17 may 2024 01:16
456

Budurmu “Fransa demokratiyası”?!

Yeni Kaledoniyada “konstitusiya islahatları”nın gerçək mahiyyəti

Fundamental insan hüquqlarının tapdanması müasir dövr müstəmləkəçiliyinin  ən ağır təzahürüdür. Müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin fundamental prinsipləri kimi bəyan etsələr də təəssüf ki, neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, ümumiyyətlə, məhəl qoymurlar. Sirr deyil ki, neokolonializmin ən bariz nümunəsi Fransanın timsalında təzahür edir. Bu ölkədə insan hüquq və azadlıqlarına münasibət birmənalı şəkildə fərqli standartlara əsaslanır.

Fransanın Əlcəzairdə, Polineziyada, Korsikada, Melaneziyada törətdiyi soyqırımı aktları, Afrika, Cənub Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkənin işğal edilməsi və insanların kütləvi şəkildə qətlə yetirilməsi, şəhər və kəndlərin xarabazarlığa çevrilməsi Fransanın dövlət siyasətinin əsası olub. Təkcə Əlcəzair Fransa müstəmləkəçiliyinə qarşı yüz ildən artıq döyüşüb. Əlcəzairdə bir milyondan çox insanın etnik təmizlənməyə məruz qalması, qətlə yetirilməsi, bu ölkədə nüvə silahlarının sınaqlarının keçirilməsi üçün ərazilərin çirkləndirilməsi və beş milyondan artıq minanın basdırılması məhz rəsmi Parisin bəşəri cinayətləridir. Həmin basdırılan minaların xəritəsi bu gün də Əlcəzair hökumətinə təqdim edilməyib. Baxmayaraq ki, Əlcəzair 60 ildən artıqdır ki, rəsmi Parisin müstəmləkəsindən azad olub.

Son vaxtlar Əlcəzairlə Yeni Kaledoniya tarixində oxşar cəhətləri müqayisə edirlər. Belə ki, Yeni Kaledoniyanın azadlıq mücadiləsinə qarşı rəsmi Parisin aqressiv davranışı Əlcəzairdə törətdiyi qırğınlara bənzədilir.

Yeni Kaledoniya adası uzun illərdir ki, Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkir. Sahəsi 19 min kvadratkilometr olan ərazi Sakit okeanın cənub-qərb hissəsində adalardan ibarətdir. 268 min nəfərdən çox əhalisi olan ada 1853-cü ildən Fransanın müstəmləkəsi altındadır. Fransa digər ərazilərdə olduğu kimi, burada da insanların azadlıq çağırışına məhəl qoymur, onların haqlarını kobud şəkildə tapdalayır.

Son günlər bu ölkədə Fransanın kolonializm siyasətinə qarşı etirazlar özünün pik həddinə çatıb. Yerli kanak xalqı özlərinin bildirdikləri kimi, müstəmləkəçiliyə qarşı son və qəti mübarizəyə qalxıblar. Bu dəfə yerli icmanın səbrinin daşmasına səbəb isə Fransanın müstəmləkəçilik siyasətinin hüquqi çərçivələrini genişləndirmək məqsədilə konstitusiya dəyişikliklərinə cəhd göstərməsidir. Artıq bununla bağlı Fransa parlamentində qərar qəbul olunub.

Mövcud olan konstitusiyaya düzəlişlər edilməsi təklifinin yeganə məqsədi Yeni Kaledoniyada aboregen xalqın hüquqlarını məhdudlaşdırmaq, bunun əksinə olaraq gəlmə fransızların hüquqlarını genişləndirməkdir. Belə ki, sözgedən düzəlişlərin nəticəsində Yeni Kaledoniyada 10 ildən çox yaşayan fransızlar səsvermə hüququna malik olacaq. Bu da yerli əhalinin diskriminasiyasına gətirib çıxarır. Təqribən 300 minə yaxın əhalisi olan yerlilərə qarşı qanunların qəbul olmasında bu kimi vasitələrdən istifadə edilməsi məqbul hesab edilmir. Bununla yanaşı, 1998-ci ildə Fransa ilə Yeni Kaledoniyanın müstəqillik hərəkatı arasında imzalanmış Numea sazişinə əsasən adada təxminən 42 min nəfər, yəni seçicilərin hər beşindən biri səsvermə hüququndan məhrum edilib. Fransızlara səsvermə hüququnun verilməsi seçici siyahısını önəmli şəkildə artırır. Bu da Yeni Kaledoniyanın müstəqilliyi uğrunda çıxış edən indiki hökuməti dekabrda keçiriləcək seçkilərdə mübarizədən kənarda qoya bilər. İstənilən halda Yeni Kaledoniya Konqresi Fransanı düzəlişi geri götürməyə çağıran bir qətnamə qəbul edib və təklif qəbul edilmədiyi üçün yerli əhali etirazlara başlayıb. Fransa adadakı vəziyyətə görə Yeni Kaledoniyaya əhali üzərinə qoşun yeridib. Artıq günlərdir ki, davam edən etirazlar zamanı 200-dən çox şəxs saxlanılıb. Yeni Kaledoniya hakimiyyəti Fransanın Sakit Okeandakı dənizaşırı ərazisinin paytaxtında baş verən iğtişaşlar nəticəsində dəymiş ziyanı ilkin olaraq 150 milyon avro qiymətləndirib.

