28 aprel 2024 11:55
209

İki türk ölkəsi arasında münasibətlər yeni mərhələyə qədəm qoyur

Qədim türk boylarından olan Qırğızlarla Azərbaycan arasında əlaqələrin tarixi qədim dövrə qədər gedib çıxır.SSRİ-nin tərkibində olduqları zaman onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır.SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin yanvar ayının 19-da qurulmuşdur.1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında, 1998-ci ilin may ayında Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.

 İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Ulu Öndər Heydər Əliyev prezidentliyi dövründə bir neçə dəfə Qırğısıztana səfər etmişdi.Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin ikitərəfli görüşü keçirilib. Görüş zamanı iki ölkə arasında münasibətləri möhkəmlətmək üçün ənənələrin, mədəniyyətin, dinin ümumiliyi, dil yaxınlığı kimi möhkəm bünövrənin olduğu vurğulanıb.

Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana gedib. Ölkə başçısı Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüşüb. Görüş zamanı iki dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsinə ciddi ehtiyac olduğu bildirilib. Görüşdə həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması ilə əlaqədar aparılan danışıqlardan da geniş bəhs edilib. Səfər çərçivəsində Heydər Əliyev Bişkekdə Manas dastanının 1000 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak edib.

11 noyabr 1996-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol imzalanıb. 1997-ci il aprelin 23-də Qırğızıstan prezidenti Əsgər Akayev Azərbaycan prezidenti Heydər Əliyevin dəvəti ilə Azərbaycana ilk rəsmi səfərini edib. Prezident Heydər Əliyev və Prezident Əsgər Akayevin təkbətək görüşü olub. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. Sonra isə nümayəndə heyətinin iştirakı ilə Azərbaycan - Qırğızıstan danışıqları keçirilib. Danışıqlar zamanı prezident Heydər Əliyev nitq söyləyib: "... Azərbaycan bundan sonra da bütün sahələrdə Qırğızıstan üçün çox etibarlı tərəfdaş olacaq, qarşılıqlı surətdə faydalı əməkdaşlığı inkişaf etdirməkdən ötrü bütün imkanlardan istifadə edəcəkdir... ". Qırğızıstan Prezidentinin səfəri zamanı Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Qırğızıstan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş, turizm sahəsində əməkdaşlıq haqqında Sazişlər də daxil olmaqla müxtəlif sahələri əhatə edən 14 sənəd imzalanıb. Sənədlərin imzalanmasından sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər

Azərbaycan Qırğızıstan münasibətləri bugündə davam etməkdədir. Aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana səfər edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatlarla çıxış edib. Əvvəlcə dövlətimizin başçısı mətbuata bəyanatla çıxış etdi: Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Bu gün biz həm məhdud tərkibdə, həm də geniş heyətdə qarşılıqlı fəaliyyətimizin əsas məsələlərini müzakirə etdik, Dövlətlərarası Şuranın ikinci iclasını uğurla keçirdik, müvafiq idarələrin rəhbərlərinin məlumatlarını dinlədik və müvafiq tapşırıqlar verdik. Əminəm ki, bu səfər və onun nəticələri qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək.Bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb. Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir.

Mən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işində dəstəyə görə Sadır Nurqojoyeviçə xüsusi təşəkkürümü bildirmək istərdim. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Sabah biz birlikdə Füzuli və Ağdam rayonlarında olacağıq, məktəbin təməlinin qoyulmasında iştirak edəcəyik. Bu qardaş dəstəyinə görə çox minnətdarıq. Bu, bizim üçün böyük əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının Prezidenti və Qırğız Respublikasının Prezidenti   Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər,daha sonra Füzuli şəhərinə səfər ediblər,şəhərin erməni quldurları tərəfindən dağıdılmış yerlərinə baxıb,şəhərin planı ilə tanış olublar. Prezident İlham Əliyev Sadır Japarovun şərəfinə ziyafət təşkil edib.

Bu görüş zamanı imzalanan sənədlər iki türk ölkəsi arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoymasına təkan verəcək.

Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının General Şıxlınski 56/2 ünvanı üzrə ərazi partiya təşkilatının üzvü