11 may 2024 02:58
454

Ağız dolusu demokratiya, cib dolusu RÜŞVƏT

“Dəyərləri” ilə uzun illərdir fəxr edən, hamıya dərs keçməyi xoşlayan Avropa Parlamenti korrupsiya burulğanında boğulur

Fərdilikdən çıxıb kütləvi hal alan korrupsiya və rüşvət problemi Avropa Parlamentdə (AP) əməllicə kök salıb. Qeyd edək ki, yalnız Avropa Parlamenti deyil, onun himayəsində olan fondlarda da dəfələrlə korrupsiya faktları qeydə alınıb. İllik oğurluq faktlarının milyardlarla avro təşkil etdiyi vurğulanır. Bəzi iddialara görə, korrupsiya və pulun səmərəsiz xərclənməsi səbəbindən Avropa hər il 320 milyard avrodan çox, yəni gündə təxminən bir milyard avro itirir. Bu, Avropa İttifaqının (Aİ) 2014-2020-ci illər üçün təklif etdiyi yeddiillik büdcənin təxminən üçdə birini təşkil edir. Digər mənbələrə görə, Aİ əslində korrupsiyaya görə daha çox itirir - təxminən 904 milyard avro. Bu barədə Avropa Yaşıllar Partiyasının dərc olunmuş hesabatında da deyilib.

Bu günlərdə “Transparency İnternational” təşkilatı Avropa İttifaqını Avropa Parlamenti üzərində nəzarəti gücləndirməyə çağırıb. Qurum bunu onunla əsaslandırır ki, Avropa Parlamentinin deputatlarının bir çoxu Brüssel siyasətinə təsir etməyə çalışan şirkətlərdə yaxşı gəliri olan vəzifələr tutur. Bununla da həmin deputatlar bu yolla Avropa Parlamentinin qərarlarına, Avropa İttifaqının siyasətinə təsir etməyə çalışırlar. “Transparency International” təşkilatının dərc etdiyi hesabata görə, Avropa Parlamentinin deputatları Brüssel siyasətinə təsir etməyə çalışan özəl şirkətlər də daxil olmaqla, belə "yan işlərdən" ildə 8,6 milyon avrodan çox pul qazanırlar. Məlumatlara görə, 705 deputatın üçdə ikisindən çoxu Brüsselin siyasətinə təsir göstərmək məqsədilə özəl şirkətlərdən pul alır. Tədqiqat müəyyən edib ki, bəzi hallarda Avropa Parlamentinin üzvləri əsas işləri ilə yaxından əlaqəli olan korporasiyaların direktorlar şuralarında otururlar və Avropa Parlamenti ilə müqayisədə daha çox qazanırlar. Düzdür, Avropada qanun deputatın şirkətdə işləməsini qadağan etmir. Ancaq həmin şirkətlər elə şirkətlərdir ki, onlar Aİ-nin siyasətinə təsir göstərirlər. Hətta Rusiya ilə gizli maliyyə əlaqələri olan şirkətlərdə işləyən deputatlar var. Bütün bunlar çox təhlükəli tendensiyadır. Görünən odur ki, AP-də maliyyə maxinasiyaları bir sistemdir.

Xatırladaq ki, hələ 2022-ci ilin sonlarında Avropa Parlamenti olduqca ağır bir korrupsiya qalmaqalı ilə çalxalanmışdı. Dünyada beynəlxalq antikorrupsiya gününün qeyd edildiyi bu tarixdə Belçika polisi AP-də fəaliyyət göstərən korrupsiya şəbəkəsini ifşa edərək onun bir neçə üzvünü həbs etmişdi. Saxlanılanlar arasında AP-nin vitse-prezidenti, yunanıstanlı deputat Eva Kailinin olması isə sensasiya effekti yaratdı. Belçikanın federal müstəntiqləri Kaili də daxil olmaqla, saxlanılanları rüşvət qismində külli miqdarda pul və müxtəlif bahalı hədiyyələr almaqla körfəz ölkələrindən birinin (Qərb mediası daha sonra bu ölkənin Qətər olduğu açıqladı) xeyrinə qanunsuz lobbiçilik etməkdə, AP-də qəbul edilən qərarlara təsir etməyə çalışmaqda ittiham etdi. İşlə əlaqədar Brüsseldəki 16 müxtəlif nöqtədə həyata keçirilmiş axtarışlar nəticəsində 600 min avro nağd pul aşkarlandı. Aparılan axtarışlar zamanı isə çamadan və portfellərdə 1,5 milyon avrodan çox nağd pul tapıldı. Müstəntiqlər bildirdilər ki, sözügedən korrupsiya şəbəkəsi bir neçə aydır həmin Körfəz ölkəsinin xeyrinə AP-nin müxtəlif iqtisadi və siyasi qərarlarına təsir etməyə çalışıb. AP-dəki bu qalmaqal rüşvətxorluq və korrupsiyanın Avropa institutlarında artıq sistemli xarakter aldığını bir daha göstərmiş oldu. Problemin miqyası avropalı siyasətçiləri də dəhşətə gətirmişdi. Məsələyə münasibət bildirən Polşanın Baş naziri Mateuş Moravetski etiraf etmişdi ki, işin detalları ilə tanış olanda şoka düşüb. “Transparency İnternational”ın əməkdaşı Mişel van Hulten də AP-də korrupsiyanın miqyasının dəhşətli dərəcədə olduğunu bildirmişdi: “Parlamentdə korrupsiyanın olması məni təəccübləndirmir, amma bunun miqyası məni şoka salır”.

