17 may 2024 23:57
389

Sarsılmaz dostluğa əsaslanan strateji tərəfdaşlıq

Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfəri, qarşılıqlı əməkdaşlığın yeni hədəflərini əks etdirən mühüm əhəmiyyətli sənədlərin imzalanması birgə səylərin təzahürüdür

Xarici siyasətinin əsasını təşkil edən qarşılıqlı ehtiram və əməkdaşlıq prinsiplərinə sadiq qalan Azərbaycan MDB dövlətləri ilə münasibətlərinə xüsusi diqqətlə yanaşır. Dostluq, qarşılıqlı anlaşma şəraitdə möhkəmlənən, sınanmış etimada əsaslanan Azərbaycan -Belarus əlaqələri sağlam təməl, yüksələn xətt üzrə inkişaf edir. Artıq tarixin zibilliyinə atılan «Qarabağ münaqişəsi»nin davam etdiyi 30 ildə daim Azərbaycanın haqlı mövqeyini müdafiə edən rəsmi Minsk ölkəmizə qarşı səmimi münasibətlərində tutduğu prinsipial mövqeyə sadiq qalmışdır.

Azərbaycanın təmsil olunmadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanın müttəfiqi sayılsa belə, ərazi bütövlüyü məsələsində daim Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyən Belarus rəsmilərinin səmimi dostluq, qarşılıqlı etimad prinsiplərinə sadiqliyi iki ölkə arasındakı strateji tərəfdaşlığı daha da möhkəmləndirir.

Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun azərbaycanlı həmkarı Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizə dövlət səfəri, hər iki ölkə arasındakı iqtisadi, siyasi əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərəcək mühüm əhəmiyyətli sənədlərin imzalanması qarşıya qoyulan proqnozların reallaşması imkanların artırır. Dövlət başçılarının təkbətək və geniş tərkibli görüşlərində səslənən fikirlərin, irəli sürülən təkliflərin dəstəklənməsi ölkələr arasındakı etimadın, qarşılıqlı hörmətin, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığın ifadəsidir. Azərbaycanın və Belarusun dövlət başçıları İlham Əliyevin və Aleksandr Lukaşenkonun mətbuata birgə bəyanatlarında açıqlanan proqnozlar, müasir dövrün tələblərinə uyğun fəaliyyət istiqamətlərinin, aqrar sahənin, turizmin, kiçik və orta biznesin inkişafı ilə bağlı sənədlərin imzalanması hər iki ölkənin iqtisadiyyatına təkan verəcək amillərdir.”

Mərasmidə Bakı –Minsk, Gəncə – Qomel, Qəbələ- Qrodno şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma memorandumlar”ının imzalanması hər iki ölkədə müasir şəhərsalma mədəniyyətini əks etdirən təcrübə mübadiləsinə göstərilən diqqətin təzahürüdür. Qeyd olunduğu kimi, MAZ avadanlıqlarının, yanğınsöndürmə, lift texnikasının birgə istehsalı ilə bağlı razılaşmalar yeni sənaye sahələrinin yaradılması, iş yerlərinin açılması baxımından çox əhəmiyyətlidir. Əczaçılıq, baytarlıq preparatları üçün birgə istehsalla bağlı razılıq hər iki ölkədə aqrar sahənin inkişafını sürətləndirməklə ölkələrarası tərəqqiyə yeni baxışları formalaşdırır.

Müasir dövrün tələbinə, çağırışına uyğun, regional və beynəlxalq məsələlər üzrə aparılan müzakirələrin, möhkəmlənən münasibətlərin strateji xarakterinə uyğun davamını sınaqdan çıxan təcrübə adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, yalnız çoxplanlı, yaxşı keçmişə və yaxşı gələcəyə hesablanmış, qarşılıqlı etimada, ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.
Azərbaycanla münasibətləri yüksək dəyərləndirən, səmimi görüşləri qardaşlıq ünsiyyəti adladıran Aleksandr Lukaşenko Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfəri, işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa –quruculuq işlərini, enerji, nəqliyyat, kommunikasiya layihələrinin uğurlu həllini düşünülmüş siyasətin, konseptual proqramların uğurlu nəticəsi adlandırdı.

