19 mart 2024 00:14
382

Onlar bəzi dövlətlərin xüsusi xidmət orqanlarından və erməni lobbisindən yemlənirlər

Azərbaycan dövləti postsovet məkanında separatçı və terrorçu xuntanın ləğvinə nail olan yeganə güclü dövlətdir. Artıq bu önəmli hadisələrdən sevinən çoxsaylı dostlarımız kimi, məyus olan düşmənlərimiz də var. Xüsusilə Qarabağ iqtisadi rayonundakı qondarma rejimin ləğvinə son qoyan Azərbaycan Cənubi Qafqazdakı  prioritetlərini dünyaya elan edib: Qonşularla sülh şəraitində yaşamaq, əmin-amanlığa və regional inkişafa nail olmaq… Lakin 30 il Qarabağ münaqişəsinin nizamlanmasına sözdə vasitəçilik etmiş, əməldə isə işğalçı Ermənistana davamlı dəstək vermiş bəzi Avropa dövlətləri  dövlətimizin  müəyyən etdiyi bu hədəflərə qarşı çıxmaqla hələ də özlərinin ikili standartlar siyasətlərindən əl çəkə bilmirlər.

Təbii ki, bu anti-Azərbaycan qüvvələr hədəflərində olan ölkəmizi nəzarətdə saxlamaq, bizə təzyiq etmək üçün həm fərqli, həm də çirkin üsullardan istifadə edirlər. Onlar daha çox ələ alınmış, satqın   müxalifətçilərdən yararlanmağa çalışırlar. Həmin satqınları  isə «qrant» adı ilə çoxsaylı donor institutlarının və yardım fondlarının əli ilə  maliyyələşdirirlər. Məsələn, bu gün  USAID, NED, Marşall Fondu, IREX və digər onlarla beynəlxalq institutlar məhz bu cür proqramların icraçıları hesab olunurla. Bizim dağıdıcı müxalifət də onların ən yaxın tərəfdaşıdırlar. Yəni, onlar Azərbaycan əleyhinə  fəaliyyətlərində  dağıdıcı AXCP və Müsavat partiyalarından, həmçinin onların ideoloji dəstək verdikləri xain bloqgerlərdən  yararlanırlar. Fəaliyyətlərini də cəmiyyətlərə «demokratik inkişafa dəstək vermək» kimi  sırıyırlar. Ancaq əsl niyyətləri dağıdıcı müxalifəti  maddi vəsaitlə şirinikləndirməklə legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlığa sövq etməkdir.

Xüsusilə son zamanlar Azərbaycan dövlətinin hələ də Ermənistanın işğalında qalan dörd kəndimizi geri istəməsində qətiyyətli davranması, Ermənistanın ölkəmizin bu və digər şərtlərini qəbul etməyə meyillənməsi, ən başlıcası isə NATO Baş katibi Yens Stoltenberqin Bakıda Prezident İlham Əliyevlə səmimi görüşləri antimilli ünsürləri ciddi şəkildə əndişələndirib.

Xüsusilə radikal müxalifət partiyalarının saxta sənədləri ilə müxtəlif ölkələrdə məskunlaşan antimilli  bloqgerlər  ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparmaqla onun beynəlxalq imicini qaralamağa çalışırlar. O da məlumdur ki, sığındıqları ölkələrdə sosial yardımlarla keçinən, işsiz-gücsüz avaralanan bu şəxslərin öz hesablarına internet TV-lər yaratmaları, bir ayda bir neçə dəfə bu ölkədən o ölkəyə səfərlər etmələri qeyri-mümkündür. Bütün bunlar bir daha təsdiq edir ki, onları öz çirkin məqsədləri üçün maliyyələşdirən dairələr var. O dairələr isə bəllidir: bəzi dövlətlərin  xüsusi xidmət orqanları və erməni lobbisi…

Bu satqın internet TV rəhbərləri ölkəmizdə keçirilmiş 7 fevral prezident seçkiləri ərəfəsində də fəallaşmışdılar. Məqsədləri  bu siyasi kampaniyanı qaralamaq, insanların seçkilərə olan inamını qırmaq idi.  Təbii ki,  bu  böhtan  kampaniyasının önündə yenə də Əli Kərimli, Arif Hacılı, Tural Sadıqlı, Qənimət Zahid,  Sevinc Osmanqızı, Qabil Məmmədov, Qurban Məmmədov  və digərləri  gəlirdilər. Eyni zamanda, yanvarın 24-də AŞPA-nın ölkəmizə qarşı qərəzli qətnaməsindən də ruhlanan bu vətənsizlər erməni lobbisinə ideoloji dəstək verirdilər.

