19 aprel 2024 22:28
353

Prezident İlham Əliyevin xalqa bəxş etdiyi növbəti QƏLƏBƏ

Qazaxın 4 qeyri-anklav kəndinin bir güllə atılmadan qaytarılması müdrik, qətiyyətli və cəsarətli Liderin siyasətinin nəticəsidir

Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərinin 30 il davam edən  işğalına son qoymaqla, yeni reallıq formalaşdırdı. 30 illik işğal dövründə bir gün də olsun düşmən tapdağı altında qalan torpaqlarımızı unutmadıq. Torpaqlarımız 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində düşmən tapdağından xilas oldu, ərazi bütövlüyümüz təmin edildi, xalqımız yenilməz, məğrur xalq olduğunu dünyaya sübut etdi. Postmünaqişə dövrünün əsas hədəflərindən biri  azad edilmiş ərazilərimizin bərpasıdırsa, digəri müdafiə gücümüzün daha da artırılmasıdır. Qazandığı uğurlarla kifayətlənməyib hər zaman irəli baxan Azərbaycan üçün bu reallıq inkaredilməz idi ki, Ermənistanda revanşist qüvvələr baş qaldıracaq. Bu səbəbdən Azərbaycan Silahlı Qüvvələrinin belə təxribatların qarşısını alması üçün daha güclü olması vacib amillərdən biri idi. Tarixi Zəfərimizdən sonra Azərbaycan Ordusunun keçirdiyi əməliyyatların uğurlu nəticələri, həmçinin ötən ilin sentyabr ayının 19-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin reallaşdırdığı bir günlük lokal antiterror tədbirləri nəticəsində torpaqlarımızın separatçılardan təmizlənməsi, qondarma rejimin özünü buraxması və sair kimi mühüm hadisələr Azərbaycan Ordusunun gücünün təqdimatı oldu.

Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq.  Zəfərimiz  Cənubi Qafqazda bütün istiqamətlər üzrə yeni şərait yaradıb. Azərbaycanın Qələbəsi ilə regionda təhlükəsizliyin təmin olunmasına ümidi artırıb. Cənub Qafqazın təhlükəsizliyi həm də beynəlxalq sülh üçün töhfəyə çevrilib. Azərbaycanın Zəfəri region dövlətləri və bölgədə marağı olan güclərin əməkdaşlıq etməsinə şərait yaradıb. Bir daha təsdiqlənib ki, işğalçı, dağıdıcı siyasət yürüdən Ermənistan regionun inkişafına mane olur. Azərbaycan bölgə üçün bu maneəni aradan götürdü. Artıq regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı təklif edib. Əksər dünya gücləri ölkəmizin bu təklifini dəstəkləyir və onun reallığa çevrilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirirlər.

Ötən ilin oktyabrın 15-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaltdı. Möhtərəm Prezidentimiz Xankəndidən Azərbaycan xalqına müraciətində böyük qürur hissi ilə qeyd etdi ki, son 20 ildə verilən bütün vədləri, qarşıya qoyulan vəzifələri uğurla icra etdim.  8 Noyabr-Zəfər Günündə isə Xankəndi şəhərində  hərbi parad keçirildi. Bu parad bir daha dünyaya mühüm mesajları çatdırdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bəyan etdi: “Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin.”

15 maya qədər imzalanacaq

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı komissiyalar aşağıdakılar barədə razılığa gəliblər. Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Delimitasiya prosesi tam başa çatana qədər…

Razılaşdırılıb ki, tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.

Paralel olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib.

Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).

Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.

Artıq göründüyü kimi, Zəfərimiz yeni-yeni hədəflərə yol açır. Bu gün 4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir. Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı və bu müddət ərzində mövzu daim gündəlikdə saxlanıldı, bu istiqamətdə ardıcıl iş aparılırdı. Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Delitimasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə oldu.

Bütün dünya Azərbaycanın timsalında hər cür təzyiqlərə rəğmən torpaqlarını azad etməyə qadir olan dövləti, Prezident İlham Əliyevin nümunəsində müdrik, qətiyyətli və cəsarətli Lideri gördü.

Həqiqət anı

Bu gün ölkəmizdə  quruculuq layihələri uğurla həyata keçirilir. Azərbaycan istər regionda, istərsə də dünyada  siyasi mənzərəni dəyişdi. Kimin kim olduğu bir daha dünyaya açıqlandı. 44 günlük müharibə sözün əsl mənasında həqiqət anı oldu. Müharibə bizim gücümüzü, əyilməz iradəmizi, birliyimizi, müharibə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var. Bu birliyimiz, həmrəyliyimiz bu gün  işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə yönəldilib. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb,  bütün şəhərlərimiz, kəndlərimiz müasir tələblər səviyyəsində yenidən qurulur.  Qarabağın və Şərqi Zəngəzurun hava qapıları  dünyaya açıldı. Şuşamızın hər günü çal-çağırlıdır. Diplomatik mərkəzə çevrilən Şuşa neçə-neçə sənədlərin imzalanmasına şahidlik edir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfəri Böyük Qayıdışımızın sürətlənməsinə xidmət edən addımlarla zəngindir. Tezliklə Qarabağ və Şərqi Zəngəzur böyük investisiyalar məkanına çevriləcək.  Azərbaycanın bu günkü Zəfəri dünənimizə baxış, gələcəyimizlə bağlı yeni-yeni hədəflərin müəyənləşdirilməsində stimulverici amildir.

Şəmsiyyə Əliqızı, “İki sahil”