ABŞ millisi ilə Meksika millisi arasında CONCACAF Millətlər Liqasının final oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, görüş ABŞ-ın Texas ştatının Arlinqton şəhərindəki “A&T” stadionunda oynanılıb. Qarşılaşmada ABŞ millisi 2:0 hesabı ilə qalib gəlib.
Hesabı 45-ci dəqiqədə Tayler Adams açıb. 63-cü dəqiqədə Covanni Reyna matça nöqtə qoydu .
Beləliklə, ABŞ CONCACAF Millətlər Liqasının qalibi olub. İkinci yeri Meksika, üçüncü yeri Yamayka komandası tutub.
Xatırladaq ki, CONCACAF Millətlər Liqası Şimali və Mərkəzi Amerika, Karib hövzəsi ölkələrinin milli komandaları arasında KONKAKAF-ın rəhbərliyi altında keçirilən beynəlxalq futbol turniridir. 2016-cı ildə FİFA-ya üzvlüyü dayandırılmış Qvatemala istisna olmaqla, CONCACAF-dakı 40 milli komandanın hamısı turnirdə iştirak edib.