13 aprel 2024 15:06
390

Brüsselin “töhfə”si - ŞƏRH

Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi atəşə tutmaqda davam edirlər. Elə bu gün də onlar saat 08:30 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutublar. Nədir axı onların niyyəti? Birmənalı şəkildə demək olar ki, şübhəsiz, təcavüzkar ölkənin məqsədi Azərbaycanı cavab atəşi açmağa məcbur et-mək, daha sonra gərginliyin artmasında rəsmi Bakı¬nı günahlandırmaqdır. Qərb də Ermənistana  verdiyi bu sifarişi  intizarla gözləməkdədir. 

Brüsseldə təxribatlara da yaşıl işıq yandırılıb?

Qeyd edək ki, təkcə bu ayın əvvəlindən bu günədək haylar mövqelərimizi 10 dəfə atəşə tutublar. Həmin atəşkəslərin 9-u 5 aprel Brüsseldə keçirilən  ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan müştərək konfransından sonra qeydə alınıb. Bu mənada şərti sərhəddəki həmin təxribatları Brüsselin “töhfə”si kimi dəyərləndirmək olar. Elə bu fakt da bir daha sübut edir ki, həmin tədbirdə yalnız  Ermənistanın “iqtisadi inkişaf”ı, təcavüzkar ölkəyə ediləcək maddi yardım müzakirə olunmayıb. Yəni, məlumat verilməsə də həmin mətbuat konfransında, daha doğrusu, bağlı qapılar arxasında digər məsələlər gündəmdə olub. Bu isə o deməkdir ki, orada elə bu kimi təxribatlara da yaşıl işıq yandırılıb. Kim bilir, bəlkə də Qərb, ABŞ Ermənistana ayırdıqları pulların qarşılığında təcavüzar ölkəyə belə təxribatları törətməsini şərt kimi irəli sürüb. Hətta bəzi siyasətçilərin fikrincə, Brüsseldə Ermənistan, Aİ və ABŞ arasında belə gizli hərbi əməkdaş¬lıq qurulduğunu söyləmək mümkündür.

Ermənistan Ukrayna yolu ilə gedir...

Fikrimizcə, bu məqamda rusiyalı siyasətçi Sergey Markovun bu sözlərini xatırlamaq yerinə düşərdi: “Brüsseldəki görüşdən dərhal sonra Azərbaycanla sərhəddə hərbi gərginlik yaranıb. Paşinyan bu yolla ABŞ və Avropa İttifaqından daha çox hərbi yardım almağa çalışır. Görünür, Ermənistan Ukrayna yolu ilə gedir. Yoxsa Ermənistanı Ukrayna yolu ilə sıxışdırırlar?”
Bütün bunlar bir daha xəbər verir ki, Qərbin və ABŞ-ın canfəşanlığı ilə Ermənistanın “inkişafı” naminə təşkil edilən belə tədbirlər yalnız və yalnız Cənubi Qafqazda sabitliyi pozmağa, iki ölkə arasında sülh müqaviləsinin imzalanmamasına xidmət edir. Çünki onlar nəyin bahasına olursa-olsun təcavüzkar Ermənistanın əli ilə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa, nəticədə burada möhkəmlənməyə çalışırlar. Bu məsələdə isə Afrikadakı iflasını Cənubi Qafqaza soxulmaqla əvəzləməyə cəhd edən, adı İŞİD, ASALA kimi terror təşkilatları ilə yanaşı çəkilən Emmanuel Makron  daha çox əldən-ayaqdan gedir. Bu  kimi təxribatlarla da o,  hər şeydən əvvəl Hayastanda revanşizmin dirçəlməsinə, nəticədə yenidən müharibənin alovlanmasına çalışır. Axı o, bulanıq suda balıq tutmaq üzrə peşəkardır.

Onlara arxalanan rəsmi İrəvan, daha doğrusu, Nikol Paşinyan da sülh yolunda indiyədək müşahidə edilmiş müsbət dinamikanı arxa plana keçirərək havadarlarının çaldıqları ilə oynayır. Bir zamanlar Cıdır düzündə oynadığı kimi. Halbuki, həmin oyunu ona çox baha başa gəlmişdi. Bu mənada Paşinyan unutmasın ki, onun təxribat oyunları Ermənistanı da yerindən oynada bilər.  Qərb də yaddan çıxarmasın ki,  o, Azərbaycanı  geosiyasi oyunlarına cəlb edə bilməyəcək. Çünki  Ermənistandan fərqli olaraq Bakı ancaq milli maraqlarına uyğun, həm də düşünülmüş siyasət yürütməkdə davam edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”