Təbii ki, Eva Kailinin həbsi ilə AP-dəki genişmiqyaslı və oturuşmuş korrupsiya problemi həll olunmayacaq. Çünki Kailinin vəzifəsi, sadəcə olaraq, rüşvəti almaq və paylamaq olub. Parlamentdəki korrupsiya şəbəkəsi isə daha genişdir. Burada pulunu verən tütəyi çaldığı üçün indi parlament ətrafında minlərlə lobbi təşkilatları və qrupları fırlanır. Bu sonuncu işdə yalnız Qətərin adı hallansa da, digər ölkələr və qruplar da var. Məsələn, AP-də fəaliyyət göstərən anti-Azərbaycan qrupu da bu şəbəkənin içindədir. Onlar da Ermənistana dəstək əldə etmək istəyən, həmçinin qanunsuz biznes fəaliyyətini davam etdirmək niyyətində olan erməni oliqarxlardan, mafiya başçılarından külli miqdarda rüşvət qəbul edirlər. İşğal dövründə Qarabağda qanunsuz biznes fəaliyyətləri göstərmiş həmin oliqarxlar əldə etdikləri qanunsuz sərvətin bir hissəsini digər qurum və institutlarla yanaşı, AP nümayəndələrinə, Aİ məmurlarına yönəldiblər. Belələrindən biri erməni mafiyasının Belçikadakı əsas siması Kaspar Karampetyandır. Eyni vaxtda Yunanıstan, Ermənistan və Luksemburq vətəndaşı olan Karampetyan “Ədalət və Demokratiya Naminə ÜmumAvropa Erməni Federasiyası” adlı təşkilatın prezidentidir. Bu şəxs öz biznesini qanunsuz almaz qaçaqçılığı da daxil olmaqla, müxtəlif qeyri-leqal biznes fəaliyyətləri hesabına qurub. Adı mafiya əməllərində də hallanan Karampetyan Ermənistanın və özünün biznes maraqlarının müdafiəsi üçün avropalı məmur və deputatlara bu vaxtadək milyonlarla vəsait paylayıb.

Avroparlamentarilərə külli miqdarlarda rüşvət verən daha bir erməni əsilli oliqarx isə Vartan Sirmakesdir. İsveçrə vətəndaşı olan Sirmakes işğal dövründə Qarabağda bank sektoru, kənd təsərrüfatı, mədən sənayesi kimi müxtəlif sahələrdə tamamilə qanunsuz biznes fəaliyyətləri göstərib və Azərbaycanın sərvətlərini talayaraq öz biznes imperiyasını genişləndirib. Serj Sarkisyanın Ermənistanın Marselə baş konsul təyin etdiyi Sirmakes əldə etdiyi vəsaitlərdən avroparlamentarilərə rüşvət və bahalı hədiyyələr şəklində paylayaraq həm Ermənistanın, həm də şəxsi maraqlarının müdafiəsində dəstək toplamağa çalışıb. Sirmakes Azərbaycanın maddi sərvətlərinin talanması hesabına əldə etdiyi vəsaitləri erməni diaspor təşkilatlarının saxlanılmasına da yönəldib. Onun maliyyə yardımı göstərdiyi təşkilatlardan biri “Ermənistanın Avropa Dostları” (EuFoA) təşkilatıdır. Məqsədi Avropanın əsas iqtisadi-siyasi mərkəzləri, həmçinin vacib qərarlar qəbul etmək səlahiyyəti olan şəxsləri ilə Ermənistan və qondarma qurum “artsax” arasında əlaqələr yaratmaq olan bu təşkilata Sirmakes maliyyə yardımı göstərib. AP-nin deputatları ilə “yaxın” münasibətlərə malik olduğu bilinən “Ermənistanın Avropa Dostları” Eva Kaili qalmaqalından sonra öz korrupsiya əlaqələrinin maksimum ört-basdır edilməsinə çalışır. Bu və digər erməni oliqarxların, mafiya başçılarının verdiyi rüşvəti qəbul edən bəzi AP deputatları təbii olaraq Azərbaycan əleyhinə qərəzli fəaliyyətləri ilə seçilirlər və parlamentin korrupsiya şəbəkəsinin üzvləridirlər. AP-nin korrupsiya şəbəkəsində 33 nəfərlik “Ermənistanla dostluq qrupu”nun üzvlərinin də olduğu bildirilir. AP-də Azərbaycan və Türkiyəni hədəfləyən bəyanatlar AP adından elan edilsə də, onların əksəriyyəti məhz həmin “33 nəfərlik qrup” tərəfindən imzalanır. Bu deputatların bir qismi hətta Karampetyanın maliyyəsi ilə Ermənistana səfərlər də edib. Ümumilikdə AP-dəki korrupsiya qalmaqalında 70-ə yaxın deputatın adı keçir. AP-də belə səviyyədə korrupsiya mexanizmi qurulubsa, milli parlamentlərdə də eyni halın olduğuna şübhə yoxdur.

Sevinc Azadi, “İki sahil”