11 may 2024 01:57
492

Uğur diplomatiyası

Xarici siyasəti ilə xalqlararası əməkdaşlığı gücləndirən, dünyada südhə, sabitliyə töhfə verən Azərbaycan nümunəvi dövlətdir

Qloballaşan müasir geosiyasi şəraitdə  prinsipial, ardıcıl xarici siyasəti ilə  maraq doğuran Azərbaycan diplomatiyasının uğurları  güclü liderin  planlaşdırdığı  konseptual strategiyanın məntiqi nəticəsidir.  Yaxın  keçmişə  təsadüf edən   Qoşulmama Hərəkatına sədrliyi dövründə qazanılan uğurların, təsisatda həyata keçirilən  islahatların   dəstəklənməsi  Azərbaycan diplomatiyasının qələbəsi kimi dəyərləndirilir. 30 il  Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi, suverenliyimizin tam bərpası, Vətən müharibəsində   qazandığımız Zəfər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan,  Prezident, Ali Baş Komandan  İlham Əliyevin eyni qətiyyətlə davam etdirdiyi düşünülmüş  diplomatik səylərin nəticəsidir. Müasir dünyamızını siyasi masasında aktuallığını qoruyan  qlobal problemlərin həlli üçün müzakirələrin nadir sabit ölkələrdən sayılan, illərdən bəri siyasi, iqtisadi, humanitar platforma kimi tanınan  Azərbaycanda keçirilməsi bu həqiqəti təsdiqləyən reallıqlardandır. Şərq-Qərb, Şimal-Cənub marşrutlarının üstündə yerləşən,  Avropa İttifaqının əsas enerji mənbəyi kimi qitə dövlətlərinin doqquzu ilə strateji əməkdaşlıq sazişi imzalayan,  İtaliya, Macarıstan, Rumıniya, Bolqarıstan, Polşa və Pribaltika ölkələri ilə əlaqələrini qarşılıqlı etimad əsasında davam etdirən  Azərbaycanın diplomatik uğurları dəstəklənən  güclü siyasi iradənin məntiqi nəticəsidir.  2020-ci il noyabrın 8-də  Şuşanın  işğaldan azad edilməsi ilə özünü doğruldan, bu gün də nümunə göstərilən  Azərbaycan diplomatiyasının keçdiyi  yol uğurla nəticələndi.  Keşməkeşli, möhkəm siyasi iradə, qətiyyət, hadisələrə düzgün baxış tələb edən   bu yolla irəliləmək asan olmadı.    

Rusiya Federasiyasının Soçi şəhərində «Valday» Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında,  Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında,  Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşlərində, Münxen Təhlükəsiz konfranslarında, «Şərq Tərəfdaşlığı»  sammitlərində Ümumdünya İqtisadi  forumlarında məntiqli, reallığa əsaslanan   çıxışları ilə   Ermənistanın  təcavüzkarlıq siyasətini tutarlı faktlarla, siyasətçi  qətiyyəti ilə  açıqlayan, Ermənistanın baş naziri Nikol Paşinyana dərs verən  Prezident İlham Əliyev  siyasi iradəsini «Qarabağ Azərbaycandır və  nida işarəsi !» məntiqi,  diplomatik  uğurları ilə təsdiqlədi. Ermənistanın faşist ideologiyasını, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini diplomatik dillə ifşa etdi.

Ötən ilin oktyabrında  keçirilən Qranada görüşü ərəfəsində  sərgilənən mövqe Azərbaycan diplomatiyasının, dövlət başçımızın liderlik qətiyyətinin daha bir nümunəsi oldu.  Prezident İlham Əliyev «Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil, Bakı belə platformada iştirak etməyəcək» sözləri ilə  mövqeyini ortaya qoydu. «Biz rəsmən bəyan etdik, artıq düzgün, yaxud münasib hesab etmirik ki, Fransanın hər hansı bir nümayəndəsi Ermənistanla Azərbaycan arasında normallaşma prosesində iştirak etsin. Buna görə, bu məxsusi səbəbə görə mən Qranadaya getmədim»  söyləyən  Prezident İlham Əliyev  Azərbaycanla təzyiq, təhdid dili ilə danışmağın  mümkün olmadığını növbəti dəfə sübut etdi.

