17 may 2024 00:57
736

Laçın laçın vaxtlarına qayıdır

1992-ci il mayın 18-də AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində düşmənə təhvil verilən bu rayonda hazırda həyat bərpa olunur

Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi var. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şose yolla 450 km məsafədə yerləşir. 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intensiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu. Mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olub.

Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni, paytaxtdakı silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. 1992-ci ildə AXC-Müsavat cütlüyünün Bakıda vəzifə davasında iştirak etdiyi dövrdə ön cəbhə müdafiəsiz qalmışdı. Məhz bu hərc-mərcliyin, özbaşınalığın, anarxiyanın nəticəsində erməni quldurları Azərbaycanın son dərəcə strateji əhəmiyyətli Şuşa və Laçın rayonlarını işğal etməyə nail oldular. Buna görə də Şuşanın təhvil verilməsi, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsi bilavasitə AXC-Müsavat cütlüyünün cinayəti idi. Xain AXC-Müsavat cütlüyünün 1992-ci ildə Şuşanın və Laçının işğalından sonra hakimiyyətə gəldiyi də faktdır. Elə bu səbəbdən də Şuşanın və Laçının işğal olunması AXC-Müsavat cütlüyünün gənc müstəqil Azərbaycan dövlətinə qarşı etdiyi satqınlıq, xəyanət və cinayətin nəticəsi idi.

Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Nəticədə rayonun əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirildi. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edildi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır.

Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonu artıq azaddır. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Laçın rayonunda olublar. Dövlət başçısı rayonun Güləbird kəndində Azərbaycan bayrağını ucaldıb. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyevin ötən il iyulun 31-də imzaladığı sərəncamı ilə hər il avqustun 26-da Laçın Şəhəri Günü təsis edilib. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri tvitter səhifəsində (indiki "X" sosial şəbəkəsi) elan edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir. Xatırladaq ki, birinci mərhələdə Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülüb. Laçına ilk köç karvanı ötən il mayın 27-də Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu proses hazırda da davam etməkdədir. Laçın rayonunun yenidən salınan Sus kəndinə 2024-cü il 9 may tarixdə ilk köç karvanının yola salınması mərasimi keçirilmişdir. Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olmuş, kəndə köçmüş sakinlərlə görüşmüşdür. 

Hazırda Laçında bərpa-yenidənqurma işləri sürətlə aparılır, yeni infrastruktur qurulur və laçınlıların doğma şəhərə köçürülməsi mərhələli şəkildə davam etdirilir. Rayon ərazisində yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir. Prezident İlham Əliyevin 2020-ci il iyunun 26-da təməlini qoyduğu Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Ümumiyyətlə, Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, doğma Laçınımız tezliklə öz əvvəlki şöhrətini bərpa edəcək və yenə də cənnət məkana çevriləcəkdir.

Sevinc Azadi, “İki sahil”