8 avqust 2025-ci il Azərbaycanın siyasi tarixində mühüm mərhələnin əsasını qoydu.
Vaşinqtonda Prezident İlham Əliyevin iştirakı ilə əldə olunan razılaşmalar Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ açdı, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə yeni məzmun gətirdi. Eyni zamanda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən maneəsiz bağlantının təmin olunması və TRIPP layihəsi ilə bağlı razılaşmalar Naxçıvanın gələcəyi üçün yeni imkanlar yaratdı.
Məhz bu məqam 8 avqustun Azərbaycan üçün daha böyük siyasi mənasını göstərir.
Qarabağ probleminin həlli Azərbaycanın qarşısında duran ən böyük tarixi vəzifələrdən biri idi. İşğal olunmuş torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası dövlətçilik tariximizdə yeni mərhələ yaratdı.
Azərbaycanın bütövlüyü məsələsinin digər mühüm istiqaməti isə Naxçıvanla bağlı idi.
Uzun illər blokada şəraitində yaşayan Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin bərpası, inkişaf imkanlarının genişləndirilməsi və bu strateji bölgənin ölkənin ümumi iqtisadi və nəqliyyat məkanına daha sıx inteqrasiyası Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri olaraq qalırdı.
Bu istiqamətdə tarixi yolun mühüm mərhələsi Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə başladı.
Naxçıvanla Türkiyə arasında yaradılan “Ümid körpüsü” ağır illərdə Naxçıvana nəfəs verdi, Türkiyə ilə əlaqələri möhkəmləndirdi və gələcəyə inam yaratdı. Körpünün adı da həmin dövrün mahiyyətini ifadə edirdi.
O zaman ümid körpüsü quruldu. Bu gün həmin ümidin üzərində reallıq qurulur.
8 avqustda Vaşinqtonda Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən maneəsiz bağlantının təmin olunması istiqamətində əldə edilən razılaşmalar məhz bu baxımdan tarixi əhəmiyyət daşıyır. TRIPP layihəsi isə bu bağlantının daha geniş regional nəqliyyat və ticarət sisteminə inteqrasiyası üçün yeni imkanlar yaradır.
Sonrakı mərhələdə Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında bu istiqamətin ayrıca təsbit olunması göstərdi ki, Vaşinqtonda formalaşan yanaşma ardıcıl strateji siyasətin tərkib hissəsidir. Xartiyada TRIPP Azərbaycanla Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət-tranzit potensialını reallaşdıracaq mühüm layihə kimi qeyd olunur.
Bunun Naxçıvan üçün əhəmiyyəti böyükdür.
Naxçıvan tarixən Azərbaycanın Şərqə açılan qapısı olub.
İndi həmin qapının qarşısında yeni imkanlar yaranır.
Azərbaycan–Naxçıvan–Türkiyə xəttinin formalaşması Naxçıvanın nəqliyyat və tranzit imkanlarını genişləndirəcək, iqtisadi potensialına yeni impuls verəcək, Türk dünyası ilə əlaqələrdə rolunu daha da artıracaq.
Daha böyük mənzərədə Azərbaycanın regiondakı mövqeyi də dəyişir.
Naxçıvan uzun illərin blokada reallığından çıxaraq yeni bağlantılar, iqtisadi imkanlar və regional perspektivlərlə xarakterizə olunan mərhələyə daxil olur.
Burada Ulu Öndər Heydər Əliyevin siyasi irsi ilə Prezident İlham Əliyevin strateji siyasəti arasında aydın bir xətt görünür.
Heydər Əliyev Naxçıvan üçün ümid yaratdı.
İlham Əliyev həmin ümidi reallığa çevirir.
Bir vaxtlar “Ümid körpüsü” Naxçıvanın gələcəyə açılan yolu idi.
Bu gün Zəngəzur üzərindən formalaşan yeni bağlantı həmin yolun daha böyük miqyasda davamına çevrilir.
Əslində, böyük siyasətin gücü də burada görünür.
Uzaqgörən siyasət gələcəyi təsəvvür etməkdən başlayır, onu reallığa çevirmək iradəsi ilə nəticələnir.
Azərbaycanın son illərdə keçdiyi yol bunun ən aydın nümunəsidir.
Dünən xəyal kimi görünən Qarabağ azad edildi.
Dünən böyük bir arzu olan ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu.
İndi isə illər boyu ayrılığın və blokadanın yaratdığı Naxçıvan reallığının dəyişməsi üçün tarixi imkan yaranıb.
Azərbaycan cəmiyyəti artıq yalnız ümidlə yaşamır. Dünənin ümidləri bu günün reallıqlarına çevrilir.
8 avqustun siyasi mənası da məhz burada üzə çıxır.
Bu tarix Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ, sülh prosesində mühüm dönüş və regional əməkdaşlıq üçün yeni imkanlarla yanaşı, Naxçıvanın taleyində yeni mərhələnin başlanğıcıdır.
Naxçıvanın taleyi dəyişdikcə Azərbaycanın regional mənzərədəki mövqeyi də dəyişir.
Çünki Naxçıvan Azərbaycanın Şərqə açılan qapısıdır.
İndi həmin qapı daha böyük bir coğrafiyaya açılır.
Ümid körpüsündən Zəngəzura uzanan yol təkcə bir yolun deyil, bir dövlət strategiyasının tarixə çevrilən xəttidir.
Ulu Öndər Heydər Əliyevin yaratdığı ümiddən Prezident İlham Əliyevin formalaşdırdığı reallığa qədər uzanan bu xətt Azərbaycanın bütövlüyü, gücü və gələcəyi haqqında çox şey deyir.
Araz Əsgərli