13 aprel 2024 15:35
520

Zərifə xanım Əliyeva seçdiyi peşədə öz izini qoymuş böyük alim idi

Azərbaycanda oftalmologiya elminin inkişafından danışarkən ilk göz önünə gələnlərdən biridir Zərifə Əliyeva. Zərifə xanım bütün ömrünü insanlara işıq bağışlamağa həsr etmişdi. Bu ömrün mənası zülmət və qaranlıqla mübarizə aparmaqdan ibarət idi. Tanıyanlar, zamanında ünsiyyətdə olanlar onu məhz belə xarakterizə edir – gözəl həkim, sadə insan, qayğıkeş ana və həyat yoldaşı. Bu dəyərli insan haqqında hər kəs  istər xəstələri, istər tələbələri, istərsə də çiyin-çiyinə çalışdığı insanlar yalnız xoş sözlər söyləyir ki, bu da Zərifə xanımın daxilən necə zəngin, alicənab bir insan olduğundan xəbər verir. Bu sadə və səmimi xanımın hər kəslə öz dilində danışması onu hər kəsə sevdirirdi.

Zərifə xanım Əliyeva sənətinin dəyərini bilən və onu uca tutan həkimlərdən idi. Təsadüfi deyil ki, o öz mühazirələrində də yetişdirmələrinə həkimlik peşəsinin necə uca və gərəkli sahə olduğunu təlqin edirdi. “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə-eşiyinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır” – deyirdi Zərifə xanım. Elə təkcə bu iki cümlə bu böyük şəxsiyyətin mənəvi cəhətdən necə zəngin bir insan olduğunu ortaya qoymuş olur.
Həyatı hər bir alim və tibb işçisi üçün başdan-başa örnək olan akademik Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvanın Şahtaxtı kəndində Azərbaycanın səhiyyə və dövlətçilik tarixində özünəməxsus yeri ilə seçilən ictimai və dövlət xadimi, Əməkdar həkim, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır.
Zərifə xanım Əliyevanın ailəsi o dövrün qabaqcıl fikirli ziyalı təbəqəsinə aid idi. Azərbaycanın elm və mədəniyyət xadimləri onların evlərinin daimi qonaqları olardı. Dövrün görkəmli şəxsiyyətləri ilə ailəvi və mənəvi yaxınlıq, onların humanist dəyərlərlə bağlı diqqətəlayiq söhbətləri uşaqların milli ruhda formalaşmasında böyük rol oynayırdı.
Zərifə xanım Əliyeva zaman-zaman öyrəniləcək və tədqiq olunacaq məktəbdir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və institutu əla qiymətlərlə bitirir. Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinin geniş yayıldığı zamanda ona qarşı təsirli müalicə üsulları yox idi. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar əldə edir. Zərifə Əliyevanın bu istiqamətdə apradığı tədqiqatlar 1960-cı ildə uğurla müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edir. Traxoma xəstəliyinin müayinəsi və müalicə işləri ilə yanaşı, Zərifə xanım oftalmologiya elminin bir sıra aktual məsələlərinə də böyük əhəmiyyət verirdi.
Zərifə xanım Əliyeva seçdiyi peşədə öz izini qoymuş, sözünü deyə bilmiş alim və həkim idi. Onun yazdığı monoqrafiyalar və məqalələr bu gün də aktualdır və oftalmoloqların stolüstü kitabıdır. Onu da vurğulayaq ki, bu, sadə bir elm yolu deyildi. Akademik Krasnovun yazdığına görə, "məktəb yaradan", tibb elminin, necə deyərlər, "xam sahələri"nə müraciət edən Zərifə xanım Əliyeva öz sahəsində ən cəsarətli, yeni addımlar atmaqdan çəkinmirdi. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin - "peşə oftalmologiyası"nın, yaxud "sosial oftalmologiya"nın təməlini qurmuşdu.
Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyeva yüksəkixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Görkəmli alim tələbələrinə zəngin elmi təcrübəsini öyrətmiş, onlara diqqət və qayğıkeşliklə yanaşmışdır. Ümumiyyətlə, Zərifə Əliyeva hər zaman ətrafına gənc bacarıqlı və savadlı həkimləri toplamaqla elmi-tədqiqat işlərini uğurla təşkil edirdi.
Görkəmli alim, gözəl qadın, qayğıkeş ana, etibarlı, sədaqətli ömür-gün yoldaşı, ailəsinə dayaq olan insan idi Zərifə xanım. Onun bu məziyyətlərinə Ümummilli Lider Heydər Əliyev də yüksək dəyər verirdi. “Mənim üçün o, birinci növbədə böyük bir insan idi. Zərifə xanım sədaqətli həyat yoldaşı, çox mehriban, sədaqətli ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır”. Bu sözləri mərhum prezident, ümummilli lider Heydər Əliyev ömürgün yoldaşı Zərifə Əliyeva haqqında deyib. Ulu öndər deyirdi: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam”... Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üstünə düşüb və o, bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
Eləcə də Prezident İlham Əliyev “Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur... Mənim anam əsl alim idi... Onun unudulmaz obrazı bu gün də mənim üçün çox əzizdir, doğmadır. Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq, eyni zamanda yüksək mədəniyyət, alicənablıq – bütün bu müsbət keyfiyyətləri özündə birləşdirmişdi. Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir” deyə bildirir, yoxluğuna isə “Onun vəfatından sonra mənim həyatım, bütün ailəmizin həyatı dəyişildi. Yəni mən indi o vaxtlardakı kimi gülə bilmirəm, həyatımda xoşbəxt hadisə olanda düşünürəm ki, o da bunun üçün sevinərdi” sözlərilə şərh verir.
Azərbaycanın Birinci vitse-prezidenti, gəlini Mehriban Əliyeva isə xanım akademik haqqında “Bu xeyirxah, mehriban, səmimi insanı tanıyan hər kəs kimi, mən də onun nurlu simasını yaddaşımda qoruyub saxlayıram!” – deyə bildirir.
Zərifə xanım, eyni zamanda müxtəlif mədəniyyət sahələri ilə maraqlanırdı. Azərbaycan və rus dillərində gözəl danışır, elmi əsərlər yazır, dünya mədəniyyətini dərindən bilirdi. Onun ədəbiyyat sahəsində bilikləri, incəsənət, xüsusilə təsviri sənət, rəsm əsərləri haqqında mülahizələri adamı heyrətləndirirdi. Musiqi istedadı, musiqiyə olan məhəbbəti ilə seçilirdi. Azərbaycan xalq mahnılarını çox sevirdi, klassik və Azərbaycan bəstəkarlarının əsərlərini yüksək qiymətləndirirdi.
Zəngin elmi yaradıcılıq irsi ilə Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi akademik Zərifə Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir. Görkəmli alimin yazıb-yaratdığı monumental əsərləri, elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, yüksək səviyyəli mədəni irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
 Bir millət məhz qadına verdiyi dəyər qədər özünə hörmət edir, öz gələcəyini görür. Akademik Zərifə xanım Əliyevanın şəxsində Azərbaycan xalqı bir daha yüksək bir səviyyədə təqdim olunur, tanınır.

Taleh Yusifov, 
Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun aparıcı mühəndisi,
YAP Xətai rayon təşkilatının üzvü