11 may 2024 01:36
406

Sülh Ermənistanın xilas qapısıdır - Almatı görüşü

Daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq 2024-cü il mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat yayıb. Ermənistan tərəfi də öz növbəsində sözügedən məlumatı təsdiqləyib. Ermənistanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşündə hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması müzakirə olunacaq. Qeyd olunub ki, gündəliyə tərəflərin öhdəliklərinin təsdiqi, eləcə də regional nəqliyyat infrastrukturu və ticarət marşrutlarının bərpası ilə bağlı məsələlər də daxil edilib.

İlk növbədə qeyd etmək lazımdır ki, toplantı Almatıda keçirilsə də təmaslarda Qazaxıstan vasitəçilik etməyəcək. Rəsmi Astana danışıqlara sadəcə ev sahibliyi edəcəyini bildirib. Ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smayidarov gözlənilən görüşün təfərrüatları barədə açıqlamasında deyib ki, ölkəsi sadəcə görüş üçün şərait yaradır. Onun sözlərinə görə, Almatıda keçiriləcək danışıqlar sırf Azərbaycan və Ermənistan arasında aparılacaq, rəsmi Astananın vasitəçiliyindən söhbət getmir. Yəni, görüş vasitəçisiz danışıqlar formatında baş tutacaq, baş diplomatların müzakirələrinə xarici müdaxilə olmayacaq. Bu da rəsmi Bakının yürütdüyü siyasətə tam uyğundur.

Deməli, XİN rəhbərlərinin Qazaxıstanda nəzərdə tutulmuş görüşü xoş niyyətin və məramın ifadəsi baxımından yaddaqalan ola bilər. Nəzərə alaq ki, bunu demək üçün ən böyük əsas sərhədlərin delimitasiyası ilə əlaqədar işlərin real praktik müstəviyə qədəm qoymasıdır. Məlum olduğu kimi, Qazaxın 4 kəndinin qaytarılması məsələsi artıq razılaşdırılıb. Ermənistan mayın 15-nə kimi bu kəndləri boşaltmalı və hər iki ölkənin sərhədçiləri demarkasiya olunmuş 12 kilometrlik ərazidə öz mövqelərində dayanmalıdırlar. Amma nəzərə almaq lazımdır ki, işğal altında daha 4 kəndimiz var. Bu da ona işarə edir ki, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı çoxsaylı görüşlərin keçirilməsi istisna deyil. Digər tərəfdən, görüş çərçivəsində rəsmi Bakının Ermənistan qanunvericiliyindəki ərazi iddialarını da gündəmə gətirməsi mümkündür. Azərbaycan bu istiqamətdə dəyişikliklə bağlı Ermənistan rəhbərliyinə xəbərdarlıq edə bilər. Bu məsələdə razılıq əldə olunarsa, nəqliyyat-kommunikasiya ilə bağlı problemlər müzakirə oluna bilər. Məsələn, Zəngəzur dəhlizinin üzərində dayanaq. Ermənistan rəhbərliyi düşünməlidir ki, Azərbaycanın qaldırdığı bu təşəbbüsün sülh prosesinin bütövlüyü baxımından əhəmiyyəti böyükdür. Nəzərə alaq ki, sülh tam səmimi və uzunmüddətli perspektivə söykənməlidir.

Bütün bunları nəzərə alanda belə anlaşılır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin təması əsasən sülh sazişinin mətninin müzakirəsinə həsr olunacaq, sənəddəki ayrı-ayrı bəndlər ətrafında fikir mübadiləsi aparılacaq.

Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusundakı beynəlxalq forumda Bakı ilə İrəvanın sülh razılaşmasına yaxınlığını diqqətə çatdırmışdı. “Biz, sadəcə, təfərrüatlar üzərində çalışmalıyıq. Lakin, əlbəttə ki, hər iki tərəfə vaxt lazımdır, çünki sülh müqaviləsi imzalandığı təqdirdə, bu, hər iki ölkə üçün tarixi razılaşma olacaqdır. Buna görə hər bir söz, hər bir nöqtə, hər bir paraqraf vacibdir. Lakin vacib olan odur ki, hər iki tərəfin bunu etmək üçün siyasi iradəsi var” deyən dövlətimizin başçısının üzərində dayandığı ən mühüm məsələ sülh razılaşmasının necə olacağına dair ümumi anlayışın mövcudluğudur.

İki ölkə arasında sülh danışıqları bəzi qüvvələri ciddi şəkildə narahat edir. Xüsusilə hazırda Ermənistanda aksiya keçirən dairələr Almatı görüşündən ehtiyat edirlər. İki ölkənin ortaq məxrəcə gəlməsini istəməyənlər sülh prosesini ləngitməyi hədəfləyirlər. Lakin bütün etirazçı dairələr birmənalı şəkildə anlamalıdırlar ki, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, regional əməkdaşlıq mühitinin yaranması Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasından asılıdır.

Qeyd edək ki, Fransanın “Le Figaro" qəzetində Almatı şəhərində keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və bu prosesdə beynəlxalq vasitəçilikdən imtina mövzusuna dair geniş məqalə dərc olunub.

Beynəlxalq münasibətlər üzrə ekspert Sebastyan Bussuanın müəllifi olduğu məqalədə iki ölkənin xarici işlər nazirlərinin Almatıdakı görüşünün ciddi geosiyasi irəliləyiş olacağı bildirilib. Onun fikrincə, iki ölkənin rəhbərləri ilin sonuna qədər sübut edə bilərlər ki, nəinki Birləşmiş Millətlər Təşkilatı sülhə gətirib çıxarmaq üçün çox köhnəlib, həm də beynəlxalq vasitəçilik tendensiyası da uzaq keçmişdə qalıb.  Məqalədə  vurğulanıb ki, həqiqətən də Cənubi Qafqaz artıq dörd ildir ki, yekun razılığa gəlməyə çalışır. Lakin ABŞ, Rusiya və Avropa İttifaqının cəhdləri heç nəyə gətirib çıxarmadı. Artıq bir neçə aydır ki, nazirlərin rəhbərlik etdiyi İrəvan və Bakıdan olan iki danışıqçı nümayəndə heyəti müntəzəm olaraq həll edilməli olan, iki ölkə arasında son razılaşmaya gətirib çıxaracaq və otuz ildən çox davam edən münaqişəyə son qoyacaq bütün digər müddəaları müzakirə edir. Bu həftənin cümə günü Qazaxıstanın paytaxtı Almatıda yeni ikitərəfli görüş keçiriləcək. Ev sahibliyi edən ölkə heç bir vasitəçi rol oynamayacaq, lakin bu yer böyük simvolik əhəmiyyətə malikdir: SSRİ-nin dağılması anını simvolizə edən Almatı Bəyannaməsi burada imzalanmaqla, nəhəng Sovet İttifaqının mövcudluğuna son qoyuldu. İndi burada yenidən tarix yazıla bilər.

Yazıda Azərbaycan tərəfdən sülh sazişi üzrə danışıqların iştirakçısı kimi məsələyə aydınlıq gətirilərək qeyd olunub ki, Prezident İlham Əliyev kimi Nikol Paşinyan da sazişin yaxın gələcəkdə imzalanacağına ümid edir.

Müəllif fikirlərini yekunlaşdıraraq yazıb ki, Nikol Paşinyan mütəmadi olaraq regional iqtisadi inteqrasiyanın vacibliyindən bəhs edir. Lakin bu məsələ yalnız insanların və malların sərbəst hərəkətinə də imkan yaranması üçün onun ölkəsi Türkiyə və Azərbaycanla sərhəd mübahisələrini həll etdikdən sonra mümkün olacaq.

Nigar Orucova, “İki sahil”