17 may 2024 23:32
380

Uğurlu strategiyanın məntiqi nəticəsi

May ayının 10-da Prezident İlham Əliyev Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşü zamanı demişdir: “Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir”.

Mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə bu məsələ ilə əlaqədar təşkil edilmiş komissiyaların doqquzuncu görüşü dövlət başçımızın bu fikirlərinin bir daha təsdiqidir. Belə ki, həmin görüşdə komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün protokoluna uyğun olaraq görülmüş işləri müzakirə ediblər. Həmçinin tərəflər arasında Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin 1976-cı il tarixli topoqrafik xəritəyə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş protokol-təsviri razılaşdırılıb. Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb.

Yeri gəlmişkən qeyd edək ki, son altı ayda iki ölkə bir sıra etimad quruculuğu tədbirlərinə nail olub. Onların arasında apreldə Azərbaycan-Ermənistan sərhədinin bir hissəsində delimitasiya prosesinə start verilməsi və burada siyasi-diplomatik yolla Azərbaycanın uzun illər ərzində işğal altında olan 4 kəndinin azad olunması mühüm əhəmiyyət kəsb edir. Ermənistanın baş naziri Nikol Paşinyan mayın 16-da hökumətin iclasındakı çıxışında Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə protokolun imzalanmasını böyük uğur kimi dəyərləndirib. Bildirib ki, bu, Ermənistanın suverenliyi və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşıdır: “Müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi şəkildə delimitasiya olunmuş sərhədə malikdir. Bu isə təkcə protokolda əks olunan istiqamətdə deyil, bütövlükdə Ermənistan-Azərbaycan sərhəd xəttinin hər perimetri boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini yüksəldəcək”. Mayın 17-də Avropa Şurası Nazirlər Komitəsinin 133-cü sessiyasında çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan delimitasiya prosesini müsbət irəliləyiş kimi qiymətləndirməklə yanaşı, bu addımın bir çox dövlətlər və beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurasının Baş katibi tərəfindən müsbət qarşılandığını bildirib. Şübhəsiz, Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı sərgilədiyi bu müsbət mövqe Azərbaycanın həyata keçirdiyi müvafiq uğurlu strategiyanın məntiqi nəticəsidir.

Amma İrəvanda baş nazir Nikol Paşinyanın Azərbaycanla sərhədin delimitasiyası üzrə siyasətinə etirazlar səngimək bilmir. Hayastandakı hazırkı hadisələri dərindən analiz edəndə açıq-aydın görünür ki, delimitasiya və demarkasiya prosesi etirazçılar üçün sadəcə vasitədir, əsas məqsəd koçaryanları, sarkisyanları hakimiyyətə gətirmək, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesini dayandırmaqdır.

Bu dəfə qabağa verilən isə keçmişi qaranlıq olan keşiş Baqrat Qalstanyandır.  Hərçənd Paşinyan dönəmində Ermənistanda hakimiyyəti ələ keçirməyə  dəfələrlə cəhdlər olub, amma hamısı fiaskoya uğrayıb. “Keşiş qiyamı”nın da məğlubiyyətə düçar olacağı şəksizdir. Şübhəsiz, bu, sadə xalqın Nikol Paşinyana olan rəğbəti kimi dəyərləndirilməlidir. Elə İrəvanda satıcı işləyən bir qadının Baqratın əlini  sıxmaqdan, digər qadının isə  avantüristlərə qoşulmaqdan imtina etməsi bunu sübut edir. Bu, həm də ondan xəbər verir ki, hayların böyük əksəriyyəti etiraz aksiyalarına qatılmır. Bir çox hökumət üzvləri, o cümlədən baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan sosial media hesablarında  N.Paşinyanın fotosunu paylaşaraq, onun xalqın seçdiyi lider olduğunu bir daha xatırladıblar. Bütün bunlar isə o deməkdir ki, uzun müddət “Qarabağ klanı”nın zülmlərindən cana doyan xalq regionda sülhlə, bölgədə yaranmış yeni reallıqlarla barışmaq istəyir. Delimitasiyanı sülhə gedən yolun başlanğıcı olduğunu dərk edən xalq elə bu niyyətini tam reallaşdırmaq məqsədilə baş naziri dəstəkləyir. Yeri gəlmişkən, bu yandan da “Ayakve” təşəbbüsünün həmtəsisçisi Avetik Çalabyan bildirib ki, guya delimitasiya protokollarını imzalayan məmurlar Konstitusiyanı pozublar və gec-tez cəzalarını alacaqlar. O, xatırladıb ki, bu proses referendum və parlamentdə ratifikasiya prosedurlarından keçməlidir. Amma hadisələrin gedişatı göstərir ki, hazırkı mərhələdə Ermənistanda baş verən hadisələrlə avantüristlər hər hansı ciddi nəticə əldə edə bilməyəcəklər. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, separatçıların, revanşistlərin, həmçinin Qərbin cəhdlərinə baxmayaraq sərhədərlərin demarkasiyası və delimitasiyası prosesi uğurla davam edəcək. Görünən budur ki,  Azərbaycan Cənubi Qafqazda sülhün etibarlı əsaslarını yaratmaqda israrlıdır  və bu istiqamətdə təkcə mövqe sərgiləməklə kifayətlənmir, eyni zamanda praktiki addımlar da atır.

Qvami Məhəbbətoğlu, “İki sahil”