Göründüyü kimi, Fransa demokratik dəyərlərə münasibətdə də məhz ikili standartlardan çıxış edir. Toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların hüquqları kobud şəkildə pozulur.  Bu ölkə mətbuatı öz əlində tutmaq, yalnız Fransadan gətirilən təbliğat vasitələrini yaymaq, yerli mətbuatın inkişafını məhdudlaşdırmaq siyasəti aparır. Bu gün Yeni Kaledoniyada əhaliyə dəyən zərərlər Fransa mətbuatında ustalıqla gizlədilir.

Amma Fransa tərəfindən digər ölkələrə münasibətdə dərhal demokratiya, insan hüquqları məfhumları ortaya atılır, Avropa dəyərləri, liberal hüquqlar yada düşür. Bu da həmin anlayışların, sadəcə, təzyiq vasitəsi kimi istifadə olunduğunu sübut edir. Nəticə etibarilə özünü dünyaya “demokratiya nümunəsi” kimi təqdim edən Fransanın vətəndaşların hüquq və azadlıqlarına münasibəti aydındır. Belə olan halda, demokratik siyasi sistemə malik olduğunu bildirən, dünyaya “demokratiya” dərsi keçməyə çalışan Fransa hansı haqla və ya əsasla demokratik dəyərlərdən və insan hüquqlarından bəhs edir?

Bu ölkə hər fürsətdə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, əsassız iddialar irəli sürür. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın daxili işlər naziri Jerald Darmananın mayın 16-da “France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi iddiaları cavabsız qoymayıb.

Ayxan Hacızadə bildirib ki, Jerald Darmananın ölkəmizə qarşı və Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının liderləri arasında iddia olunan münasibətlərə dair səsləndirdiyi növbəti əsassız fikirləri tamamilə rədd edirik.

Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı.

Bununla yanaşı, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının etirazlarını dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir.

A.Hacızadə qeyd edib ki, biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq.

Dolayısı ilə, bu ölkənin “demokratiya dərsi” keçməyə, “demokratik tövsiyə”lər verməyə heç bir mənəvi haqqı yoxdur.

Qeyd edək ki, kanak xalqının kəskin etirazları beynəlxalq səviyyədə güclü şəkildə dəstəklənir. O cümlədən Azərbaycan Fransanın neonkolonist siyasətinin ifşa olunmasında fəal rol oynayır və bu ölkənin  işğal etdiyi dənizaşırı ərazilərin kolonializmdən azad olmasına yaxından dəstək verir.  Bu istiqamətdə Bakı Təşəbbüs Qrupunun aktiv və məqsədyönlü fəaliyyətlərini xüsusi qeyd edə bilərik.

Qurumun Yeni Kaledoniyada kanakların həbs olunmasına və mülki şəxslərə qarşı zorakılığa dair bəyanatında bildirilir ki, ictimai toplantıların qadağan edilməsi və müstəqillik tərəfdarlarının həbsi bu məsələnin davamlı həlli hesab edilə bilməz. Fransa Senatı və Milli Assambleyası Yeni Kaledoniyada qanunsuz konstitusiya dəyişikliklərini dayandırmalıdır. Təklif olunan dəyişikliklər məqsədyönlü şəkildə seçki elektoratını qeyri-kanaklar hesabına artırmaq məqsədi daşıyır. Bu da öz növbəsində haqlı olaraq insanların narazılığına, habelə etiraz və nümayişlərinə səbəb olub.

Qeyd edək ki, bu gün Bakı Təşəbbüs Qrupu ilə birlikdə  Fransanın son koloniyaları olan Yeni Kaledoniya, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinik, Qvadelupa və Korsikadakı müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat da birgə Bəyanat yayıb. Bəyanata qoşulanlar həyəcan təbili çalaraq, BMT Təhlükəsizlik Şurasını toplaşaraq Fransa tərəfindən beynəlxalq hüququn pozulmasının pislənilməsini tələb ediblər.

Həmçinin Fransa hökumətinin Yeni Kaledoniyada seçki kütləsinin genişləndirilməsi lehinə qanunsuz dəyişikliyin zorla tətbiq edilməsi pislənilib, müstəqillik uğrunda ədalətli mübarizəsində kanak xalqına tam dəstək ifadə olunub.

Sənəddə Yeni Kaledoniyanın bu gün alov içində olması, o cümlədən son günlər ərzində həbslərin və qətlə yetirilmələrin məsuliyyətinin Fransa hökumətində olduğu qeyd olunub: “Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu tapdalayan "insan hüquqları ölkəsi" adlanan Fransa dövlətinin Kanak xalqını öz torpağında azlıqda qoymaq üçün seçki elektoratını genişləndirmək məsələsindəki məqsədli istəyi mövcud vəziyyətin pisləşməsinə səbəb olur”.

Birgə Bəyanatda Fransaya müstəmləkə siyasətini dayandırmağa və Kanak xalqına öz taleyini sərbəst həll etməyə, beynəlxalq ictimaiyyətə isə Kanak xalqının azlığa çevrilməsinə aparan bu iyrənc müstəmləkəçilik təcrübəsinə göz yummamağa çağırış edilib.

Nigar Orucova, “İki sahil”