11 aprel 2024 19:27
894

Bütün regionlarımızın inkişafı, əhalinin daha firavan yaşaması üçün imkanlar səfərbər edilir - AÇIQLAMA

Ötən 20 il ərzində müasir inkişaf dövrünü yaşayan  Azərbaycan çox mühüm uğurlar əldə etmişdir. Cənab İlham Əliyev həmişə qeyd edir ki,  bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Ölkə başçısının həyata keçirdiyi  uğurlu dövlət idarəçiliyi, aparılan sistemli islahatlar bu nailiyyətlərin əsasını təşkil edir.

İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. 2004-cü ildən başlanan regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətlənmiş, müxtəlif sisial infrastruktur layihələri  icra olunmuşdur. Nəticədə kəndlə şəhər arasında  fərq aradan qalxmışdır. Beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılması  əhalinin  məşğulluğunun artmasına, yeni iş yerlərinin yaradılmasına, vətəndaşların rifah halının  əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova söylədi.

2004-cü ildən bəri regionlarda 52 mindən artıq yeni müəssisə yaradılıb

Deputat qeyd etdi ki, ölkənin ucqar şəhər və rayonlarında, qəsəbə və kəndlərdə təhsilin infrastrukturunun müasir tələblərə uyğun qurulması, eləcə də əhalinin sağlamlığının qorunması üçün müasir tələblərə cavab verən tibb müəssisələrinin açılması istiqamətində  işlər görülmüşdür. ötən müddər ərzində Respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər aparılmışdır. 2004-cü ildən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılmışdır. 60-dan çox yeni elektrik stansiyası istismara verilmış, regionlarda qazlaşdırmanın səviyyəsi 94%-i ötmüş, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-a çatmışdır. 3.600-dən çox məktəb, 450-dən çox uşaq bağçası, 760-a yaxın tibb müəssisəsi, 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər tikilib və ya təmir olunmuş, 43 Olimpiya İdman Kompleksi tikilmişdir.   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Hacıqabul, Qəbələ və Gəncə rayonlarına səfərləri zamanı bir sıra açılış və təməlqoyma mərasimlərində iştirak etmişdir.  Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının,  160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının, eyni zamanda, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak etmişdir. 

Bölgədə turizmin və kənd təsərrüfatının inkişafı təmin ediləcək

Hicran Hüseynova bildirdi ki, həmçinin, ölkə başçısı Hacıqabul rayonunda “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olmuşdur. Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak etmişdir. Bu avtomobil yolunun tikintisi əhatə etdiyi 15 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə turizmin və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olmuş və  Gəncə şəhər stadionunun təməlini qoymuşdur.  Bütün bunlar bir daha göstərir ki, ölkə başçısı bütün regionlarımızın inkişafına, əhalinin daha firavan  yaşaması, onların rifah halının  yaxşılaşması üçün bütün imkanları səfərbər edir. Bütün bunlar isə ölkəmizin  bütövlükdə inkişafına  müsbət təsir edir.

Orxan Vahidoğlu, "İki sahil"