24 aprel 2024 03:02
305

Turist axını həm də valyuta axını deməkdir

Bu ilin yanvar-mart aylarında Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 40 faizə yaxın artıb

Dünya əhalisi arasında səyahətə maraq artdıqca, turizm sektoru dayanıqlı inkişaf imkanlarına malik sahələr arasında üstün mövqeyini qoruyub saxlayır. 2022-ci ildən sonra qlobal turizm sektoru üçün pandemiyadan sonrakı dirçəliş dövrü başladı, sərhədlər yenidən açıldı və koronavirusun səngiməsi bu sahədə əvvəlki aktivliyin bərpasına gətirib çıxardı. 2022-ci ildə Avropa və Orta Şərqə turist axını 2019-cu ilin göstəricisinin 80 faizinə çatdı. Amerika qitəsi pandemiyadan əvvəlki ziyarətçilərin təqribən 65 faizini bərpa etdi.

Turizm sektoru üçün ortamüddətli və uzunmüddətli proqnozlar da qarşıdakı onillik üçün nikbinliyə işarə edir. 2023-2032-ci illər arasında dünya üzrə səyahət və turizm sahəsində ÜDM-in ildə orta hesabla 5,8 faiz artacağı və ümumi iqtisadiyyatın ildə gözlənilən 2,7 faiz artımını üstələyəcəyi proqnozlaşdırılır. Turizm sahəsinin inkişafı ölkələrə həm iqtisadi, həm də sosial baxımdan bir çox üstünlüklər qazandırır. Ölkələrin regional və beynəlxalq turizm bazarında xüsusi mərkəzlərdən birinə çevrilməsində, müsbət imicinin formalaşdırılmasında, məşğulluğun təmin olunmasında, biznes mühitinin yaxşılaşmasında bu sahə əhəmiyyətli rol oynayır. Elə Azərbaycanda da iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun təşviqi baxımından xüsusi əhəmiyyətə malik olan turizm sahəsinin inkişafı diqqətdə saxlanılır.

Azərbaycanın zəngin turizm potensialı bu sahədə inkişaf üçün səmərəli imkanlar yaradıb və son illər həyata keçirilən tədbirlər əhəmiyyətli artımla nəticələnir. 2003-2022-ci illərdə ölkədə mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 7,6 dəfə artaraq 727-yə çatıb, bu obyektlərin birdəfəlik tutumu isə 5,9 dəfə artıb. Bu illər ərzində Azərbaycanda turizm sektorunda məşğul olanların sayı 21 milyon 9 mindən 87 milyon 9 minə yüksəlib. Bu, 4 dəfə artım deməkdir. Ölkəmizdə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində yaradılan əlavə dəyər 2003-cü ildə 35 milyon manat olduğu halda, 20 il ərzində 76,6 dəfə artaraq 2023-cü ildə 2 milyard 684 milyon manat təşkil edib.

Bu ilin yanvar-mart aylarında Azərbaycana 171 ölkədən 513,5 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, gələnlərin 28,7 faizi Rusiya, 19,3 faizi Türkiyə, 10,3 faizi İran, 7,2 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,2 faizi Qazaxıstan, hər birindən 2,4 faiz olmaqla Səudiyyə Ərəbistanı və Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,8 faizi Özbəkistan, hər birindən 1,5 faiz olmaqla Türkmənistan və Küveyt, 1,4 faizi Ukrayna, 1,2 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları olub. Bundan başqa, son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 18,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 91,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 31,0 faiz artaraq 198,3 min nəfər olub.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, bu sektorun davamlı inkişafını təmin etmək üçün strateji, institusional və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulub. Sənədin icrası çərçivəsində daxili və gəlmə turizminin qeyri-mövsüm dövründə təşviqi əsas olmaqla ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, turizm potensialının genişləndirilməsi üçün marketinq və kommunikasiya planının icrası, hədəf turizm bazarları ilə nəqliyyat-kommunikasiya əlaqələrinin şaxələndirilməsi və təkmilləşdirilməsi kimi bir çox tədbirlər həyata keçirilir. İşğaldan azad edilmiş bölgələrimizin turizm potensialının reallaşdırılması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən dirçəldilməsi nəticəsində bu region turizm biznesi üçün cəlbedici, turistlər üçün keyfiyyətli və rəqabətli xidmətlər təklif edən bir turizm istiqaməti olacaq. Belə ki, Azərbaycanın bu qədim tarixə malik bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə maraq doğurur. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilən ərazilərin turizmin inkişaf strategiyası və konsepsiyasının hazırlanması da bunun bariz ifadəsidir. Təsadüfi deyil ki,  Prezident İlham Əliyev çıxışlarında azad olunmuş torpaqlarda əsas fəaliyyət sahələri kimi turizmi də xüsusi qeyd edir, Qarabağ və Şərqi Zəngəzurun zəngin turizm potensialının olduğunu vurğulayır: "Bu potensial imkan verir ki, biz oranı Azərbaycanın əsas turizm zonalarından birinə  çevirək. Mədəni-tarixi abidələrimiz dağıdılsa da, onların bərpasından sonra həmin istiqamətlərə turların təşkili mümkün olacaq".

Yeri gəlmişkən qeyd edək ki, vaxtilə həmin ərazilərdəki sanatoriyalar buraya müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların üz tutduqları müalicəvi məkanlardan olub. Dünyanın ən qədim insan məskənlərindən biri - Azıx mağarası və başqa tarixi abidələr də məhz bu regionda yerləşir. Qarabağ regionunda sağlamlıq-kurort infrastrukturunun qurulması üçün də hərtərəfli şərait var. Məşhur termal-mineral su olan İstisu bulağı, xalq arasında "Xotavəng" və yaxud "Xudavəng", yəni "Tanrı məbədi" adlandırılan monastır kompleksi də Kəlbəcərdə yerləşir. Bura təbii imkanlarına, həm də tarixinə görə daim turistlərin maraq dairəsində olub. Həmçinin Laçının da turizm potensialı böyükdür. Rayon qədim Tunc dövrünə aid olan kurqanlarla zəngindir və turistlər üçün cəlbedicidir. Füzuli Beynəlxalq Hava Limanı regionda turizmin inkişafında müstəsna rol oynayacaq. Əlavə olaraq, Prezidentin sərəncamı əsasında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi Füzuli, Xocavənd və Şuşanın turistlər üçün əlçatan olmasını təmin edəcək.

Sevinc Azadi, “İki sahil”