18 may 2024 03:27
392

Hay hara, sülhsevərlik hara?!

Bəs, Avropa Sülh Fondu hara baxır?

Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı deyib ki, Ermənistan Avropa Sülh Fonduna qəbul olunmağa hazırlaşır: “Digər tərəfdən, biz Ermənistanın Avropa Sülh Fonduna daxil olacağına ümid edirik və bu baxımdan Avropa İttifaqının bütün üzv dövlətlərinin dəstəyinə ümid edirik”. Maraqlıdır, Ermənistan hansı fəaliyyətinə görə Avropa Sülh Fonduna daxil olmağa hazırlaşır? Ermənistan müharibə vəziyyətində olan ölkədir. Eyni zamanda Azərbaycana təcavüz etmiş və sülh sazişini imzalamayan, təmaslardan, sülh təşəbbüslərindən qaçan ölkədir. Bütün bunların fonunda Ermənistanı Avropa Sülh Fonduna necə qəbul etmək olar?

Dünyanın ən tolerant, sülhsevər xalqı olan Azərbaycan Ermənistanın təcavüzünün ağrı-acısını 30 ilə yaxın yaşamalı oldu. Bu müddət ərzində işğalda olan torpaqlarını azad etmək məqsədi ilə sülh danışıqları aparsa da, nəticəsiz qaldı. Beynəlxalq vasitəçilərin apardıqları sülh danışıqlarının səmərə verməməsi regionda təhlükəsizliyin təminatına əngəl yaradırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq tribunalardan respublikamızın münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bildirsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərirdi. Ermənistan, nəinki atəşkəsə əməl etmir, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini kobud şəkildə pozmaqda davam edirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən və beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görsə də, Ermənistan çirkin niyyətindən əl çəkmədi. Nəhayət, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etdi. Tarixi ədalət bərpa olundu. Savaşdan ötən 4 ilə yaxın müddət ərzində hələ də sülh sazişinin imzalanmaması dünyada təəccüblə qarşılanmalıdır. Necə ola bilər ki, məğlub bir ölkə qalib dövlətlə 4 ilə yaxındır ki, yazışmalar, müzakirələr aparır. Hər cür bəhanə ilə sülhdən yayınmağa çalışır. Ermənistan Baş naziri Nikol Paşinyan mayın 15-də İrəvanda Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısı zamanı deyib ki, müstəqilliyin ilk günlərindən biz qarşıdurma içərisindəyik. Siyasi danışıqlar və dinc prinsiplərlə yanaşı, mühüm ilkin şərt var - dinc yaşamağı öyrənmək və bu, son dərəcə çətin prosesdir. O qeyd edib ki, Ermənistan və Azərbaycan üçün bir-biri ilə sülh şəraitində yaşamaq yad bir fenomendir: “Ermənistanla Azərbaycan arasında dinc həyat üçün alətlərə ehtiyac var. Bu vasitələrdən biri də Ermənistanın təklif etdiyi “Sülh qovşağı” (Dünyanın kəsişməsi) layihəsidir. Mühüm məqam ondan ibarət ola bilər ki, qarşılıqlı hörmət və ərazi bütövlüyünün, yurisdiksiyasının suverenliyinin tanınması əsasında Ermənistan və Azərbaycan bir-biri üçün avtomobil və dəmir yolları, bir-birinin ərazisindən boru kəmərləri, elektrik xətləri və kabellər çəkmək imkanı açsın”. Bəyəm,  sülh üçün alət yalnız Paşinyanın təqdim etdiyi layihə ola bilər? Əksinə, bu təklif ziddiyyət yaradır, çünki yalnız Ermənistanın mövqeyini ifadə edir. Paşinyanın dediyi “Sülh qovşağı”nı yalnız özü qəbul edir. Zəngəzur yolunu açmaqla bağlı sənədə imza edən Paşinyan bilməlidir ki, sülhə manə olan amillərdən başlıcası öz imzasına sahib çıxmamaqdır. Nikol Paşinyan "yeni təşəbbüs"lə çıxış edib, o cümlədən "regional nəqliyyat dəhlizləri ilə bağlı xəritə" adlandırdığı kağız parçasını təqdim edib. Orada Ermənistanın şimalından və cənubundan keçən dəmir yolları ilə bağlı məlumat, Zəngəzur dəhlizi ilə Azərbaycanla dəmir yolu və avtomobil yollarının bərpasının mümkünlüyü və bunun Xəzər dənizi ilə Aralıq dənizi arasındakı nəqliyyat əlaqələrini daha da qısaldacağını vəd edən informasiyalar yer alıb. Əslində isə, Ermənistan real olaraq layihə deyil, başqatan və vəziyyəti daha da mürəkkəbləşdirən, heç bir müsbət geosiyasi və iqtisadi faydası olmayan hoqqabaz bir fikir ifadə edib. Hansı ki, təhlükəsizlik və əməkdaşlığın stabilliyinə heç bir təminat vermir.

Azərbaycan isə əksinə… Müasir dövrdə ölkəmiz yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanaraq, sülhsevər siyasətini həyata keçirir. Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışların birində vurğuladığı kimi, Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir. Ölkə Prezidenti beynəlxalq mətbuatın nümayəndələrinə açıq şəkildə Azərbaycanın məqsədinin kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaq olduğunu vurğulayıb. Bu əməkdaşlıq, atılan addımlar öz növbəsində bölgədə davamlı sülhün təmin edilməsinə xidmət edəcək.

Sevinc Azadi, “İki sahil”