18 may 2024 00:58
415

Ya üzr istəyin, ya da...

Fransanın Yeni Kaledoniyada törətdiyi cinayətlərdən diqqəti yayındırmaq üçün Azərbaycanı “günahkar” göstərməsi siyasi riyakarlıqdır

Fransa qloballaşan dünyanın yeganə xilas yolu olan beynəlxalq humanizm və sivilizasiyalararası dialoq çağırışlarına məhəl qoymadan öz eybəcər müstəmləkəçilik siyasətini bu gün də davam etdirməkdədir. Yeni Kaledoniyada baş verən son hadisələr göstərir ki, tarixi törətdiyi qanlı hadisələr, dinc, günahsız insanlara qarşı qətliamlar və soyqırımları ilə zəngin olan bu ölkə nəinki öz qaranlıq keçmişindən ibrət götürmək, dövlət səviyyəsində törətdiyi çoxsaylı cinayətlərin məsuliyyətini daşımaq istiqamətində addımlar atmaq istəmir, əksinə işğalçılıq ənənələrini yaşatmaq üçün daha daha qəddar yollar axtarır. Bu məqsədlə özünə yeni təsir dairələri formalaşdırmağa cəhd edən Fransa əsarətdə saxladığı xalqları əzməkdə, onların sərvətlərini mənimsəməkdə, nəinki beynəlxalq insan haqları ilə təsbit olunmuş fundamental, hətta yaşamaq hüquqlarını belə kobudcasına tapdamaqdadır. Ancaq ən böyük, uzunömürlü imperiyaların da tarixin arxivlərinə gömülməsi, bütün cinayətlərin gec, ya tez açılması və bütün cinayətkarların “əlahəzrət” ədalət qarşısında cavab verməsi qaçılmazdır...

Bəs hazırda Fransanın cinayətkar neokolonizm siyasətindən əziyyət çəkən Yeni Kaledoniyada nələr baş verir? Məlum olduğu kimi, Fransa hökuməti uzun illərdir Yeni Kaledoniyanı müstəmləkəsi kimi əsarətində saxlamaq, habelə adanın yerli sakinləri olan kanakları assimilyasiya etmək üçün minlərlə miqrantı qanunsuz yolla adaya yerləşdirir. Məqsəd isə müstəqillik tərəfdarı olan kanakları azlığa çevirmək və miqrantların hesabına Fransa işğalını davam etdirməkdir. Bunun üçün Makron hökuməti Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinə zidd olaraq bu ölkənin seçki qanunvericiliyini dəyişmək qərarına gəlib. Fransa miqrantlara səs hüququ verməklə ölkənin əsarətdə saxlanılmasına dair referendumda üstünlük qazanmağa çalışır. Məqsəd tamamilə aydındır. Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının uzun müddətdir Fransanı seçki kütləsinin sayının qanunsuz genişləndirilməsinə dair qanun layihəsinin dayandırılmasına çağırışlar etmələrinə baxmayaraq adanın əsl sahiblərinin hüquqlarına məhəl qoymayan Makron hökuməti layihəni artıq Fransa Parlamentinin hər iki palatasında zorla qəbul etdirib. Kanakların Fransanın cinayətkar siyasətinə münasibətləri birmənalıdır. 2023-cü il mart ayının 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Bakıda səfərdə olan Yeni Kaledoniya adasının xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest müsahibəsində bildirmişdi ki, onun xalqı onillərdir Fransa müstəmləkəsindən azad olmaq üçün mübarizə aparır: “Biz Fransaya qarşı apardığımız azadlıq mübarizəsində Bandunq prinsiplərinə uyğun olaraq suverenlik hüququmuzun dəstəklənməsini istəyirik. Hesab edirik ki, illərdir xalqımızın hüquqları pozulub. Fransa və onun müstəmləkəçi siyasəti ilə bağlı bir sıra problemləri Bakı platformasından dünyaya çatdırmağı vacib sayırıq. Ərazi bütövlüyümüz və suverenliyimiz ilə bağlı yaranan maneələr aradan qaldırılmalıdır. Xalqımızın adından çıxış edərək bütün dünyaya Fransanın bizə yaşatdığı məhrumiyyətləri çatdırıram.”

