19 mart 2024 01:15
397

Sabitlik adası, təhlükəsizlik məkanı

“Global Terrorism Index 2024” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanmasında Azərbaycanın “0” indekslə sonuncu - 89-cu yerdə qərarlaşması bir daha sübut edir ki, ölkəmiz dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biridir

Təhlükəsizlik mühitinin mövcudluğu müasir dünyamızda kifayət qədər məhdud resursdur. Getdikcə dünya ölkələri bu və digər coğrafiyalarda baş verən münaqişələrə cəlb olunur və ya o münaqişələrin təsirlərinə məruz qalır. Bu baxımdan hazırkı reallıqlar fonunda yüksək təhlükəsizlik mühitinin təmin olunması həqiqətən olduqca böyük iradə, təcrübə və strateji baxış tələb edir. Bu gün Azərbaycandakı təhlükəsizlik mühiti ən yüksək tələblərə cavab verir və bütövlükdə regionda vəziyyətə təsir göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi ilə regiondakı proseslər xüsusilə son dövrlərdə həm də regional təhlükəsizlik sisteminin qurulması istiqamətində inkişaf etməkdədir. Çünki Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünü təmin etdikdən sonra bütün regional geosiyasi konfiqurasiyanın xarakteri tam yenilənmişdir.

Bu günlərdə açıqlanan “Global Terrorism Index 2024” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanmasında Azərbaycanın “0” indekslə sonuncu - 89-cu yerdə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə birgə qərarlaşması bir daha sübut edir ki, ölkəmiz dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biridir. GTI reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə qəbul edilmiş mürəkkəb hesablamalara əsaslanır. Ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara Burkina Faso (8.571), İsrail (8.143), Mali (7.998), Pakistan (7.916), Suriya (7.89), Əfqanıstan (7.825) daxil edilib. Qeyd olunan sıralamada İran (4.464) 26-cı, Türkiyə (4.168) 29-cu, ABŞ (4.141) 30-cu, Rusiya (3.016) 35-ci, Fransa (2.647) 38-ci, Norveç (1.747) 53-cü, Ermənistan (0.423) 76-cı, Birləşmiş Ərəb Əmirlikləri (0.233) 79-cu, Litva (0.059) 87-ci yerdə qərarlaşıb. Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və digər beynəlxalq təşkilatlar, akademik institutlar, beyin mərkəzləri, qeyri-hökumət təşkilatlarının istinad mənbəyi kimi çıxış edən “Global Terrorism Index” hesabatları İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanır.

Məlum olduğu kimi, daha əvvəl Avropa Şurasının “Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi”nin (MONEYVAL) Azərbaycan üzrə uzun müddət gözlənilən son 5 il üzrə qiymətləndirmə nəticələrinə görə hesabatı açıqlanmış, terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması kriteriyası üzrə nəticələr yüksək qiymətləndirilmişdi. Hesabatda “Azərbaycan qeyd olunan cinayətlərlə mübarizədə yüksək səviyyədə effektivliyə nail olub və bu cinayətlərin araşdırılmasının uğurla aparılması bacarıqları nümayiş etdirilib” qeyd edilmişdi.

Beynəlxalq hesabatlardan göründüyü kimi, nə qədər həssas və mürəkkəb geosiyasi məkanda olsa da, müstəsna dərəcədə uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş sürətli inkişaf, sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən son illər görülən effektiv işlər nəticəsində Azərbaycan dünyada ən yüksək daxili təhlükəsizlik reytinqinə yüksəlib.

Bu gün dünyanın ayrı-ayrı regionlarında yaşanan gərginliklərlə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqli bir rakursdan diqqəti çəkir. Xalqımız öz gələcəyini əmin-amanlıq şəraitində qurur, sabaha ümidlə baxır. Prezident İlham Əliyevin bildirdiyi kimi, sabitliyin mövcudluğu Azərbaycanın, gənc nəslin xoşbəxt gələcəyidir. “Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək”, - deyə dövlətimizin başçısı bildirir.

Dünya ölkələrinin və Azərbaycanın təcrübəsinə istinad etməklə bir zəruri həqiqət məqamını  xüsusi qeyd etməliyik. Bu, lider amilinin böyük roludur. Elə liderlər var ki, məhz onların günahı, səbatsızlığı, səriştəsizliyi, populizmi nəticəsində rəhbərlik etdikləri ölkələr siyasi bataqlığa düşür və oradan çıxa bilmirlər. Ölkəmizin dünyadakı təlatümlər dənizində sabitlik və inkişaf adasına çevrilməsi kimi müstəsna nailiyyətə məhz Liderimizin - Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olunub. Azərbaycanda heç bir dövlətdə rast gəlinməyəcək reallıq formalaşıb. Bu reallıq ondan ibarətdir ki, ölkədə bütün sosial təbəqələrin nümayəndələri İlham Əliyevi özünə daha yaxın sanır və ona güvənir. Yenə də məhz ölkəmizə xas olan nadir bir cəhətdir ki, Prezidentin ifadə etdiyi fikirlər, verdiyi vədlər cəmiyyətdə etalon kimi qəbul olunur və onların həyata keçiriləcəyinə heç bir şübhə yeri qalmır. Bu isə artıq milli güc anlamına gəlir. Cəmiyyətdə Prezident İlham Əliyevə olan belə sarsılmaz inam Onun imzası ilə sözünün eyni çəkiyə malik olmasının nəticəsidir.

Sevinc Azadi, “İki sahil”