2020-ci ilin yanvar ayında   Ümumdünya İqtisadi Forumu çərçivəsində «Strateji baxış: Avrasiya»” mövzusunda keçirilən panel iclasında iştirak edən Prezident İlham Əliyevin moderatorun «Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz - Moskvaya, yoxsa Pekinə?” sualına  dövlət başçımızın  «Bakıya!» cavabı  Azərbaycanın heç bir dövlətin təsiri altında olmadığını, müstəqilliyimizi təsdiqləməklə  dövlət başçımızın diplomatiyada  qazandığı səriştəsinin ifadəsi idi. Vətən müharibəsi ərəfəsində və hərbi əməliyyatların davam etdiyi günlərdə  Prezident İlham Əliyevin «Əl-Cəzirə», «Əl-Ərəbiyə», «TRT Haber”», «Pervıy Kanal», «CNN Türk», «Euronews», «CNN International», «Sky News», «RBK», «Haber Global», «Haber Türk», «NTV» və digər  xarici KİV-lərə müsahibələrinin hər biri, təxribat xarakterli suallarla bağlı məntiqli, düşünülmüş  cavabları  Azərbaycan diplomatiyasının, Lider qətiyyətinin, siyasi iradəsinin beynəlxalq aləmə təqdimatı  idi.  

Bu günlərdə  ADA Universitetində «COP29 və Azərbaycan üçün Yaşıl Baxış» mövzusunda beynəlxalq forum  iştirakçılarının sualların dünyada  baş verən hadisələr fonunda təhlil edən Prezident İlham Əliyev məntiqli açıqlamaları ilə  siyasətçiləri belə təəccübləndirdi.
NATO-nun ən böyük tərəfdaşlarından olan,   dünyanın  güclü orduları arasında fərqlənən Türkiyə ilə  əməkdaşlıq  ölkəmizin diplomatiya sferasında ilk  sırada yer alır. Dünya birliyindəki aparıcı rolunu  İkinci Qarabağ müharibəsində qazandığı Zəfəri ilə  əbədilik möhürləyən,  dünyada sülh və ədalətin təmin olunması istiqamətində  davam etdirdiyi siyasətə sadiqliyini  beynəlxalq hüquq normalarına etimadı,  COVID-19 pandemiyası dövründə  humanitar təşəbbüsləri ilə   zəif inkişaf etmiş ölkələrə  dəstəyi ilə təsdiqləyən Azərbaycan   etibarlı tərəfdaş  olduğunu  üzərinə düşən vəzifələri yerinə yetirməklə  bir daha sübüt etdi.

Türk dövlətlərinin birlik və həmrəyliyi naminə  rəsmi Ankara ilə  birgə  addımlayan, eyni mövqe göstərən Azərbaycanın  Türk  Dövlətləri Təşkilatının formalaşmasındakı rolu danılmazdır. Qarabağ münaqişəsini öz gücünə həll edən, bölgədə  əməkdaşlıq formatının bərpası üçün liderlik rolunu əsl Liderə xas inamla  yerinə yetirən, Cənubi Qafqazın ən güclü dövlətinə çevrilən  ölkəmizlə bağlı zərb-məsələ çevrilən  «Narahat dünyamızda Azərbaycan kimi dövlətlərin çalışmalarına ehtiyac var» deyimi  ölkəmizin xarici siyasətinin uğurlarını təsdiqləyən reallıqdır. Türk Dövlətləri Təşkilatının güclənməsi və nüfuzunun artmasında xüsusi rolu olan  Prezident İlham Əliyev mühüm beynəlxalq tədbirlərdə  Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmi dövlət səviyyəsində dəstəklədiyini bütün dünyaya bəyan etmişdir.  İkinci Qarabağ müharibəsindən sonra 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında  Qələbəyə həsr olunmuş Zəfər paradında Prezident İlham Əliyevin türkiyəli həmkarı  Rəcəb Tayyib Ərdoğanla qoşa dayanması, Şuşada  Müttəfiqlik   Bəyannamənin imzalanması türk həmrəyliyinin sarsılmazlıq ifadəsi  kimi tarixə yazıldı.

Ötən ay Brüsseldə keçirilən  Ermənistan-Avropa İttifaqı (Aİ)-ABŞ formatında görüşdən əvvəl və sonra ABŞ Dövlət katibi Antoni Blinkenin, və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevə zəng etmələri bölgədə siyasi  sabitliyin pozulmasına  yönələn bu addımdan narahatlığını  bildirən rəsmi Bakı ilə hesablaşmaq idi. Azərbaycanın qətiyyətli mövqeyi, görüş öncəsi ortaya qoyulan sərt reaksiya ABŞ və Avropa İttifaqını geri addım atmağa, ən azından rəsmi Bakının maraqlarına uyğun açıqlamalar verməyə vadar etdi.