Mətbuata bəyanatlarda yaxın vaxtlarda Minskdə keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müvafiq dövlət strukturlarına verilmiş tapşırıqların müfəssəl şəkildə təhlil olunacağını və onların icra müddəti üzrə konkret addımların atılacağını, həmçinin qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialının artırılması üçün qüvvələrin səfərbər olunacağını bildirən dövlət başçıları vəzifələrin nəzərdə tutulan müddətdə həllinin mümkünlüyünü diqqətə çatdırdılar. Belarus dövlət başçısının Azərbaycana səfərini kifayət qədər məhsuldar, müzakirə olunan məsələlərin kifayət qədər konkret, real və aktual xarakter daşıdığını «İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri, başqa sözlə desək, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlər geniş şəkildə müzakirə olundu» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev yaxın gələcəkdə münasibətlərin yeni hüdudlarının, istiqamətlərinin hədəflənəcəyini bildirdi. Yeni müəssisələrin, iş yerlərinin açılmasını iki ölkə arasında güclənən əməkdaşlığın prioritetlərinin tükənməz olması kimi dəyərlərdirdi. Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət edən dövlət başçımız İlham Əliyevin vurğuladığı kimi, həyata keçiriləcək layihələrin, görüləcək işlərin miqyası çox geniş və əhatəlidir.

«Demək olar ki, ərazini sıfırdan bərpa etmək lazım gəlir, müqayisə üçün deyim ki, Livanın bütün ərazisi, üstəgəl bütün bu ərazinin 50 faizi qədər sahəni. Bütün bunları, sadəcə, daşın daş üstündə qalmadığı ərazidə görüləcək işləri təsəvvür etmək üçün söylədim. İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik» sözləri ilə hədəfləri dəqiq müəyyənləşdirən Prezident İlham Əliyev konkret tapşırıqların əhəmiyyətini də diqqətə çatdırdı.

«Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq» sözlərilə onillərlə ölçüləcək işlərin qısa müddətdə həllini ölkəmizin iqtisadi qüdrəti, dinamik inkişafı kimi dəyərləndirən, Prezident İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin nəticəsi adlandıran Belarus Prezidenti yenidənqurma, bərpa-quruculuq işlərində dost köməyini təklif etdi. Azərbaycanın bu təcrübəsinin təbliğinə ehtiyac duyulduğunu səmimiyyətlə bildirdi. Belarusun özünü doğruldan şəhərsalma, aqroşəhərciklərin tikintisi təcrübəsinin, müasir texnologiyalarından istifadə imkanlarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiqinin yüksək nəticə verəcəyini bildirdi. Hazırda dünya siyasətinin aktual problemi olan Cənubi Qafqazda baş verən hadisələrin MDB məkanına təsiri ilə bağlı fikrlər, təkliflər irəli sürüldü, fikir mübadiləsi aparıldı. «Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq mövcud münaqişələr öz həllini tapmır. Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdiyi münaqişə istisna olmaqla» sözləri ilə qardaş ölkə ilə xeyirxahlığa, ləyaqətə, münasibətlərdə dürüstlüyə və məntiqi nəticəyə sadiqliyin daim qorunacağını bildirən dövlət başçımız xalqlarımızın rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyətin gücləndirilməsini zamanın tələbi kimi önəmli adlandırdı.

