Əsas səbəb erməni lobbiçiliyi qarşısında öhdəliklər götürən, daşnaklara mütəmadi hesabat verən Emmanuel Makron kimi cılız, səbatsız millətçi “siyasətçi”nin yürütdüyü Azərbaycanofob, eqoistik, ikiüzlü və neoimperialist siyasətdir
2023-cü il sentyabrın 19-20-də Qarabağda lokal antiterror tədbirləri keçirərək mülki əhaliyə və infrastruktura zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməklə qanunsuz xunta rejiminə son qoyması və suverenliyini bərpa etməsi rəsmi Parisin anti-Azərbaycan fəaliyyətini daha da gücləndirib. 2024-cü il fevralın 21-də Fransa Prezidenti Emmanuel Makronun Parisdə Ermənistan baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialar səsləndirməsi bunun əyani təsdiqidir.
Fransa Azərbaycana qarşı ikili standartlar əsasında qərəzli siyasətini hələ də davam etdirir. Daim militarist, müstəmləkəçi xarakteri ilə tanınan Fransa hazırda Ermənistanı sürətlə silahlandırır, müharibəyə təhrik edir. Şübhəsiz, bu iki ölkəni bir-birinə belə sıx bağlayan səbəblərdən biri də mina terroru ilə məşğul olmaq təcrübələriridir. Fransa artıq dərk etməlidir ki, çağdaş dövrümüzdə humanistlikdən, bəşəri dəyərlərdən dəm vurub xalqları istismar etmək mümkün deyil.
Sirr deyil ki, hazırda Cənubi Qafqazda vəziyyətin gərginləşməsinin əsas səbəbkarlarından olan Fransa müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürüdərək ölkəmizin haqqında beynəlxalq aləmdə mənfi imic yaratmaq üçün daim işğalçı Ermənistanın yanında olub, ədalətsiz mövqe nümayiş etdirib. Fransa bundan əvvəl də ATƏT-in Minsk qrupunun həmsədri olaraq ötən illər ərzində keşmiş Azərbaycan-Ermənistan münaqişəsinin həll olunmasında heç bir addım atmayıb. Ölkəmizin başçısının bildirdiyi kimi, ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə bu təşkilatın üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı. Fransa keçmiş Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı bu təşkilatdakı fəaliyyəti çərçivəsində hər zaman qeyri-obyektiv mövqe sərgilədi.
Son dövrlərdə Fransa rəsmilərinin davamlı olaraq “zavallı” Ermənistan barədə “dərin narahatlıq keçirdiklərini” bəyan etmələri siyasi riyakarlığın bariz nümunəsidir. Danılmaz faktdır ki, bu gün rəsmi Paris Ermənistanı militarizmə sürükləyir, revanşizmə rəvac verir. Rəsmi İrəvan müxtəlif iddialar, bəhanələrlə sülh sazişindən yayınmasına sövq edən güclərdən biri də məhz Fransadır. Bütün bunların başında isə Prezident Emmanuel Makron dayanır. Heç kimə sirr deyil ki, E.Makron dövlət başçısı seçildikdən sonra Fransa hökuməti islamofob və Azərbaycanofob fəaliyyətini daha da gücləndirib. Məhz E.Makronun yürütdüyü ikiüzlü, riyakar və neokolonialist siyasətin nəticəsində bu gün Fransada Azərbaycan əleyhinə zəhərli lobbiçilik fəaliyyəti pik nöqtəsinə çatıb. Qətiyyətlə demək olar ki, İkinci Qarabağ müharibəsindən sonra Makron hökuməti ölkəmizə qarşı əsl “səlib yürüşü” elan edib.
İş o yerə çatıb ki, martın 14-16-da baş tutan XI Qlobal Bakı Forumu çərçivəsində “Müharibə və sülh haqqında: “Realpolitik”in qayıdışı” mövzusunda paneldə Fransa Senatının üzvü Natali Qule “Fransada-mənim ölkəmdə Azərbaycana qarşı toksik lobbiçilik var. Dünyanın belə vəziyyətə gəlməsinin səbəbi liderliyin olmamasıdır. Dünya dəyişib, terrorizm, ekstremizm artıb. Vətəndaş cəmiyyətinin rolu artmalıdır. Mən sizinlə üzrxahlığımızı da bölüşmək istəyirəm”- deyərək xalqımızdan üzr istəyib.
Bundan əvvəlki yazılarımızda qeyd etmişdik ki, son illərdə ümumavropa siyasətinin cılızlaşması baş verir. Məhz bunun nəticəsində hazırda “Qoca qitə”də nüfuzlu siyasətçi, lider qıtlığı yaşanır. Bütün bunların fonunda Fransa Prezidenti Emmanuel Makron kimiləri özünü Avropanın əsas siyasətçisi kimi aparmağa çalışsalar da heç nəyə nail ola bilmirlər. Fransa başda olmaqla bəzi Qərb ölkələrinin sözdə dünyada sülhə çağırışları isə manipulyasiyadan başqa bir şey deyil. Bu gün Ukraynada, Qəzzada baş verənlər, daha əvvəl “Ərəb baharı” nəticəsində Liviyanın, İraqın, Suriyanın və.s alovlara qərq olmasının əsas səbəbi məhz Qərb ölkələrində iş başına keçən, erməni lobbiçiliyi qarşısında öhdəliklər götürən E.Makron kimi cılız, səbatsız millətçi siyasətçilərin eqoistik, ikiüzlü və neoimperialist siyasətidir.
Zahid Rza, “İki sahil”