Bu günlərdə   Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri və səfər  çərçivəsində  mühüm sənədlərin imzalanması iki ölkə arasında  əməkdaşlığa verilən böyük önəmin təcəssümü idi. Səfər çərçivəsində iki  ölkə arasında tərəfdaşlıq haqqında Birgə Bəyannamənin, müdafiə sənayesi ilə bağlı  sənədlərin imzalanması, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malik   ötən il  imzalanmış «Həmrəylik  Halqası»na uyğun doqquzuncu qitə dövləti olan Slovakiyaya təbii qazın ixracı iqtisadi əməkdaşlığı daha da gücləndirəcək.  Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icra ediləcəyi ilə bağlı təşəbbüs xalqımız tərəfindən yüksək dəyərləndirilir.

«Siz suverenliyə gəldikdə nümunə ölkəsiniz. Suveren mövqe və fikirlərə gəldikdə, mən hər zaman belə ölkələri yüksək qiymətləndirirəm. Siz ədalətsizliyə sinə gərirsiniz» söyləyən. Robert Fitsonun Prezident İlham Əliyevə söylədiyi «Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz. Siz praqmatik şəxsiyyətsiniz və Sizin xarici siyasətiniz təkcə bir istiqamətdə köklənməyib. Siz ərazi bütövlüyünün nə dərəcədə vacib olduğunu çox gözəl bilirsiniz. Bununla yanaşı, Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm» sözləri  ikili standartlara qarşı mübarizliyi ilə fərqlənən dövlət başçımızla  həmrəylik nümunəsi,  ölkəmizin xarici siyasətinə beynəlxalq səviyyədə dəstək idi.   Azərbaycanla  Avropa İttifaqı arasında körpü olmağa, ölkəmizlə bağlı  obyektiv vəziyyəti Aİ-yə təqdim etməyə hazır olduğun bildirən Baş nazir xüsusilə  hərbi sahədə əməkdaşlığa böyük önəm verdiyini də vurğuladı.

Son illərdə  Balkan ölkələri, xüsusilə də Bolqarıstanla əməkdaşlığı gücləndirən Azərbaycanla bu ölkə arasındakı dinamizm   aydın hiss olunur. Həmişə rəsmi Bakının haqq işinə dəstək olan  Bolqarıstanın Ayrı-seçkiliyə Qarşı Müdafiə Komissiyasının sədri Ana Cumalıyevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Ağdama səfəri, işğaldan azad edilən  Şərqi Zəngəzur,  Qarabağ iqtisadi zonalırında   erməni vandallarının  törətdikləri  vəhşilikləri seyr etməsi  xalqımızla  həmrəylik nümunəsi idi.  Qarşılıqlı səfərlər çərçivəsində keçirilən görüşlərdə, aparılan səmimi dialoqlarda, imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə   əməkdaşlığın yeni istiqamətləri əks olunub. «Sözsüz ki, enerji sahəsi ölkələrimiz arasında tərəfdaşlığın özəyini təşkil edir. Azərbaycan hazırda Bolqarıstanın enerji təhlükəsizliyində böyük rola malikdir. 2023-cü ildə 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı bu ölkəyə nəql olunub. Bu il isə bunun 1,5 milyard kubmetr təşkil edəcəyi proqnozlaşdırılır. Təbii ki, bu da yüksək göstəricidir» söyləyən Prezident İlham Əliyev bolqarıstanlı  həmkarı  Rumen Radevin ölkəmizə budəfəki səfərinin nəticələrinin daha uğurlu olacağını, strateji tərəfdaşlığın gücləndirilməsini, texnoloji innovasiya və digər sahələrə aid sənədlərin imzalanmasını  qarşılıqlı etimadın təzahürü adlandırdı.

Prezident İlham Əliyevin iştirakı ilə açılan interkonnektorun əhəmiyyətini,  Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadəni, beləliklə, Cənub Qaz Dəhlizinin Mərkəzi və Şərqi Avropaya birləşməsini Avropa Komissiyasının siyasətinə uyğun  adlandıran  Rumen Radev Avropa İttifaqı-Azərbaycan strateji tərəfdaşlıq Sazişini, ölkəmizin  enerjinin şaxələndirilməsi və mənbələrin təhlükəsizliyi ilə bağlı  diplomatiyasında iştirakından məmnunluğunu ifadə etdi.

Vurğuladı ki, «Həmrəylik Halqası» layihəsi ilə bağlı Memorandumun imzalanması ilə Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və SOCAR-ın imkanlarının səfərbərliyi regionun təhlükəsizliyi üçün vacibdir.  

Göründüyü kimi, dünya siyasətində siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat layihələri ilə əməkdaşlıq formulu yaradan  Azərbaycan
uğur diplomatiyası ilə qitələri birləşdirir, sülhə, əmin –amanlığa töhfələr verir.

Xuraman İsmayılqızı, «İki sahil»