Qaz cihazları normativ standartlara uyğun quraşdırılmalıdır
Qaz təchizatı harada varsa, artıq orada təhlükənin olması deməkdir. Çünki qazın kimyəvi xassəsi yanır, partlayır və düzgün istismar olunmadıqda dəm qazı əmələ gəlir. Yəni, bu qədər təhlükəni özündə ehtiva edir. Ona görə qaz təsərrüfatı olan yerdə mütləq qaz cihazları normativ standartlara cavab verməlidir.
Qaz cihazları normativ standartlara uyğun olaraq quraşdırılmalıdır. Qaz cihazı harada qurulursa, birinci növbədə həmin yerdə nəzərə alınmalı amil mütləq havalandırmadır. Yəni dəm qazını yaradan əsas amillərdən birincisi həmin yerdə havalandırmanın olmamasıdır. Qazın yanması üçün mütləq otaqda qaz cihazının normativinə uyğun olaraq hava kütləsi olmalıdır. Qaz cihazı qurulan yerdə əgər nəfəslik, ventilyasiya, havalandırma, dəm qazı əleyhinə, qaz sızması əleyhinə detektor yoxdursa, qaz cihaz standartlara cavab vermirsə, otağın həcmi nəzərə alınmadan qaz cihazı quraşdırılıbsa, otağın tüstü-bacası yoxdursa, varsa belə illərlə təmizlənmirsə, bu halda dəm qazının yaranması qaçınılmazdır.
Bu fikirləri “İki sahil”ə açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev söyləyib.
Tikinti normalarında, layiləndirmədə qaz cihazı hansı otaq üçün nəzərdə tutulubsa, həmin otaqda da olmalıdır
Ekspertin sözlərinə görə, qaz cihazına yalnız akkreditasiyadan keçmiş, yəni ixtisaslaşmış müəssisə tərəfindən texniki qulluq göstərilməlidir.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, dəm qazı natamam yanma məhsuludur ki, yanma prosesinin pozulması zamanı əmələ gəlir. Qazın yanması üçün otaqda kifayət qədər hava, nəfəslik, ventilyasiya olmalıdır. Qaz cihazı qeyri-metal borularla çəkilməli deyil. Tikinti normalarında, layiləndirmədə qaz cihazı hansı otaq üçün nəzərdə tutulubsa, həmin otaqda da olmalıdır. Ancaq əfsuslar olsun ki, bəzən qaz cihazının yeri dəyişdirilir, qeyri-metal borularla çəkilir, qaz cihazı olan otaqda nə nəfəslik, nə də ventilyasiya, nə də tüstü-baca olu. Əlbəttə ki, belə olan halda qazın yanması üçün otaqda kifayət qədər hava olmadığından və ayrılan qazın xaric olması üçün tüstü-bacası olmadığından dəm qazı yaranır. Bu da insanların həyat və sağlamlığı üçün olduqca təhlükəlidir, sonu isə bədbəxt hadisə ilə nəticələnir.
Mütəxəssis əlavə edib ki, dəm qazı və qaz sızması əleyhinə detektorların işi olduqda funksionaldır. Dəm qazı əmələ gələn kimi siqnalizasiya işə düşür, istifadəçinin bununla bağlı məlumatı olur, dəm qazının qurbanına çevrilmir. İstifadəçi otağın havasını dəyişməklə daha sonra digər təhlükəsizlik tədbirlərini həyata keçirməklə aidiyyəti qurumlara məlumat verməlidi ki, səbəblərin araşdırılmasına nail olsun. Detektor yoxdursa, dəm qazının əmələ gəlməsini aşkar etmək mümkün olmayacaq.
Hamam otaqlarında “pitiminutka” deyilən qızdırıcı vasitələrdən istifadə etmək təhlükəsizlik baxımından doğru deyil
Elmar Nurəliyev xüsusi olaraq vurğulayıb ki, dəm qazı ən çox hamam otaqlarında əmələ gəlir. Hamam otaqlarında “pitiminutka” deyilən qızdırıcı vasitələrdən istifadə etmək təhlükəsizlik baxımından doğru deyil.
Əgər istifadə olunursa belə mütləq bunun nəfəsliyi, ventilyasiyası, dəm qazı əleyhinə detektor və içəridə havanın sirkulyasiya etməsi üçün qapıda xırda dəliklər olmalıdır ki, nəfəslik və ventelyasiya açıq olsun ki, içəridə daim hava dövr etsin. Normativlərdə göstərilir ki, hamam otağı 6-7 kvadratmetr, hündürlüyü 2 metr, nəfəslik, ventelyasiya olması göstərilir. Yaxşı olar ki, təhlükəsizlik üçün bu qaydaların hər birinə əməl olunsun.
Kağız parçasını yandırıb tüstü bacasına tutularsa, görəcəklər ki...
Həmsöhbətimiz bildirib ki, tüstü bacalarınıb sovrulma qabiliyyətinin olub-olmamasını insanlar özləri də yoxlaya bilərlər. Kağız parçasını yandırıb tüstü bacasına tutularsa, görəcəklər ki, o tüstü bacanın sovurma qabiliyyəti var, ya yox. Bəzən tüstü bacaları illərlə təmizlənmir, içində məişət qalıqları, heyvan cəsədi küləyin təsirindən tullantılar içində yığılıb qala bilər. Bacanın sovurma qabiliyyəti yoxdursa, o bacanın olmasının bir mənası yoxdur. Hesab edirəm ki, insanlar bu məsələdə həssas yanaşmalı, təhlükəsizlik məsələlərinə diqqət etməlidirlər ki, dəm qazının qurbanına çevrilməsinlər.
Yaqut Ağaşahqızı, “İki sahil”