18 may 2024 14:45
459

“Cırtdan”ın fransızsayağı gedişləri - ŞƏRH

Bu günlərdə Lüksemburqun Deputatlar Palatası Azərbaycan əleyhinə qərəzli və obyektivlikdən uzaq qətnamə qəbul edib. Bəri başdan qeyd edək ki, bu, Lüksemburqun Azərbaycana qarşı sərgilədiyi ilk qərəzli mövqe deyi. Məsələn, bu cırdan dövlətin Deputatlar Palatası  II Qarabağ müharibəsi zamanı işğalçı dövlətə dəstək verməklə yanaşı, Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi ilə bağlı qərəzli qətnamə qəbul etmişdi. Həmin qətnamədə Lüksemburq parlamenti beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olan sənədlərlə çıxış etmiş və bununla da ölkəmizin imicinə zərbə vurmağa çalışmışdı. Bununla da Azərbaycanla Ermənistan arasında, daha doğrusu, bölgədə ədavətin alovlandırılmasında maraqlı olduğunu nümayiş etdirmişdi. Amma Lüksemburqun bu kimi təxribat xarakterli və qərəzli sənədləri beynəlxalq hüquq normaları çərçivəsində öz işini quran Azərbaycanı haqq yolundan döndərə bilməmiş və döndərə də bilməzdi.

Əsassız ittiham

Lüksemburqun Deputatlar Palatasının növbəti qətnaməsi də demək olar ki, bu qurumun əvvəlki qətnamələrindən əsla fərqlənmir. Belə ki, bu  qətnamədə də ölkəmiz qarşı yenə fransızsayağı ittihamlar irəli sürülüb. Məsələn, Lüksemburqun Deputatlar Palatası Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədlərini təhrif edib. Halbuki həmin tədbirlər Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılmasına və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəlmişdi. Məhz həmin lokal antiterror əməliyyatlarından sonra Azərbaycan ərazisində bir nəfər də olsun erməni separatçısı qalmadı.  Prezident İlham Əliyevin bildirdiyi kimi, antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik, bir daha dövlətimizin gücünü göstərdik, güclü siyasi iradəsini göstərdik.
Həmin qətnamədəki Azərbaycanın, guya, əsassız şəkildə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində 100 mindən (???) çox erməninin Qarabağdan məcburi köçmək məcburiyyətində qalması ifadəsinə gəldikdə isə, artıq bütün dünya da bilir ki, onlar Qarabağı könüllü tərk ediblər. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf edib, BMT də. Həmin ermənilərin sayı da qətnamədə göstərildiyi  qədər deyil. Şübhəsiz, bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, həm də Azərbaycana qarşı əsassız ittihamdır. 

Sözügedən sənəddə erməni hərbi əsirlərin dərhal azadlığa buraxılması da əksini tapıb. Halbuki Azərbaycanda hazırda heç bir nəfər də erməni hərbi əsiri yoxdur. Xatırladaq ki, iki ölkə arasında bir neçə dəfə  hərbi əsirlərin mübadiləsi həyata keçirilib. Sonuncu belə mübadilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlara əsasən, heç bir vasitəçi olmadan 2023-cü il dekabrın 13-də həyata keçirilib. Həmin gün Azərbaycan müxtəlif vaxtlarda saxlanılmış və barələrində hökm çıxarılmış 32 nəfəri, Ermənistan isə qondarma ittihamlarla mühakimə etdiyi 2 hərbçimizi azad edib. Artıq Azərbaycanda hərbi əsir yoxdur. Müharibə cinayətləri törətmiş Vaqif Xaçaturyan, Araik Arutyunyan kimi separatçılar isə konkret cinayət əməllərinə görə məhkəmənin hökmü ilə həbsdədirlər. Bu mənada onların hərbi əsir kimi təqdim edilməsi beynəlxalq hüquqa uyğun deyil.  Məgər bunu Lüksemburqun Deputatlar Palatasının deputatları bilmirlərmi? Yeri gəlmişkən qeyd edək ki, həmin şəxsləri heç Nikol Paşinyan hakimiyyəti “hərbi əsir” adlandırmır və onlarla bağlı məsələ qaldırmır. Çünki yaxşı bilir ki, qaldıracağı məsələnin heç bir əsası yoxdur.

İkili standartlar bitmir ki, bitmir...

Həmin qətnamədə diqqət çəkən digər məqam ondan ibarətdir ki, Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqətlər və faktlar nəzərə alınmayıb, regionda mövcud olmuş münaqişənin kökündə dayanan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması tamamilə diqqətdən kənar buraxılıb. Ermənistanın ölkəmizə qarşı 30 il ərzində törətdiyi hərbi işğal nəticəsində 4000-ə yaxın itkin düşmüş azərbaycanlının aqibətinin gözardı edilərək, itkin düşmüş ermənilərin vurğulanması ölkəmizə qarşı sərgilənən ikili standartların bariz nümunəsindən başqa bir şey deyil.

Şübhəsiz, Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin irəliyə aparılması üçün tədbirlərin görüldüyü, ikitərəfli danışıqlar formatının müsbət şəkildə irəlilədiyi, xüsusən sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində uğurlu nəticələrin əldə edildiyi dövrdə Lüksemburq Deputatlar Palatasının və onun havadarlarının məqsədi həmin ikitərəfli danışıqlar formatını və sülh prosesini pozaraq regiona müdaxilə etməkdir. Amma onların niyyətlərinin ürəklərində qalacağı şəksizdir. 

Qvami Məhəbbətoğlu, “İki sahil”