Təəssüf ki, dünya yenə də Fransanın kanaklar yaşatdığı mərhumiyyətlərə, daha doğrusu yerli xalqa qarşı törətdiyi cinayətlərə hələ də lazımi reaksiya və hüquqi qiymət vermir. Fransa isə hazırda Yeni Kaledoniya xalqının boynundakı ipi tam bağlamaq üçün son addıma hazırlaşır. Üstəlik, öz haqlarını tələb edən dinc insanların səslərini silah gücünə boğmaqla –  adaya ordu yeridib, nəticədə onlarla qurban, yüzlərlə yaralı var.

Fransa hökuməti ordunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək üçün internet şəbəkəsinə girişi məhdudlaşdırmaq kimi iyrənc üsullara əl atsa da buna nail ola bilməyib. Belə ki, Yeni Kaledoniyanın hazırda BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin ildə bir dəfə təşkil edilən regional tədbirində iştirak edən qurumdakı nümayəndəsi təşkilat üzvlərini Fransa tərəfindən ölkəsində törədilən qırğınlar barədə məlumatlandırıb. Qeyd edib ki, qətlə yetirilənlər arasında gənclər də var.

Hazırda Yeni Kaledoniyada baş verən hadisələr Makron Fransasının demokratik yola deyil, zora, qəddarlığa üstünlük verməsinin və yerli xalqın hüquqlarına hörmət etməməsinin nəticəsidir. Dünyaya demokratiyadan, insan haqlarından “dərs keçməyə” çalışan Fransa XXI əsrdə yenə də özünü orta əsrlərin işğalçı dövləti kimi aparır. Üstəlik, sivil formada sələflərinin və özlərinin törətdikləri cinayətləri etiraf edib üzr istəmək əvəzinə, Yeni Kaledoniyada baş verənlərin günahını “xarici qüvvələrin”, Fransanın Cənubi Qafqazdakı məkrli planlarını pozan Azərbaycanın üzərinə atmağa çalışır. Fransa rəsmilərinin, xüsusən də daxili işlər və dənizaşırı ərazilər naziri Jerar Darmaninin rəhbərlik etdiyi Fransa jandarmalarının Yeni Kaledoniyada törətdiyi vəhşiliklərə haqq qazandıraraq toqquşmaların səbəbi kimi Azərbaycanı göstərmələri, yumşaq desək, ləyaqətsizlikdir. Fransalı nazir unudur ki, insan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların vəhşicəsinə döyüldüyü, qətlə yetirildiyi, islamofobia və müsəlmanlara qarşı hücum hallarının, eləcə də antisemitizmin geniş yayıldığı Fransadan fərqli olaraq Azərbaycanda fundamental hüquq və azadlıqlar tam olaraq təmin edilir. Müstəqil Azərbaycan daim demokratik dəyərlərə sadiq dövlət və cəmiyyət kimi formalaşıb, inkişaf edib. Azərbaycan müxtəlif etnik və dini mənsubiyyətə mənsub insanların mehriban, təhlükəsiz şəraitdə yaşadığı ölkədir. Üstəlik, Azərbaycan Fransadan fərqli olaraq heç bir dövlətin ərazisini işğal edib, əhalisini əsarətdə saxlamır. Çünki biz onilliklər boyu məhz Fransanın da dəstək verdiyi Ermənistanın işğalçılıq siyasətinin əziyyətini çəkmişik. İndi fransız rəsmilərin “oğru elə bağırdı ki...” misalı öz cinayətlərini ört-basdır etmək üçün Azərbaycanın adını hallandırmaları heç bir etik və hüquq normalara sığmır. Bütün bunlara görə isə Fransa Azərbaycandan üzr istəməyə borcludur. Bəs üzr istəməyə, dövlət səviyyəsində törətdiyi çoxsaylı cinayətlərin məsuliyyətini daşımaq istiqamətində addımlar atmağa Emmanuel Makronun timsalında Fransanın cəsarəti və ya ləyaqəti çatacaqmı? Yəqin ki, yox. Ancaq bir şeyi hər kəs bilməlidir ki, Azərbaycan heç nəyi cavabsız qoymur – dostluğu da, düşmənçiliyi də...

Mahir Rəsuloğlu, “İki sahil”