Biləsuvar rayonunda Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb. Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan İftar mərasimində İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli məclisin deputatı Bəhruz Məhərrəmov, rayonun mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, aztəminatlı insanlar və dindarlar iştirak ediblər.
“İki sahil” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov mərasimdə çıxış edərək Ramazan ayının həmrəylik, dostluq, mərhəmət və ruzi ayı olduğunu qeyd edərək, bu ayda iftar süfrələrinin təşkil edilməsinin ölkəmizdə gözəl ənənəyə çevrildiyini, cəmiyyətimizin vahidliyinin, ümumi məqsədlər naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi olduğunu qeyd etdi.
İcra başçısı ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin təməlinin məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirərək vurğulamışdır ki, bu gün də bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının apardığı siyasət nəticəsində ölkəmizdə tolerantlıq ənənələri daha da möhkəmlənmiş və etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir.
Mərasimdə bildirildi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi və tarixi ədalət bərqərar oldu. Adları Azərbaycan tarixinə qəhrəman olaraq yazılan şəhidlərimiz və qazilərimiz bu gün gənclərimiz üçün ən gözəl örnəkdir. Xalqımıza qələbə sevincini yaşadan şəhidlərimiz daim qürurla yad ediləcəkdir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd edərək, ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və ehtiramdan danışdı.
Mərasimdə din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunub və müqəddəs Ramazan ayının fəzilətlərindən bəhs olunub.