01 mart 2024 15:34
1126

"Azəriqaz" 4 855 mənzilin qaz təchizatını məcburi qaydada dayandırıb - VİDEO

Birlik abonentlərə çağırış etdi: Əməkdaşlarımıza texniki müayinə üçün qarılarınızı açın, əks halda…

SOCAR-ın  «Azəriqaz» İstehsalat Birliyi  «Qaz təsərrüfatı haqqında» Qanuna edilən dəyişikliklərə əsasən, fevral ayında 110 mindən çox ev və obyektlərdə müayinələr aparıb.

Bu fikriləri Birliyin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov martın 1-də jurnalistlər üçün keçirilən «Açıq qapı» aksiyasında bildirib.

İ. Behbudovun  sözlərinə görə, mənzil və obyektlərdə müayinələrə bu ilin yanvarından başlanılıb: «Keçirilən müayinələr nəticəsində 60 min civarında nöqsanlar qeydə alınıb. Bu, kiçik rəqəm deyil. 4 855 mənzildə xüsusi təhlükəli vəziyyəti nəzərə alaraq qaz cihazlarının qaz təchizatı məcburi qaydada dayandırılıb. Bu cihazların bir çoxunun istismar müddəti bitib.»

Şöbə rəisi vurğulayıb ki, abonentlərin vanna otaqlarında quraşdırılmış qaz ilə su qızdırıcılarının, el arasında «pitiminutka» deyilən cihazların böyük əksəriyyəti 15 ildən artıq istifadə olunan cihazlardır: Həmin cihazların da texniki pasportunda istifadə müddəti 10 ildən aşağı göstərilib. Bu isə bir daha onu təsdiq edir ki, artıq belə cihazlar istismar müddətindən çox istifadə edilir. Bu da çox təhlükəli olmaqla  ailələrə bədbəxtlik gətirir. Abonentlər birmənalı olaraq anlamalıdırlar ki, qazdan istifadədə tələb olunan qaydalara və standartlara əməl edilməlidir.»

İ. Behbudov bildirdi ki,  müayinələr zamanı məlum olub ki, bir çox mənzillərdə qaz açılışı və mənzilə qaz verilişinin qeydiyyatı zamanı vanna otağında belə bir cihazın olması nəzərdə tutulmayıb və bu cihazlar hamam otağında sonradan quraşdırılıb: «Həmçinin müayinələr göstərib ki, əksər evlərdə qazın sızmasını bildirən detektor yoxdur. Bir sıra mənzillərdə mətbəx otaqlarında yerdəyişmələrə rast gəlinir. Həyət evlərində isə tüstü bacalarında və qaz qurğularında rezin birləşmələrdə müəyyən problemlər aşkarlanıb».

O vurğuladı ki, «Azəriqaz» mənzillərdə və obyektlərdə texniki müayinələri bu ilin noyabrın 1-nə qədər yekunlaşdırmalıdır. Eyni zamanda, qeyd edib ki, bir çox hallarda abonentlər «Azəriqaz» əməkdaşlarını mənzillərinə texniki müayinəyə buraxmırlar və yaxud evdə olmadıqlarını iddia edirlər:» Lakin əməkdaşlarımız onlara beş gün vaxt təyin edir. Əgər onlar bu beş gündə əməkdaşlarımızı  texniki müayinə üçün yenə də mənzillərinə buraxmasalar təlimatlara və qaydalara uyğun olaraq onların qazla təminatı  dayandarıacaq».

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev tədbirdəki çıxışında  vurğulayıb ki, birmənalı olaraq bildirməliyik ki, texniki müayinə abonentlərin həyati təhlükəsizliyi üçün çox önəmli bir prosesdir. Bu prosesin səmərəli keçməsi üçün abonentlərdən məsuliyyətli olmağı xahiş edirik.

Sonda jurnalistləri maraqlandıran suallara ətraflı cavablar verilib.

Elçin Zaman, "İki sahil"