla görüşmək, danışmaq, Azərbaycan tarixinin ağır səhifələri, regionda baş verənlər barədə məlumat almaq baxımından əhəmiyyətli olub. O, Qarabağa səfəri zamanı Azərbaycan dövləti tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin şahidi olduğunu söyləyib. “Bu kimi səfərlərin təşkili Azərbaycan həqiqətlərinin daha çox bilinməsinə şərait yaradır” deyən D. Mierina rəsmi Bakının regionda davamlı sülhün bərqərar olunması, delimitasiya-demarkasiya işlərinin aparılması, həmçinin ölkəmizin bölgədə gedən genişmiqyaslı quruculuq işlərindəki rolunu təqdir edərək deyib ki, gələcəkdə Latviya şirkətləri də işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərində iştirak edə bilərlər. Bu isə o deməkdir ki, Qarabağda və Şərqi Zəngəzurda əlini daşın altına qoymaq istəyən Latviya da bu yolla Azərbaycanla tərəfdaşlıq əlaqələrini daha da gücləndirmək niyyətindədir.

Latviyanın COP29-un keçirilməsində Azərbaycana yaxından dəstək göstərməyə hazır olduğunu bildirən xanm spiker,  həmçinin ölkəmizlə Ermənistan arasında sülh danışıqlarının uğurla yekunlaşacağına da inamını ifadə edib.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanla Latviyanın münasibətlərinin tarixi keçmişi SSRİ dövründən başlayıb. Həmin dönəmdə iki respublika arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. Müstəqillik illərində isə münasibətlər yeni mərhələyə qədəm qoyub. Hətta iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bə­yannamə də imza­lanıb. Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirmişdi ki, müstəqillik və ərazi bütövlüyü beynəlxalq nizama əsaslanan qaydaların təməl daşlarıdır və ölkələr arasında dinc yanaşı yaşamanın, dialoqun qorunub saxlanılması çox vacibdir: “Dinc, sabit və firavan Cənubi Qafqaz bizim ortaq marağımızdır”.

Mayın 20-də Prezident İlham Əliyev Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu kimi məqamlar diqqət mərkəzində olub. Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əlaqələrdən və qarşılıqlı dəstəkdən məmnunluq bildirilib. Latviyanın 2026-2027-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsinə görə Azərbaycana bir daha minnətdarlıq ifadə olunub. Azərbaycan ilə Avropa İttifaqı və NATO arasında əməkdaşlığa Latviyanın göstərdiyi dəstək və ölkəmizin Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyinə töhfəsi yüksək qiymətləndirilib. Orta Dəhlizin inkişaf etdirilməsində Azərbaycanın rolu və region dövlətləri ilə birgə fəaliyyəti qeyd olunub.

Söhbət zamanı ölkələrimiz arasında kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub, Latviyanın kənd təsərrüfatı sahəsində çox yaxşı təcrübəsinin olduğu bildirilib və bu sahədə Azərbaycan ilə əməkdaşlığa maraq ifadə edilib.

Qeyd edək ki, Azərbaycan Latviyanı müstəqil dövlət kimi 1991-ci il avqustun 30-da, Latviya isə respublikamızın müstəqilliyini 1992-ci il yanvarın 8-də tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr isə bundan iki il sonra - 11 yanvar 1994-cü ilə qurulub. Azərbaycan və Latviya dövlət başçılarının ilk görüşü 8 iyul 1997-ci ildə NATO-nun Madriddə keçirilən Zirvə toplantısı zamanı olub. Həmin gün Ulu Öndər Heydər Əliyev ilə Latviya Prezidenti G.Ulmanis arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub. 2005-ci ildə Azərbaycan Respublikasının bu ölkədə, 2006-cı ildə isə Latviya Respublikasının ölkəmizdə səfirliyi fəaliyyətə başlayıb. Onu da qeyd edək ki, Baltikyanı ölkələr içərisində Azərbaycan Respublikasının səfirliyi ilk olaraq məhz Latviyada açılıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”