Bu həmin Tural (Trol) Sadıqlıdır ki, hələ İkinci Qarabağ müharibəsindən əvvəl açıq şəkildə qondarma «DQR»i bir dövlət kimi tanıyırdı. İddia edirdi ki, bu qondarma qurumun «prezidenti» «parlamenti», «hökuməti» var və o, artıq dünyada tanınır. Bu həmin Qabil Məmmədovdur ki, deyirdi Prezident İlham Əliyev Qarabağda bir kənd alsa qulaqlarımı kəsəcəm. Bu həmin Sevinc Osmanqızıdır ki, ermənilər Qarabağı  könüllü tərk edəndə göz yaşları tökərək Azərbaycanı «etnik təmizləmə»də günahlandırırdı. Bu həmin Qənimət Zahiddir ki, Azərbaycan Ordusunu Cənubi Qafqazın ən zəif ordusu hesab edirdi.

Burada diqqətçəkən məqam odur ki, Azərbaycan əleyhinə təbliğat aparan mühacir internet TV-lər erməni lobbisinin güclü olduğu ölkələrdən biri olan Fransada daha çoxdur. Bu fakt siyasi mühacir adı ilə maskalanan, özlərini dünyaya  «demokratiya carçısı» kimi sırımağa çalışan satqınları cəmiyyətimizə bir daha göstərmiş oldu.

Azərbaycan cəmiyyətini narahat edən onların böhtan və yalan kampaniyası deyil. Çünki onların xalq dilində desək əti nədir ki, budu da nə ola… Bizi narahat edən «sapı» özümüzdən olan baltaların düşmən əlinə işləməsidir. Acı reallıq belədir: Bir tərəfdə Vətən uğrunda canını fəda etmiş Azərbaycanın qəhrəman oğulları, bir tərəfdə isə ölkəsinin və xalqının qələbələrindən məyus olan, ona qara yaxan şərəfsiz gədalar...

Məhz belə simasızların əli ilə Azərbaycan Ordusunun Qarabağdakı hərbi  zəfərlərinə, ərazi bütövlüyümüzün tamamilə təmin edilməsinə beynəlxalq arenalarda böhtan atılır. Məhz onların xəyanətkar təbliğatı nəticəsində ermənilər əzilən, etnik təmizləməyə məruz qalan yazıq millət kimi tanıdılır. Onlar hələ də avantüra ilə məşğul olaraq yalanları fakt kimi cəmiyyətə sırımaq istəyirlər.  Xüsusilə onların  guya  Azərbaycanda mətbuata qarşı basqı və təzyiqlər var kimi iddiaları qətiyyən qəbul edilən deyil. Çünki  hüquq-mühafizə orqanlarının son açıqlamalarında da  bildirilib ki, bəzi «jurnalistlər»  ya qaçaqmalçılıqla məşğul olduqları,  ya da kimlərisə şantaj və təhdid etdikləri üçün həbs olunublar.

Onların məlum böhtanlarının tam əksinə olaraq peşə fəaliyyəti ilə məşğul olan KİV nümayəndələri üçün Azərbaycanda davamlı demokratik mühit formalaşdırılıb. Bu gün nazirlər, Milli Məclisin deputatları ölkə KİV-ində kifayət qədər tənqid olunurlar. Təbii ki, tənqidlərin səmimisi də var,  haqsızı da... Ancaq bunlara rəğmən bir nəfər jurnalist, hətta sosial şəbəkə istifadəçisi bu tənqidlərə görə nə təqib olunub, nə də ki, həbs edilib…

Bəli, bu gün sosial şəbəkələr dağıdıcı müxalifətin ən iyrənc təbliğat və qazanc mənbəyinə çevrilb. Amma xalqın gözü tərəzidir, kimin xaricdəki  anti-Azərbaycan qüvvələrin pullarından ötrü ağzının sulanmasını da, kimin bu Vətən üçün can verməyə hazır olduğunu da aydın görür. Ona görə də anti-Azərbaycan qüvvələr nə qədər çalışsalar belə ölkəmizdəki xalq- iqtidar birliyinə, Qarabağdakı son zəfərlərimizə kölgə sala bilməyəcəklər.

Elçin Zaman, «İki sahil»