Mətbuata bəyanatda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-qurucuq işlərində belaruslu mütəxəssislərin iştirakını məmnunluqla vurtulayan Aleksandr Lukaşenko ermənilərin viran qoyduqları ərazilərdəki dağıntıların qısa müddətdə bərpa ediləcəyinə inamını «Siz çox düzgün kurs götürmüsünüz. İnsanları qaytarmaq azdır, onları yaxşı, rahat evlərdə yerləşdirmək lazımdır, çünki bir çoxları artıq şəhərlərdə anadan olublar. Amma bu da azdır. Yeni iş yerləri yaratmaq lazımdır. Mən ilk dəfə belə bir həcm barədə eşitdim ki, bu, Livanın bütün ərazisi, üstəgəl bütün bu ərazinin 50 faizi qədər sahədir» sözlərilə ifadə etdi. Belarus Prezidenti vurğuladı ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq. Bunun üçün 400 milyon dollar əmtəə dövriyyəsinə çatdırdığımız bir yol xəritəmiz var. Bu yol xəritəsi Hökumətlərarası Komissiyanın Minskdə keçiriləcək növbəti iclasında, Bakıda ikitərəfəli razılaşmalar əsasında imzalanmış sənədlərdə nəzərdə tutulan istiqamətlər üzrə həyata keçiriləcək. «Görüşdə Hökumətlərarası Komissiyamızın həmsədrləri bu xəritənin nədən ibarət olması, hansı işlərin görüldüyü barədə məruzə edəcəklər. Biz nazirlərin xəritəni tərtib etmələrini gözləməyəcəyik, bu işə yeni ildən başlayacağıq. Hansısa məsələlər üzrə belə də olacaq. Amma bir sıra məsələlər var ki, onları işləyib hazırlamaq deyil, sabahdan başlamaq lazımdır» sözləri ilə layihələrin həyata keçirilməsini tezləşdirməyin vacibliyini də diqqət çatdıran Aleksand Lukaşenko ölkəsinin İran, Pakistan, Hindistan kimi böyük regionları əhatə edən aqrar imkanlarının Azərbaycan üçün də böyük əhəmiyyət daşıyacağını dost yardımı, qardaş köməyi kimi dəyərləndirdi.

Belarusun zəngin təbii sərvətləri olan taxta-şalban məhsullarından Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan quruculuq işlərində istifadənin əhəmiyyəti , dost ölkədə geniş istifadə olunan taxta evlər təcrübəsinin tətbiqi ilə bağlı fikir mübadiləsi maraqla qarşılandı.
«Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Ona görə də bu, sizin üçün əlavə yük deməkdir, halbuki öz problemləriniz də var, lakin yenə də, nə etmək olar. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız» sözləri ilə regionda söz sahibi olan, nadir sabit ölkə kimi tanınan, bölgədə sülhün bərpası üçün uğurlu diplomatik addımlar atan ölkəmizin beynəlxalq səviyyədə böyük nüfuz qazanmasını düşünülmüş siyasətin məntiqi nəticəsi adlandıran Belarus Prezidentinin açıqlaması xalqımıza olan səmimiyyətinin ifadəsi idi.

Azərbaycan və Belarus prezidentlərinin Ermənistanın işğalından azad edilən, erməni vandalları tərəfindən viran qoyulan ərazilərdə olması, Füzuli və Şuşa şəhərlərinin Baş planları ilə tanışlıq əməkdaşlığın yeni səhifələrinin açılmasını da şərtləndirir. Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərini ürək ağrısı ilə seyr etmiş, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində «Heydər Əliyev və Qarabağ»” sərgisində olmuşlar. Dövlət başçıları Şuşada Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Aleksandr Lukaşenkonun hədiyyə etdiyi traktorlara da baxış keçiriblər. «Azərbaycanın müharibədən sonrakı quruculuqla, sülh quruculuğu ilə bağlı təcrübəsi bizim region üçün də çox vacibdir» söyləyən Aleksandr Lukaşenkonun bu sözləri bir daha təsdiqləyir ki, hər iki xalq arasındakı hörmət, etimad və ehtiram əbədi və sarsılmazdır.

Xuraman İsmayılqızı, «İki sahil»